|
Dördüncü sənaye inqilabının Azərbaycana yaratdığı imkanlar

Mütəxəssislər deyirlər ki, texnoloji sıçrayışla və innovativ həllərlə Regionun Rəqəmsal Mərkəzinə çevrilməsi potensialı böyükdür

Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin Azərbaycanda filialının təşkilinə başlanılıb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu barədə Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Müdirlər Şurasının videokonfrans formatında 5-ci İllik Toplantısında çıxış edən AİİB-də Azərbaycandan müdir, iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Nazir qeyd edib ki, bu Mərkəz qlobal çoxtərəfli əməkdaşlıq üçün önəmli platforma rolunu oynayacaq.

Dördüncü sənaye inqilabı nədir və nə zaman başlanıb? Qeyd edək ki, birinci sənaye inqilabı suyu və buxarı istifadə edərək, istehsalı müəyyən qədər mexanikiləşdirmişdi. Elektrik enerjisinin əldə olunması, onun kütləvi istehsalına başlanması ikinci sənaye inqilabı hesab olunur. Ötən əsrin ortalarından isə üçüncü sənaye inqilabı - rəqəmsal inqilab baş verib, insanlar elektronika və texnologiya sayəsində istehsalı avtomatlaşdırıblar. Qlobal iqtisadiyyatın qədəm qoyduğu hesab olunan dördüncü sənaye inqilabında dəyişikliklərin xüsusiyyəti fundamental xarakter alıb. Bəşəriyyət indiyədək bu qədər böyük imkanlarla, eyni zamanda, potensial təhlükələrlə zəngin dövr yaşamayıb. Dördüncü sənaye inqilabını fərqləndirən əsas cəhət onun sürəti, əhatə dairəsi və sistematik effektidir və son sənaye inqilabını incəsənətdə İntibah dövrü ilə müqayisə etmək olar.

Klaus Schwab to speak at Cyber Polygon 2020

Dördüncü sənaye inqilabı ifadəsini ilk dəfə Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab işlədib. Şvab öz kitabında yeni sənaye inqilabının potensialının böyük olduğunu və bu inqilabı bəşəriyyət üçün həm böyük şans, həm də görülməmiş təhlükə kimi qeyd edib. İlk dəfə 2011-ci ildə Almaniyada təşkil olunan Hannover sərgisində istifadə olunan “Sənaye 4.0" (İndustry 4.0) Almaniya dövləti, digər sənaye dövlətləri və transmilli şirkətlər tərəfindən dəstəklənərək, bu günün sənayesində öz yerini alıb. Maraqlı faktlardan biri də budur ki, Almaniyadan nümunə götürən ABŞ 2014-cü ildə GE, AT&T, IBM və Intel kimi sənaye liderlərinin rəhbərlik etdiyi ”Sənaye İnternet" adlanan qeyri-kommersiya konsorsiumunu yaratmışdı. Buna qədər ABŞ innovasiyalarda həmişə nümunə göstərilən ölkə olmuşdu. Həmçinin 4-cü sənaye inqilabı Dünya İqtisadi Forumunun son toplantılarında da müzakirə mövzusuna çevrilib. Hazırda “Sənaye 4.0" gen mühəndisliyi, əlavə reallıq sistemləri,  ekoloji texnologiyalar, özü idarə olunan avtomobillər, təmiz enerji mənbələri,  dronlar, nanotexnologiya, bulud sistemləri, əşyaların interneti və süni intellektin geniş tətbiqi ilə davam edir. Xüsusilə qeyd etmək lazımdır ki, 4-cü inqilabın əsas ümidverici potensialı bəşəriyyət üçün həyatı daha da asanlaşdırması və yaşayış şəraitinin keyfiyyətinin yüksəlməsidir. Buna görə də təəccüblü deyil ki, bu inqilab miqyası, həcmi və mürəkkəbliyi baxımından, bəşəriyyətin bütün əvvəlki təcrübələrinin heç birinə bənzəmir. Çünki qarşıda bəşəriyyəti süni intellekt, robot-avtomobillər, nanotexnologiya, biotexnologiya və digər heyrətamiz texnoloji sıçrayışlar gözləyir.

Aydındır ki, yüksək texnoloji yeniliklərin tətbiqi böyük kapital yatırımı və iqtisadiyyatın şaxələndirilməsini tələb edir. Bir çox mütəxəssislər hesab edirlər ki, hazırda Azərbaycan qeyri-neft sektorunun aparıcı rola malik olduğu innovativ iqtisadi inkişaf modelinə keçid dövrünü yaşayır və elmi və texnoloji inkişaf səviyyəsi nəzərə alınmaqla mahiyyət etibarilə aqrar sektor da artıq, demək olar ki, sənayeyə çevrilib.

Azərbaycanın Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin yerləşdiyi məkana çevrilməsi təşəbbüsünün müəllifi Prezident İlham Əliyedir. Ötən ilin yanvarında Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində dövlət başçısı  Forumun prezidenti Borge Brende ilə keçirilən görüşdə bildirmişdi ki, Azərbaycan 4-cü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində fəal iştirak etmək niyyətindədir. Görüşdə Azərbaycan hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyulub. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin mübadiləsi həyata keçirilib.

Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ...

Dövlət başçısı  “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda qeyd edib ki, Azərbaycan 4-cü sənaye inqilabında lider olmalıdır: “Biz elmi tərəqqini, inkişafı təmin etməliyik, ölkəmizi gələcəyə aparmalıyıq, müasirləşdirməliyik. Beləliklə hesab edirəm ki, bu hadisə bizim növbəti uğurumuzdur, növbəti qələbəmizdir. Əminəm ki, bundan sonra qələbələrimizin sayı çox olacaq”.

Mütəxəssislərin fikrincə, Azərbaycanın mövcud zaman kəsiyində malik olduğu imkanlardan tam yararlanaraq texnoloji sıçrayışla və innovativ həllərlə Regionun Rəqəmsal Mərkəzinə çevrilməsi imkanı böyükdür. Gözlənilir ki, Davos Ümumdünya İqtisadi Forumunun Bakıda regional mərkəzinin yaradılması bu prosesin daha da sürətlənməsinə şərait yaradacaq.

Bəs dördüncü sənaye inqilabına keçid reallaşıbmı? Süni intellekt və müxtəlif sahələrdə robotlaşmanın artması, 3D-printer, dronlardan istifadə, bərpa olunan enerjidən istifadənin artması, elektrikli maşınların çoxalması, sürücüsüz nəqliyyat vasitələrinin yaradılması, genlərin redaktə edilməsi, insan bədəninə implantasiya edilmiş telefon, blokçeyn vasitəsilə verginin toplanması, nanotexnologiya, biotexnologiya və s. daxil olmaqla ən geniş sahələrdə heyrətamiz texnoloji sıçrayışlar dördüncü sənaye inqilabının başladığını deməyə əsas verir.

Analitiklərin hesablamalarına əsasən, yeni texnologiyalar sayəsində məhsuldarlıq yaxın 4 il ərzində orta hesabla 30 faiz artacaq. “Tamamlama strategiyası” adlandırılan siyasət nəticəsində istehsalın avtomatlaşdırılmasını həyata keçirməyə hazırlaşan bir sıra kompaniya və şirkətlər sadəcə insanları robotlarla əvəz etməyəcəklər, məhsuldarlığı əhəmiyyətli dərəcədə yüksəldib, əməliyyatların bir hissəsini mexanizmlərə və alqoritmlərə keçirəcəklər. Böyük şirkətlərdə çalışan işçilərin 54 faizi peşəsini dəyişmək, bacarıq və səriştələrinin səviyyəsini artırmaq məcburiyyətində olacaq.

Dördüncü sənaye inqilabının digər bir problemi şəxsi məlumatların məxfiliyi və gizliliyi barədədir. Qida sənayesindən tutmuş bank və toxuculuğa qədər şirkətlər öz müştəriləri haqda müxtəlif yollarla məlumatlar toplayırlar. Artıq istifadəçiləri də şirkətlərin onların şəxsi həyatı barədə bu qədər məlumatlı olması narahat edir. Mütəxəssislər indidən kvant kompüterlərinin tətbiqi ilə dünyada kiber təhlükəsizliyin qalmayacağını, internetdə istənilən şəxsi məlumatın təhlükə altında olacağı fikrindədirlər. Dördüncü sənaye inqilabı müasir dövrün ən aktual mövzularından biridir. Bu, innovasiya, süni intellekt və robotlar dövrü deməkdir.

Hazırkı dövr ölkələrdən artan rəqabətə tab gətirmək üçün yeni strategiyalar düşünməyi tələb edir. Çünki dördüncü sənaye inqilabı iqtisadiyyatının rəqabət qaydaları əvvəlki dövrlərin qaydalarından fərqlənir. Burada rəqabətə tab gətirmək, yeni texnologiyalarla ayaqlaşmaq, geri qalmamaq, əhəmiyyətli inkişafa nail olmaq üçün bütün sahələrdə innovasiyaları tətbiq etmək və ölkədə innovasiya sistemini inkişaf etdirmək lazımdır. Bunun üçünsə “Sənaye 4.0" şəraitində Azərbaycanda innovasiyaları tətbiq etmək imkanına sahib olan, ekosistemi dərindən bilən intellektualların yetişməsi və sayının çox olması vacibdir. Çünki ölkənin İT ekosisteminin yenilənməsi və inkişafı üçün yüksək peşəkarlığa sahib İT mütəxəssisləri olmalıdır.