Heç nə əvvəlki kimi deyil və olmayacaq da
Pandemiya ilə əlaqədar müzakirə və təkliflərdə nə qədər spekulyasiyalar olduğu zənnimcə, hamıya bəllidir. Bu altı ayda insanların fikirləşməyə, öz-özü ilə baş-başa qalmağa çox zamanı oldu. O baxımdan kimlər xalqın qayğısına qalırmış kimi ağlamsınır, kimlər özünə ucuz xal qazanmaq peşindədir, hamı üçün aydındır.
Milli Şuradakıların karantin rejiminin uzadılmasına, xalqın əksər hissəsinin vəziyyətinin pisləşməsinə görə sevinmələrini qoyaq bir kənara. Pandemiya hərədən nəsə qopardır, onlardan da olan-qalan sağlam düşüncəni aldı. Bunlar ürəksiz yox, sən demə, həm də ciyərsiz imişlər...
Karantin rejiminin yumşaldılması ilə bağlı son günlər müzakirələrin daha da artması koronavirus xəstələrinin sayı ilə birbaşa əlaqədardır. Hökumətin guya karantin rejiminin saxlanılmasında maraqlı olması barədə aylardır gedən söz-söhbətə heç vaxt inanmadım, yenə də o fikrimdə qalıram. Bunu deyənlərin arqumentlərini -kimlərinsə burdan pul qazanması və s. kimi- dırnaq arasına almıram, amma inandırıcı da hesab etmirəm.
Hökumət niyə öz oturduğu budağı kəsməlidir ki? Niyə Bakı da daxil bir neçə şəhər və rayonda sərt karantin tətbiq edib, iqtisadiyyatı tormozlamalı, üstəlik 190 manat kompensasiya da verməlidir? Bəlkə, hökumətimizin pulu çoxdur, o səbəbdən, ya kefi kökdür ona görə pul paylayır? 190 manatın çox, ya az olması ayrı söhbətin mövzusudur, hökumət altı ayda koronavirusa görə nə qədər pul xərcləyib, o rəqəmi tapın. Sonra hökumətin niyə belə bədxərcliyə getdiyi barədə mükalimə aparaq. Neftin qiymətinin düşdüyü, ixracatın azaldığı, turizm gəlirlərinin sıfırın altına düşdüyü bir vaxtda hökumətdən karantinə görə şübhələnmək normal məntiqə sığmır.

Ona görə yaddan çıxarmayaq ki, birincisi, koronavirus tezliklə heç hara getməyəcək. İkincisi, xəstəlik özü ilə bərabər ciddi sosial problemlər gətirməkdə davam edəcək, bunu hökumət də hiss edəcək, vətəndaşlarımız da. Üçüncüsü, bu vəziyyətdə yaşamaq və davam etmək üçün səbirli olmaqdan başqa çarə qalmır. Buna üsyan etmək, barışmamaq, “həyatı mən özüm müəyyən etdiyim, özüm istədiyim kimi yaşamaqda davam edəcəyəm” deyənlər varsa, bu da əbəs müqavimətdir. Heç nə əvvəlki kimi deyil və olmayacaq da.
Əvvəlki həyatımız-toyda və yasda az qala yüz adamla öpüşüb-görüşmək, əl tutmaq, aldığın su şüşəsini yumadan başına çəkmək, marketdə yanındakı adamın öskürəyindən bir insan kimi narahat olub “keçmiş olsun” demək istəsək də, bu, olmayacaq. Pisdir, əlbəttə belə çox pisdir...
İnsanlar tanıyıram ki, hər axşam yaxın bildiyi simsarlarla dərdləşəmək, oturub bir stəkan çay içmək, bir loxma çörək yemək olub həyat tərzi.

Yəni ətrafı onun üçün sadəcə adam deyil, həm də onun düşüncəsinin yarısı, az qala həyatının yarısına çevrilib. İndi o adamlarla koronavirusun gətirdiyi ən müxtəlif problemlər ucbatından aylarla görüşmək mümkün olmursa, bu, bir insan(lar) faciəsidir. Anlada bilirəmmi? Yəni bu pulsuzluq, bu 190 manat kompensasiya, dükanların açıq, yoxsa bağlı olması məsələsi deyil. Bu, artıq pandemiyanın yaratdığı elə bir uçurum, elə bir ayrılıqdır ki, onu nə o tərəfin, nə bu tərəfin istəyi ilə gerçəkləşdirmək mümkün deyil.
Mən özümü qaraqabaq adamların sırasına daxil edirəm, amma səmimi deyirəm ki, məhz yuxarıda xatırlatdığım elə adamlara necə çətin olduğunu yaxşı anlayıram, karantin rejiminin yumşalmasına onların ürəklərinə bir az güc gəlməyi kimi baxıram.
6 ay az müddət deyil ki, yeni həyat şərtləri ilə baş-başayıq. Amma baxırsan ki, hələ də nə baş verdiyini anlamayanlar var. Livandakı partlayışın arxasındakı güclərdən həvəslə danışırlar, Ərəb Əmirliyindəki yanğınla İranda partlayan bombaların fitillərini bir-birinə elə “məharətlə” bağlayırlar ki, məəttəl qalırsan. Amma koronavirusa gələndə, yenə ağız əyilir, baş gedir, göz çönür, məntiq itir. 5 ay “niyə bizim tanıdıqlarımızdan xəstələnən yoxdur” deyənlər daha o “arqumenti” demirlər, indi də məlum yumşalma qərarından sonra “dənizdə qum yeməyəcəyik ki...” sualı dəbə düşüb. Sonra da danışmağa nəsə tapacaqlar...
Yumşalmalar nə yazıq ki, müvəqqətidir, yeni karantinə gedən yoldur, bir az uzun, bir az qısa yenə karantin qapımızı kəsəcək. Ona görə çox “yumşalaq” deməyək. Yumşalmaq həmişə nəinki xeyir gətirir, heç yaxşı qəbul da edilmir...
