Milli Məclisin iclasında çıxış edən maliyyə naziri Samir Şərifov bildirdi ki, real durumla əlaqədar olaraq büdcə qaydasının dayandırılmasına ehtiyac yaranıb.
Nazir neftin qkiymətinin dünya bazarında aşağı düşməsilə əlaqədar olaraq Azərbaycanın dövlət büdcəsində növbəti 6 ay üçün neftin bir barelinin qiymətinin 35 ABŞ dollarından götürüldüyünü bildirdi: “Neftlə bağlı vəziyyət aprel-may aylarında daha da gərgin idi, qiymət 13 ABŞ dollarına enmişdi. Prezident İlham Əliyev iqtisadiyyata mənfi təsirlərin azaldılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı müəyyən addımlar atıb. Vaxtında qəbul edilmiş qərarlar iqtisadiyyatda baş verəcək mənfi halların qarşısını alıb. Yaranmış sosial-iqtisadi vəziyyətin problemlərindən biri onun qeyri-müəyyənliyidir. Bu gün dünyada heç kim deyə bilməz ki, xəstəlik nə qədər davam edəcək. Məhz bunları nəzərə alaraq çevik maliyyə buferləri yaradılmalıdır ki, hər hansı yarana biləcək təhdidlərin qarşısı alınsın”.
S.Şərifov çıxışının sonunda vəziyyətin tezliklə normallaşacağına olan ümidini də ifadə etdi: “Mən əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız bu çətin mərhələni geridə qoyacaq və həyat öz normal axarına düşəcək”.
