Livan Prezidenti Mişel Aun Beyrut limanınıdakı partlayışın səbəbləri arasında xarici müdaxiləni istisna etməyib.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Livan Prezidenti bu barədə yerli mətbuata bildirib.
"Partlayışın səbəbi hələ müəyyənləşməyib. Raket, bomba və ya başqa bir hərəkət vasitəsilə xarici müdaxilə ehtimalı da var", - deyə, Mişel Aun deyib.
Livan Prezidenti bildirib ki, avqustun 4-də baş verən partlayışla bağlı tədqiqat üç səviyyədə aparılır:
"Birincisi, partlayıcı maddənin ora necə daxil olması və saxlanması, ikincisi, partlayışın səhlənkarlıq və ya qəza nəticəsində baş verib-verməməsi və nəhayət, üçüncüsü, xarici müdaxilənin olması ehtimalı", - deyə, Prezident bildirib.
Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib. Son məlumatlara görə, partlayış nəticəsində 157 nəfər ölüb, 5 000-dən çox insan yaralanıb, onlarla insan itkin düşmüş sayılır.
