Milli Məclisin növbədənkənar sessiyasının üçüncü plenar iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarova bildirdi ki, gündəlikdə 6 məsələ var.
İlk olaraq “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıldı.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxışında bildirdi ki, komitə iclasında 8, plenar iclasda 24 deputat çıxış edib. T.Mirkişili dedi ki, deputatlar əsasən qanun layihəsinin olduğu kimi saxlanılmasını dəstəkləyiblər. Bununla belə, o, əlavə etdi ki, həmkarlarımızın qaldırdığı məsələlər də diqqətdə saxlanılacaq.
T.Mirkişili dedi ki, pandemiyanın yaratdığı çətinlikləri, tarixdə olmadığı şəkildə quraqlığı müşahidə edirik: "Həmçinin neftin qiymətinin aşağı düşməsi, Ermənistanın hücumu, Azərbaycan hərbçilərinin şəhid olması, kəmərlərin keçdiyi Tovuz istiqamətində baş verən hadisələr ciddi addımlar atmağı, müdafiə qabiliyyətinin daha da gücləndirilməsini zəruri edir. Qarşıda bizi 2021-ci ilin dövlət büdcəsi gözləyir. Ümid edirəm ki, qaldırılan məsələlər dövlət büdcəsinin müzakirəsi zamanı nəzərə alınacaq”.
Deputat Soltan Məmmədov çıxış etdikdən sonra qanun layihəsi səsə qoyuldu və 2 nəfər əleyhinə olmaqla qəbul edildi.
