Azərbaycanda insan alveri ilə məşğul olan 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib
Tramp administrasiyası Ədliyyə Departamenti vasitəsi ilə insan alveri qurbanlarını təhlükəsiz sığınacaqla təmin edən təşkilatlara 35 milyon dollardan çox qrant ayırıb.
Qrantlar Ağ Evdə baş prokuror Villiam Barr, prezidentin müşaviri İvanka Tramp, digər administrasiya rəsmiləri, insan alveri qurbanları olmuş insanlar və onlara yardım göstərən təşkilatların qatıldığı tədbirdə elan edilib. 35 milyon dollarılıq “İnsan alveri qurbanlarına mənzil yardımı qrantları” Ədliyyə Departamentinin Ədliyyə İdarəsi Proqramları nəzdində Cinayət Qurbanları İdarəsi tərəfindən insan alveri qurbanlarına mənzil və xidmətlər göstərmək üçün təqdim edilir. Ağ Ev bildirir ki, qrantlar altı aydan 24 aya qədər keçid dövrü və ya qısamüddətli mənzil yardımı göstərmək üçün 33 ştatda 73 təşkilat arasında paylanacaq. Bu maliyyədən kirayə pulu, kommunal xidmətlər və ya əlaqədar xərcləri ödəmək üçün də istifadə olunacaq. Maliyyə vəsaitindən qurbanlara daimi yaşayış yeri və iş tapmaq, peşə təhsili, eləcə də məsləhət almasına yardım üçün də istifadə edilə biləcək.
Prezident Donald Trampın qızı İvanka Tramp bildirib ki, koronavirus pandemiyası insan alveri qurbanları üçün təhlükəsiz mənzillərin tapılması işini daha da zəruri edib. O əlavə edib ki, evdə qalmaq göstərişinin verildiyi şəraitdə qurbanların bir çoxu insan alveri ilə məşğul olanlarla bir evdə qalmağa məcbur olub. “Administrasiya bu narahatlıqları eşitdi və sağ qalanların yaşayış üçün sabit bir yerə sahib olmasını təmin etmək üçün aparıcı qeyri-hökumət təşkilatlarını lazımi maliyyə ilə təmin etməyə başladı”, deyə İvanka Tramp bildirib. Qrantların verildiyi təşkilatlar arasında Mayamidəki “Camillus House”, Detroytdakı “Qızlar üçün Alternativlər” və Ohayoda “Şaker Haytsda” İcma Resurs Mərkəzi var. Prezident Tramp vəzifəyə başlayandan bəri insan alveri məsələsinə diqqəti artırmağa çalışıb. Bu ilin yanvar ayında isə o, məsələ ilə bağlı xüsusi müşavir təyin edib. Onun qızı İvankaTramp da insan alveri problemini əsas diqqət mərkəzində saxlayır. Qurbanlara yardım edən qeyri-hökmət təşkilatlarını ziyarət etmək üçün yanvar ayında Atlanta şəhərinə səfəri zamanı İvanka Tramp insan alverini “müasir köləlik” ilə müqayisə edərək, Ağ Evin buna son qoymağa qərar verdiyini söyləyib.

Tramp adminstrasiyasının insan alveri ilə mübarizə çərçivivəsində qeyri-hökümət təşkilatlarına 35 milyon dollar ayırması ümumilikdə dünya üzrə problemin çözülməsinə müsbət təsir gözləntiləri yaradıb. Transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərindən olan insan alveri - dünyada, ayrılıqda isə hər bir ölkədə sabitliyin əsaslarına, qanunun aliliyinə təhdid yaradan və insan hüquqlarını pozan əməllərdəndir. Birləşmiş Millətlər Təşkilatının 2019-cu ildə yayımladığı növbəti qlobal hesabatda dünyanın əksər ölkələrində insan alveri cinayətlərinin sayının artması, bu əməllərin cəzasızlıq mühitinin hökm sürdüyü silahlı münaqişə zonalarında daha geniş yayılması, onun qurbanları arasında qadınların və azyaşlı qızların xüsusi çəkisinin yüksək - təxminən 70 faiz həddində olması qeyd edilir. Aşkarlanmış cinayətlərin isə - 59 faizinin cinsi istismar, 34 faizinin məcburi əmək faktları təşkil etməsi, ayrı-ayrı dövlətlərdə insan alverinin qanunsuz transplantasiya, cinayətkar fəaliyyətə cəlb etmə və övladlığa götürmə yolu ilə törədilməsi kimi növləri xüsusi vurğulanır. BMT-nin hesabatında yer alan rəqəmlər bu sahədə dünya üzrə dəhşətli bir durumun varlığını ortaya qoyur. Təkcə ötən il 17 min 880 insan alveri cinayəti qeydə alınıb. 100 mindən çox qurban müəyyən edilib. Təqsirli şəxslər barəsində məhkəmələr tərəfindən 7 min 45 ittiham hökmü çıxarılıb.

Azərbyacanda bu sahədə durum necədir?
İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatına görə, ötən il uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilmiş tədbirlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq müəyyən olunub.
Həmin uşaqlarla bağlı qəyyumluq və himayə orqanlarına 760 material göndərilib, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 207 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.
Keçirilmiş monitorinqlər nəticəsində baxımsız qalmış 75 yetkinlik yaşına çatmayana və onların valideynlərinə ixtisaslı hüquqi və psixoloji yardımlar göstərilmiş, həmçinin övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 143 uşağın hər biri sosial yardımlarla əhatə olunub. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 144 insan alveri, 4 məsburi əmək, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 35 cinayət qeydə alınıb, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib. Beynəlxalq Əmək Təşkilatının hesablamalarına əsasən, bu gün dünyada müasir köləliyin qurbanı olan 40,3 milyon insan vardır. Onlardan 16 milyonu ev qulluğu, tikinti sektoru, kənd təsərrüfatı sahələrində məcburi əməyə, 4,8 milyonu cinsi istismara məruz qalanlardır. Hər dördüncü qurban isə azyaşlı oğlan və qızlardır. Bundan başqa qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 53 layihə maliyyələşdirilərək bu məqsədlər üçün 412 min manat vəsait xərclənib. İnsan alverinə qarşı mübarizədə xüsusilə fərqlənən 65 qeyri-hökumət təşkilatına isə Daxili İşlər Nazirliyi tərəfindən də 60 min manata yaxın maliyyə yardımları edilib. Ötən 5 ildə qeydə alınmış 755 insan alveri və məcburi əmək cinayəti üzrə 169 şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə beynəlxalq cinayətkar şəbəkənin ölkəmizdə fəaliyyət göstərməsinin qarşısı alınmış, 2 mütəşəkkil dəstə, 58 cinayətkar qrup zərəsizləşdirilib. Müəyyən edilmiş 356 qurbandan 312-si təhlükəsiz sığınacaqlara yerləşdirilib və hər birinə birdəfəlik müavinət, 280 qurbana isə Kömək Fondundan yardımlar verilib. Daha 124 nəfər işlə təmin edilib, 188 nəfər peşə kurslarına cəlb olunub. Səhiyyə Nazirliyi 706 insan alveri qurbanına və potensial qurbana tibbi yardım göstərib.
Xatırladaq ki, insan alveri - yəni zor tətbiq etmək hədəsi və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələrilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir.
