İyulun 28-də Prezident İlham Əliyev “Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmanda qeyd olunur ki, Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün tətbiqində pilot ölkə olub, hasilat sənayesində şəffaflıq (bundan sonra - HSŞ) və hesabatlılıq üzrə beynəlxalq səyləri dəstəkləyib. Beynəlxalq səviyyədə HSŞ üzrə hesabatlılığın təmin edilməsi məqsədilə Azərbaycanda lazımi tədbirlər həyata keçirilib, mütəmadi hesabatlar dərc edilib:
“Son illərdə hesabatlılığı təşviq edən beynəlxalq prinsip və standartlarda hesabatvermə mexanizmlərinin səmərəliliyinin artırılması və daha çevik işləməsi məqsədilə mühüm dəyişikliklər edilib. Bu dəyişikliklərdən biri də dövlət idarəçiliyində müasir texnologiyalardan istifadə etməklə aparılan işin səmərəliliyini artırmaq, məlumatlardan istifadə imkanlarını sadələşdirmək, məlumatları sərbəst əldə etmək üçün şəffaflıq və hesabatlılığın müntəzəmliyini təmin etmək məqsədilə hesabatlılığın aidiyyəti dövlət qurumlarının fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi yolu ilə tədricən onların açıqlama və hesabatvermə sistemlərinə inteqrasiya olunmasıdır. HSŞ sahəsində beynəlxalq standartların ardıcıl tərəfdarı olaraq Azərbaycan Respublikası bu dəyişikliklərin ölkəmizdə tətbiqini təmin etməyi və onların müsbət nəticələrindən yararlanmağı zəruri hesab edir”.
Fərmana əsasən HSŞ üzrə daha ardıcıl və dayanıqlı hesabatlılığın tətbiqini təmin etmək məqsədilə bu prosesin icrası Dövlət Statistika Komitəsinə həvalə edilir. Komitəyə HSŞ üzrə hesabatlılıq sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək, ölkədə HSŞ üzrə hesabatların davamlı toplanılmasını və toplanmış hesabatlar əsasında ümumiləşdirilmiş rəsmi statistika məlumatlarının ictimaiyyətə açıqlanmasını təmin etmək tapşırılır.
Azərbaycanın aidiyyəti dövlət qurumlarına tapşırılır, həmçinin ölkənin hasilat sənayesi sahəsində fəaliyyət göstərən xarici şirkətlərə tövsiyə edilir ki, HSŞ üzrə hesabatlılığın təmin edilməsi ilə əlaqədar zəruri məlumatları Dövlət Statistika Komitəsinin müəyyən etdiyi formada və müddətdə təqdim etsinlər.
Fərmanla həmçinin Prezidentin 2017-ci ilin aprelində imzaladığı “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ləğv edilib.
Qeyd edək ki, Azərbaycan Mədən Sənayesində Şəffaflıq Beynəlxalq Təşəbbüsünə(MHŞT) ilk qoşulan ölkələrdən biri olub. 17 iyun 2003-cü ildə Londonda keçirilən ilk MHŞT beynəlxalq konfransında üzvlüyə müraciət edib. 2003-cü ildə Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda Təşəbbüsün icrasını həyata keçirəcək xüsusi komissiya yaradılıb. 2004-cü ildə isə prosesdə ictimai nəzarət funksiyasını yerinə yetirən QHT-lərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası formalaşdırılıb. Həmin ilin noyabrında hasilat sənayesində çalışan şirkətlər, Hökumət komissiyası və QHT Koalisiyası arasında anlaşma memorandumu imzalanıb. Təşəbbüs çərçivəsində ilk hesabat 2005-ci ildə açıqlanıb. 2009-cu ilin fevralında Dohada(Qətər) 4-cü MHŞT Qlobal Konfransında Azərbaycan validasiya (təsdiqləmə) prosesini keçərək “MHŞT üzvü” statusu alan ilk ölkə olub. 2015-ci ildə Azərbaycanda ikinci dəyərləndirmə aparılıb, ölkənin statusu aşağı endirilib. Həmin il MHŞT Standartına uyğun ilk hesabat (2013-cü il üzrə) dərc edilib. 2016-cı ildə Beynəlxalq MHŞT tərəfindən Azərbaycanda yeni dəyərləndirmə aparılıb və ölkənin üzv statusunun dayandırılması məsələsi gündəmə gəlib. 2017-ci il, 10 mart - Azərbaycan MHŞT-ni tərk edib. Həmin ilin aprelində Prezident mədən sənayesində hesabatlılığın davam etdirilməsi məqsədi ilə “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
Fərmana əsasən yaradılan Komissiya ölkədə şəffaflıq sahəsində beynəlxalq prinsiplərə riayət olunmasına nəzarət etməli, hasilat sənayesində şəffaflığın təmin edilməsi məqsədilə dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirməli, təbii ehtiyatların istismarı ilə əlaqədar dövlətin bütün daxilolmaları və Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin dövlətə ödənişləri barədə hesabatların beynəlxalq standartlara uyğun təqdim olunması formasını və müddətlərini müəyyən etməli, hesabatların toplanması və yoxlanılması üçün müstəqil, ixtisaslaşmış audit şirkətinin seçilməsini təmin etməliydi.
Fərmana əsasən Komissiya həmçinin hesabatlılığın təşkil olunmasının bütün mərhələlərində qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlər ilə əməkdaşlıq etməli, hasilat sənayesində şəffaflığın təmin edilməsinə dair normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər verməliydi. Ötən müddət ərzində Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq prosesi çərçivəsində iki hesabat - 2017 və 2018-ci illər üzrə - açıqlanıb.

İlham Şaban: “Yeni və daha dərin məlumatların açıqlanmasını nəzərdə tutan standartlar hazırlanmalıdır”
Enerji sahəsi üzrə mütəxəssis, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, 2017-ci ildən bəri açıqlanan hesabatlar beynəlxalq MHŞT səviyyəsindən geri qalmır: “Lakin Azərbaycanın özünün bu hesabatla bağlı hər hansı standartı hazırlanmayıb. Biz vətəndaş cəmiyyəti olaraq dəfələrlə məsələ qaldırmışıq ki, konkret standartlar hazırlansın, bütün şirkətlər, dövlət qurumları ona uyğun hesabat versinlər. Bu hesabatlılığın məqsədi budur ki, hökumət mineral ehtiyatların hasilatı sahəsində düzgün, halal fəaliyyət göstərdiyini xalqa açıqlasın. Bu prosesdə bütün şirkətlər iştirak etməlidir, kiminsə kənarda qalması doğru nəticələr əldə etməyə imkan vermir. Bu baxımdan, Azərbaycan Beynəlxalq MHŞT hesabatlarından daha təkmil, daha dərin məlumatları əks etdirən hesabat hazırlamalı və açıqlamalıdır”.
Ekspert bütün əməliyyat şirkətlərinin öz gəlir-xərclərini açıqlamasının zəruri olduğu qənaətindədir: “Bilinməlidir ki, əməliyyat şirkətləri onlara verilən yataqlardan nə qədər gəlir əldə ediblər. Hasilat sənayesində proses elə getməlidir ki, iqtisadiyyatın digər sektorlarında da şəffaflaşmaya gətirsin. Bütün sahələrdə gəlir-xərclər açıqlansın ki, sonradan yatırılan investisiyaların nəticələrini qiymətləndirmək mümkün olsun. Təəssüf ki, hələ bizdə belə aşkarlıq, şəffaflıq yoxdur. 90-cı illərdə qurudakı yataqlar üzrə imzalanmış hasilatın pay bölgüsü sazişlərinin müddəti bitir. Bu günə qədər də həmin müqavilələr üzrə nə qədər gəlir əldə edildiyi açıqlanmayıb, bilinmir ki, o yataqlar SOCAR-da qalsaydı daha yaxşı olardı, yoxsa indiki variantda? Biz bu müqavilələr üzrə yaradılan əməliyyat şirkətlərinin gəlir-xərclərinə dair hesabatları yalnız Hasilat Sənayesində Şəffaflıq prosesi çərçivəsində açıqlanan son hesabatda görə bildik, uzun illər mübarizə aparandan sonra hesabata daxil edildi”.
İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev isə HSŞ hesabatlılığının DSK-ya həvalə olunmasına tənqidi yanaşır: “2017-ci ildə verilən prezident fərmanı ilə yaradılan Hökumət komissiyası geniş səlahiyyətlərə malik idi. Fərmanla prosesə vətəndaş cəmiyyətinin də qoşulması nəzərdə tutulurdu. Hökumət komissiyasının fəaliyyəti ötən ildən demək olar ki, dayanmışdı. 2020-ci ilin yarısı arxada qalıb, 2019-cu il hesabatının hazırlanmasına başlanmayıb. Hesabatlılığın Statistika Komitəsinə həvalə olunması prosesin bir növ əhəmiyyətinin azalması demək olacaq. Prosesə vətəndaş cəmiyyətinin cəlb olunması nəzərdə tutulmur. Tərtib olunacaq hesabatların məzmunu, Beynəlxalq MHŞT standartlarına uyğun olub-olmayacağı məlum deyil”.
A.Mehtiyevin sözlərinə görə, bu ildən etibarən Beynəlxalq MHŞT çərçivəsində çox mühüm bir standartın icrasına başlanılıb: “Söhbət hasilat sənayesində çalışan bütün özəl və dövlət şirkətlərinin fəaliyyətindən birbaşa və dolayı yolla faydalananların - benefisiar sahiblərin açıqlanmasından gedir. Azərbaycanda bu istiqamətdə xeyli işlər görülüb, tədqiqat aparılıb, qanunvericiliyə dəyişikliklər üçün təkliflər hazırlanmışdı. İndi hələlik açıqlanacaq hesabatlarda bu standarta əməl olunub-olunmayacağı da aydın deyil. Fərmanda bu barədə heç nə yoxdur. Statistika Komitəsinin bu prosesi necə həyata keçirəcəyini bəribaşdan demək mümkün deyil. Yəqin müəyyən zaman keçəndən, ən azı ilk hesabat açıqlanandan sonra bu barədə dəqiq fikir yürütmək mümkün olacaq”.
