|
Natiq Ələsgərov: “Antikorrupsiya tədbirlərinin davamlı olması ölkəmizin hərtərəfli inkişafı üçün zəruridir”

Hüquqşünas: “Məhkəmələr birmənalı şəkildə korrupsiya əməli təsdiq olunan məmurun əmlakının müsadirəsi haqda qərar verməlidir”

Zərdab Rayon İcra Hakimiyyətində antikorrupsiya əməliyyatı baş tutub. Belə ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının gerçəkləşdirdiyi əməliyyat nəticəsində Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin sədri vəzifəsində işləyən Xəlilov Sahib Osman oğlu və Zərdab rayon İcra Hakimiyyəti başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Xəlilov Rahib Yediyar oğlunun bələdiyyəyə məxsus 74 hektar torpaq sahəsini tərtib etdikləri 2007-ci il tarixli saxta icarə müqaviləsi əsasında 25 il müddətinə (2007-ci il tarixdən 2032-ci il tarixədək) icarəyə verilməsi müqabilində vətəndaşdan 10 min manat pul vəsaitini rüşvət qismində istəmələri barədə müraciət əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparlıb.

Daxil olan məlumat əsasında Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri ilə Sahib Xəlilov və Rahib Xəlilovun qeyd edilən 10 min manat məbləğinin 500 manatını 18.07.2020-ci il tarixdə tanışlarının adına olan “Kapital bank” ASC-yə məxsus plastik karta yüklənməsinə nail olmaqla, habelə, qalan məbləğin 1.500 manatını isə 22.07.2020-ci il tarixdə Zərdab rayonu, Aşağı Seyidlər kəndində almaları təsbit edilmiş, həmin şəxslər 28 iyul 2020-ci il tarixdə vətəndaşdan tələb etdikləri məbləğin 5 min manatını Zərdab rayonu ərazisində yerləşən kafelərdən birində alarkən cinayət başında yaxalanıblar. Onlar şübhəli şəxs qismində tutulub.

2 gün əvvəl oxşar əməliyyat Masallıda baş tutub. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Masallı rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Subhan Zalıyevin və Masallı rayon, Qarğalıq kənd bələdiyyəsinin sədr müavini Əziz Ağayevi saxlayıblar. Baş İdarə tərəfindən müvafiq məhkəmə qərarı ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib, tikintiyə icazə verilməsi müqabilində vətəndaşdan pul tələb etmiş Subhan Zalıyevin tapşırığı əsasında Əziz Ağayev tələb edilən pulun bir hissəsini 01.07.2020-ci il tarixdə, qalan hissəsini isə 23.07.2020-ci il tarixdə nümayəndəliyin inzibati binasındakı xidməti otağında vətəndaşdan alarkən cinayət başında yaxalanıb.

Bundan əlavə,  23.07.2020-ci il tarixdə Subhan Zalıyev digər vətəndaşdan Masallı rayonu, Qarğalıq kəndində müvəqqəti qeydiyyata alınması müqabilində tələb etdiyi rüşvəti nümayəndəliyin baş mühasibi Bəhruz Musayevin vasitəsilə Masallı şəhəri ərazisində alarkən Subhan Zalıyev və Bəhruz Musayev cinayət başında yaxalanıb. Subhan Zalıyev Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) və 29, 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) maddələri, Əziz Ağayev isə həmin Məcəllənin 32.4, 312.2 və 29,178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Ötən ilin dekabrında Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun həbsi ilə başlanan proses dayanmayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin(DTX) bir-birinin ardınca gerçəkləşdirdiyi həbslər paralel olaraq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən də mütəmadi olaraq həyata keçirilir.

Azərbaycanda məmur həbsləri davam edəcək

Bir müddət əvvəl ölkədə 5 icra başçısının həbsi, daha sonar nazirliklərdə davam edən DTX əməliyyatları, ifşa edilən korrupsiya əməlləri məmurların yuxusunu ərşə şəkib.

Dövlət rəsmiləri, millət vəkilləri də tez-tez bu həbslərin davam etdiriləcəyi, DTX-nın “qara maskalı” əməkdaşlarının başqa qapıları da döyəcəyi mesajını dilə gətirirlər.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda başladılan antikorrupsiya tədbirlərinin davamlı olması ümumilikdə ölkəmizin hərtərəfli inkişafı üçün zəruridir: “Bu gün ən müxtəlif qurumlarda, nazirliklərdə əyri yollara əl atan vəzifə sahibləri, məmurlar var. Belə vəzifə sahiblərinin həbsi, qandallanması olduqca vacibdir. Dövlət Təhlükəsizliyi Xidmətinin ötən ilin dekabrından başlayaraq həyata keçirdiyi əməliyyatlar ümumilikdə ölkədə ab-havanı dəyişdi, feudal təfəkkürlü icra başçılarının sərhədsiz qanunsuzluqları nisbətən də olsa aradan qalxdı. Belə tədbirlərin davamlı olması ümumilkdə duruma müsbət təsir edəcək. Zaman-zaman qanunsuzluq edən, dövlətin xalqa, millətə yönəlik addımlarına kölgə salan icra başçıları, nazirlər öz cəzalarını alırlar. Zərdabda bir icra nümayəndəsinin, bir bələdiyyə sədrinin tutulması, bundan əvvəl Masallıda da oxşar əməliyyatın baş tutması  göründüyü kimi dövlətin bu istiqamətdə niyyətini ortaya qoyur. Nəzarətdə saxlayırlar, araşdırırlar, yeri gələndə həbsə alır, cəzaya çatdırırlar. Kimliyindən asılı olmayaraq  iş yerində korrupsiyaya, rüşvətə yol verirsə,  əvvəl-axır onlar cəzasını alacaq”.

Həbs olunan icra başçıları harada “dincəlir”? - AÇIQLAMA

Hüquqşünas deyir ki, qanunun sərt üzü tam şəkildə korrupsiyaya bulaşmış məmurlara tətbiq olunmalıdır: “İcra başçıları, nazir müavinləri, bələdiyyə sədrləri və digər məmurlar həbs olunur. Qanuna görə, həbsə alınan şəxslərin mal-mülklərinin üzərinə həbs qoyulur, həmin əmlaklar həbsə alan orqanın sərəncamında olur. Məhkəmənin hökmündən asılı olaraq həmin əmlaklar dövlət nəfinə keçə də bilər. Hər şey son nəticədə məhkəmənin çıxardığı hökmdən asılıdır. Məhkəmələr belə hallarda birmənalı şəkildə korrupsiya əməli təsdiq olunan məmurun əmlakının müsadirəsi haqda qərar verməlidir. Əks halda korrupsiyanın kökünü kəsmək çətin olacaq. Nazir, icra başçısı düşünür ki, bacardığım qədər oğurlayım, büdcədən ayrılan vəsaiti talayım. Həbs olunundan sonra 3-5 il ”yatıb" çıxaram, ömrümün axırına qədər oğurladığımı xərcləyib şad-xürrəm yaşayaram. Bu düşüncə məmurları daha çox oğurlamağa, daha çox talamağa sövq edir. Odur ki, məhkəmələr müsadirə məsələsində ortaya konkret praktika qoymalıdırlar. Əks halda korrupsiya ilə mübarizə istənilən effekti verməyəcək. DTX-nın əməliyyat çəkilişlərində bizlər icra başçısı Vilyam Hacıyevin həyətində “Bentley” markalı maşın gördük. Bu maşının real bazar qiyməti 300 min manatdır. Başqa avtonəqliyyat vasitələrini də onun villiasının həyətində gördük. Bax həmin maşınların bazar qiymətləri 400 min manata yaxındır. Bu maşınların icra başçısının əmək haqqı ilə alması sadəcə mümkün deyil. Başqa hansı yol var? Əlbəttə ki, korrupsiya! Ona görə də korrupsiya əməli məhkəmə hökmü ilə təsdiqlənən məmurun əmlakı qeyd-şərtsiz müsadirə olunmalı, onun taladığı sahəyə, rayona qaytarılmalı, xalqın, millətin bu çətin günündə rifahına xərclənməlidir".

Hüquqşünas deyir ki, Azərbaycanda müsadirə praktikası var: “15 ildir ki, bu praktika tətbiq olunur. Nazirlərin, məmurların əmlakları müsadirə olunur. Lakin çox vaxt hakimlər müsadirə məsələsində tərəddüd edirlər. Cəmiyyət müsadirə məsələləri haqda məlumatlanmır.  Amma yaxşı olardı ki, müsadirə olunmuş əmlaklarla bağlı ayrıca ictimaiyyətə məlumat verilsin. Hər kəs bilsin ki, dövlətdən oğurlanan əmlak gec-tez geri alınır. Başçılar, məmurlar tərəfindən sahibkardan, iş adamlarından alınan əmlaklar, pullar da həmin o müsadirə olunan əmlakların, pulların hesabına sahiblərinə qaytarılmalıdır. Bu gün həbsdə olan icra başçılarının rüşvət aldığı, əmlakını mənimsədiyi vətəndaşlar çəkinmədən istintaq orqanına müraciət etməlidirlər”.

Natiq Ələsgərov DTX və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyatlarının davamlı olmasının vacib olduğunu vurğulayıb.