Su layihələrinə nəzarət gücləndiriləcək
Ölkənin su təsərrüfatındakı vəziyyətə həsr olunmuş müşavirədən sonra prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün” Tədbirlər Planını təsdiqləyib.
Plana əsasən ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çayları sularının yığılması üçün relyefə uyğun 10 su anbarlarının yaradılması, su itkilərinin azaldılması və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə 22 hidroqovşaq, kollektor və suvarma kanallarının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi nəzərdə tutulur. Bu işi həyata keçirmək “Azmelsutəsərrüfat” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə həvalə edilib.
Kiçik dağ çaylarından keçən suların toplanması üçün aşağı tutumlu su anbarlarının tikintisi təsrübəsindən İran və Türkiyədə geniş istifadə olunmaqdadır. Son 4 ildə Türkiyədə 60 belə su anbarı inşa edilib. Azərbaycanın bu təcrübədən bəhrələnməsi ölkənin su təchizatında xarici mənbələrdən asılılığın azaldılmasına mühüm töhfə verə bilər.
Bundan əlavə, Kür çayı hövzəsinin su ehtiyatlarının mühafizəsi və davamlı istifadəsi sahəsində ölkələrarası əməkdaşlığın gücləndirilməsinə dair təkliflər hazırlanaraq Prezidentə təqdim ediləcək. Qeyd edək ki, Türkiyənin Ərdəhan vilayətində Kür çayı üzərində qurulması nəzərdə tutulan “Beşikkaya” su anbarı faktiki olaraq çayın tərsinə axıdılmasını nəzərdə tutur. Transsərhəd su ehtiyatlarına dair beynəlxalq konvensiyalara zidd olan bu layihəylə bağlı Azərbaycanın öz mövqeyini müəyyənləşdirməsi zəruridir.
Tədbirlər Planında subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı qaydasının layihəsinin hazırlnaraq Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC bu işi 2020-ci ilin avqust-oktyabr aylarında icra etməlidilər. Xatırladaq ki, bir sıra müstəqil ekspertlər son illərdə Azərbaycanda geniş vüsət alan artezian və subartezian quyularının qazılması prosesindən dərin narahatlıqlarını bildirməkdədilər. Onlar belə quyuların necə gəldi qazılması nəticəsində tezliklə ölkənin yeraltı su mənbələrinin tükənməsinə, daha ciddi problemlərin yaranmasına səbəb olacağını bildirirlər. Bu ehtimalı ölkə prezidenti də müşavirədə xüsusi vurğulayıb. Planda nəzərdə tutulan qaydaların hazırlanması bu sahədə ciddi tələblərin müəyyənləşməsinə səbəb ola bilər.
Prezidentin təsdiqlədiyi Tədbirlər Planına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC, yerli icra hakimiyyəti orqanları alternativ mənbələrdən, o cümlədən, qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidilər.
Bundan əlavə,Oğuz-Qəbələ-Bakı su kəmərinin məhsuldarlığının artırılması, Bakı şəhərinə III Şollar su kəmərinin çəkilməsi üçün mənbənin yaradılması , Kür-Araz ovalığında yerləşən və içməli su tələbatı Kür çayından təmin edilən yaşayış məntəqələrinin su təchizatının alternativ mənbələr hesabına təmin edilməsi ilə bağlı təkliflərin Nazirlər Kabinetinə təqdim edilməsi də icrası nəzərdə tutulan tədbirlərdəndir.
Qeyd edək ki, dünyada dəniz suyunun şirinləşdirilməsi sahəsində ən qabaqcıl texnologiya İrsailə məxsusdur. Hazırda İsrailin suya tələbatı ümumilikdə 2 trilyon litr təşkil edir ki, bunun da 1,2 trilyonunu içməli su təşkil edir. 2030-cu ildə içməli su tələbatının 1,95 trilyon litrə çatacağı gözlənilir. İsraildə çay və göllər çox azdır. Ölkənin əsas gölü hesab olunan Tiveriad son 70 ildə təqribən 10 dəfə artmış İsrail əhalisini içməli su ilə artıq təmin edə bilmir. Buna görə də ölkə dəniz suyunun şirinləşdirilməsi sahəsinə ciddi investisiya qoyuluşu edib və bu sahədə ciddi uğur əldə edib.
Şirinləşdirmə - dənizin və ya digər mənbələrdəki duzlu suyun tərkibindəki duzlardan və digər minerallardan təmizlənməsidir. Son illər ərzində İsraildə 5 şirinləşdirici zavod tikilib. Nəticədə hazırda İsrail içməli suyun 3-də birini şirinləşdirici zavodlardan alır. Güman edilir ki, qarşıdakı 30 ildə isməli suya olan tələbatın 70 faizi məhz bu zavodların hesabına ödəniləcək.

Suyun şirinləşdirilməsi texnologiyaları ucuz başa gəlmir. Amma son illər İsrail şirkətləri bu yoll alınan içməli suyun maya dəyərini aşağı sala biliblər. Əgər 20 il əvvəl 1 kubmetr şirinləşdirici su 2 dollara başa gəlirdisə, indi bu rəqəm 50 sentə düşüb.
Bu gün İsrail həm də suyun təkrar emalı və kənd təsərrüfatında istifadəsi üzrə dünya lideridir. İçməli suyun 86 faizi təkrar istifadə edilərək aqrar sektorda istifadə olunur. İsrailin bu sahədə nə qədər qabaqda olduğunu göstərmək üçün qeyd etmək kifayətdir ki, dünyada ikinci yeri tutan İspaniyada bu göstərici cəmi 17 faiz, ABŞ-da isə cəmi 1 faizdir.
Dəniz suyunun şirinləşdirilməsi və sudan təkrar istifadə ilə paralel olaraq İsraildə su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması üzərində sərt nəzarət sistemi qurulub. Məsələn, kranlarda quraşdırılan xüsusi qurğular sayəsində suya 30 faizə qədər qənaət etmək mümkün olur. Bundan başqa, İsraildə suyun tarif sistemi elə qurulub ki, suyu israf edənlər daha artıq ödəniş etməli olurlar. Bu isə vətəndaşların sudan maksimum qənaətlə istifadəsinə səbəb olur.
İsrail dəniz suyunun şirinləşdirilməsi təcrübəsini səxavətlə digər ölkələrlə bölüşür. Eyni zamanda, sərfəli biznes kimi ondan məharətlə yararlanır. Məsələn, İsrail şirkətləri artıq Çində dünyanın ən böyük su şirinləşdirici zavodunu inşa edib, eləcə də Karib dənizi ölkələrində oxşar layihələri reallaşdırıblar. İsrailin ən məşhur şirkətlərindən biri “IDE Technologies” indiyədək dünyanın 40 ölkəsində 400-dən artıq şirinləşdirmə kombinatı inşa edib. Əsas sifarişçilər Çin, ABŞ, Karib dənizi ölkələri və başqalarıdır.
Maraqlıdır ki, İsrail bu təcrübəsini 2012-ci ildə Azərbaycana da təklif edib. Eyni zamanda, suyun təkrar istifadəsi sahəsindəki nailiyyətlərindən də Azərbaycanın bəhrələnməsini tövsiyə edib. Lakin ölkə prezidentin də qeyd etdiyi kimi, su təsərrüfatına məsul qurumların başı normal texniki-iqtisadi əsaslandırma olmadan layihələr hazırlayıb, dövlət büdcəsindən daha çox pul qopartmağa qarışdığı üçün bu təkliflər elə havadaca qalıb. Təqdirəlayiq haldır ki, Prezidentin təsdiqlədiyi tədbirlər planının son bəndində su təsərrüfatı sahəsində infrastruktur layihələrinin maliyyələşdirilməsi ilə bağlı dövlət investisiya proqramının tərtibi və icrasına nəzarətin gücləndirilməsi nəzərdə tutulur. Prezident bu işi İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinə həvalə edib.

İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyevin sözlərinə görə, su təsərrrüfatı ilə bağlı Tədbirlər Planında nəzərdə tutulan işlərin əksəriyyəti böyük maliyyə tutumlu işlərdir. Buna görə də həmin layihələr üzərində sərt maliyyə nəzarətinin qurulması son dərəcə vacibdir: “İndiyədək ölkədə dövlət vəsaitləri hesabına maliyyələşdirilən investisiya layihələrinin texniki-iqtisadi əsaslandırılması, sonradan monitorinq edilməsi istiqamətində heç bir sənəd qəbul olunmayıb. 2009-cu ildə Prezidentin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin təsdiqlənməsinə dair sərəncamı ilə birlikdə dövlət investisiyalarında səmərəliliyin artırılması ilə bağlı fərman da imzalanmışdı. Fərmana əsasən İqtisadiyyat Nazirliyi qısa müddətdə dövlət investisiya layihələrinin qiymətləndirilməsi ilə bağlı qaydalar hazırlayaraq Prezidentə təqdim etməliydi. Lakin fərmanın bu bəndinə əməl olunmadı, unudulub getdi. Dəfələrlə müstəqil ekspertlə bu məsələni qaldırsalar da, təəssüf ki, nəzərə alınmadı. İndi neft gəlirlərinin azalması dövründə məsələ yenidən gündəmə gətirilib”.
İqtisadçı-alim bildirir ki, su təsərrüfatına uzun illər ərzində ciddi maliyyə vəsaitləri ayrılıb: “Bu vəsaitlər nə qədər səmərəli xərclənib, əldə olunan nəticələr nə qədər dayanıqlı bir su təchizatı sisteminin formalaşmasına səbəb olub - bunu müəyyənləşdirmək üçün vəziyyət göz önündədir. Və çox təəssüf ki, eyni vəziyyət digər infrastruktur sahələrində də mövcuddur. Bəzən elə olub ki, biz onlarla yol layihəsinin heç bir texniki-iqtisadi əsaslandırma olmadan həyata keçirildiyini üzə çıxarmışıq, lakin açıqlanan faktları nəzərə alan olmayıb. İnfrastruktur sahəsinə ayrılan vəsaitlərin, bəzi hesablamalara görə, 30 faizdən yuxarısı korrupsiyanın yeminə çevrilib. Düzdür, bu rəqəmi dəqiq müəyyənləşdirmək üçün ciddi araşdırmalara ehtiyac var, amma real vəziyyəti hamının gözləri önündədir. Hesab edirəm ki, dövlət büdcəsindən reallaşdırılan investisiya layihələrinin qiymətləndirilməsi çox vacibdir. Çünki dövlət büdcəsindən investisiyalar, xüsusilə infrastruktur istiqamətli investisiyalar bundan sonra da həyata keçiriləcək. Belə investisiyaların həyata keçirilməsi prosesin sərt nəzarət mexanizmi tətbiq olunmalıdır. Bu zaman həm layihələrin texniki-iqtisadi əsaslandırılmasına, həm də başa çatdıqdan sonra qiymətləndirilməsinə diqqət yetirilməlidir. Layihələri hazırlayanlarla qiymətləndirməni həyata keçirənlərin maraqlar konflikti məsələsi nəzərdə saxlanmalıdır”.
A.Mehtiyev bildirir ki, həyata keçiriləcək su layihələrinin icrasına effektiv ictimai nəzarətin təmin olunmasına ciddi ehtiyac var: “Məmur tərəfindən icra olunan bir işə yalnız məmurun nəzarət etməsi şəffaflıq və səmərəlilik baxımından düzgün yanaşma deyil. Bu, maraqların qarşılıqlı təminatı mexanizminin işə düşməsinə, vəsaitlərin təyinatından kənarlaşdırılmasına şərait yarada bilər. Buna görə də prosesə vətəndaş cəmiyyəti və medianın da cəlb olunması zəruridir”.
