|
Maliyyə naziri: “İqtisadiyyat tədricən tənəzzül məcrasına daxil olub”

Milli Məclisin plenar iclasında büdcəyə əlavə və dəyişikliklər barədə çıxış edən maliyyə naziri Samir Şərifov bildirdi ki, pandemiyanın ortaya çıxartdığı problemlər bütün dünyada böhranlı vəziyyətə gətirib çıxarıb. “Azərbaycan iqtisadiyyatının ötən 6 ay ərzindəki iqtisadi göstəriciləri analiz etdikdə görürük ki, dövlət büdcəsinin icrasında olduqca müsbət dinamika müşahidə olunub”-deyə, S.Şərifov əlavə etdi. Lakin nazir qeyd etdi ki, yaranmış vəziyyət dövlət büdcəsinə bəzi düzəlişlər etmək zərurətini ortaya çıxarır. “6 ay ərzində dövlət büdcəsinin mədaxili 338,2 milhyon manat çox olub. Dövlət büdcəsinin xərcləri isə 107 milyon manat - təqribən 1 faizə yaxın - artıq icra olunub və xərclərin icrasında da hər hansı geriləmə olmayıb” - S.Şərifov bildirdi.

“Cari ilin ilk altı ayında həm gəlir, həm də xərclər hissəsində artıqlaması ilə yerinə yetirilibsə, biz nəyə görə büdcədə dəyişikliklərə getməliyik?”-sualına cavab olaraq Maliyyə naziri bildirdi ki, Ümumi Daxili Məhsulun (ÜDM) həcmində artıq geriləmə prosesi başlayıb və iqtisadiyyat tədricən tənəzzül məcrasına daxil olub: “Gözlənilən bundan ibarətdir ki, bu proses bir qədər də artacaq. İqtisadiyyat Nazirliyinin hesablamalarına görə, 5 faizdən artlq olmayacaq. 6 ay ərzində isə ÜDM-də azalma 2,2 faiz təşkil edib. Bizim gəlirlərimizin azalmasına neftin qiymətinin yeni proqnozu da təsir göstərir. Dövlət büdcəsində 55 dollar nəzərdə tutulmuşdu. Lakin hal-hazırda növbəti 6 ay üçün orta qiymət 35 dollarlıq səviyyəsində götürülür. Belə bir şəraitdə Dövlət Neft Fondunun gəlirlərinin azalması qaçılmazdır”.

Nazir dedi ki, Azərbaycan bir sıra öhdəliklər götürüb və bu öhdəliklərdən biri də neft hasilatının azaldılması ilə bağlıdır. Bir tərəfdən həcm azalır, digər tərəfdən satışdan gəlirlər də azalır. Bu da dövlət büdcəsinin gələcəkdə formalaşması üçün problemlər yaratmaqdadır.