Kamran Əsədov: “İnanıram ki, yeni nazirin bütün fəaliyyətini kabinetdə yox, siniflərdə, auditoriyalarda görəcəyik”
Məlum olduğu kimi, iyulun 27-də ölkə prezidenti İlham Əliyev Emin Əmrullayevi təhsil naziri təyin etdi. Prezident yeni naziri videoformatda qəbul edib və öz tövsiyələrini bildirib. Bəs təhsildə həllini gözləyən digər əsas problemlər haqda ekspert nə düşünür?
Təhsil eksperti Kamran Əsədov Emin Əmrullayevin təhsil naziri təyin edilməsini çox yüksək qiymətləndirdiyini qeyd edib: “Artıq ölkədə kadr islahatlarında ciddi şəkildə həm gəncləşmə, həm də həmin sahə üzrə mütəxəssislərin təyin olunması həyata keçirilir. Belə ki, Emin Əmrullayev peşəkar təhsil işçisidir, uzun müddət Təhsil Nazirliyi sistemində çalışıb”.
K.Əsədov bildirib ki, ən vacib nüans odur ki, Mikayıl Cabbarovun komandası ilə başlayan və sonra Ceyhun Bayramovun komandası ilə davam edən nazirlik səviyyəsində rüşvətin, korrupsiyanın kökünü kəsməsi prinsipləri davam etməlidir".
Kamran Əsədovun sözlərinə görə, təhsil digər sahələrlə müqayisədə öz ətrafında ən çox şəxsi birləşdirən bir sahədir: “Belə ki, 4447 orta məktəbdə 1.6 milyon, 50 dən çox ali , 40-dan çox orta ixtisas təhsili və 100-ə yaxın peşə təhsili müəssisəsində 200 mindən çox tələbə təhsil alır və onlara 180 mindən çox müəllim gündəlik təhsil verir, tərbiyələri ilə məşğul olur. Rəqəmlərdən də göründüyü kimi, ölkədə hər 2 nəfərdən 1-i birbaşa təhsil prosesinin iştirakçısıdır. Ona görə də cəmiyyətin istənilən təbəqəsində təhsil müzakirə mövzusu ola bilir”. Ekspert qeyd etdi ki, yeni nazirdən təhsildə forma deyil, məzmun dəyişikliyi gözlədiyini dedi: “İnanıram ki, bütün fəaliyyətini kabinetdə yox, birbaşa təhsilin olduğu orta məktəblərdə siniflərdə, ali təhsil müəssisələrində auditoriyalarda görəcəyik, mütəmadi olaraq nazirin məhz çatışmazlıqları görməsi üçün bu yerlərə səfərlərinin şahidi olacağıq. Bundan əvvəl hansısa neqativ hallar zamanı çevik reaksiya verilmirdi. Yeni nazirlikdən təhsildə baş verən hadisələrə daha çevik reaksiya və cavab verəcək bir komanda gözləyirəm”.

Kamran Əsədov
Kamran Əsədov qeyd edib ki, dərslik sahəsində ciddi işlər görülməlidir: “Dərsliklərin şagirdlərin yaş xüsusiyyətinə və psixologiyasına uyğun olmadığı ortadadır. Yeni dərslik mərkəzi yaradılmalıdır. Ali təhsil müəssisələrimiz dünya reytinqində yoxdur. Azərbaycana xarici ölkələrdən gələn tələbə sayı azdır. Bu istiqamətdə əməli addımlar atılmalıdır. Həmçinin müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də işlər görülməlidir. Məsələn, 1 stafka dərs yükünün 18 saat deyil, 12 saat edilməsi istiqamətində addımlar atılmalıdır. Bölgələrə müəllimlərin işləməyə getməsi üçün stimullaşdırıcı tədbirlərin əhatə dairəsi genişlənməlidir. Müəllimlərin, direktorların, direktor müavinlərinin işə qəbulu prosesində ciddi dəyişikliklərə ehtiyac var. DİM tərəfindən həyata keçirilən qəbul və buraxılış imtahanlarında Təhsil Nazirliyinin rolunu, fəaliyyətini ancaq nəticələr elan olunanda görürdük. Bu istiqamətdə daha aktiv işlərin görülməsi zəruridir. Elektron məktəb, elektron universitet layihələri həyata keçirilməlidir. Nəticələri illərdir yaxşı olmayan məktəblərin bütün kollektivi xüsusi attestasiyadan keçirilməli, lazım olarsa yerləri dəyişdirilməlidir”.
Ekspert təhsil sistemi üçün yad olan bir troll ordusu formalaşdığını da diqqətə çatdırıb: “Hansısa çatışmazlıq, neqativ hal və ya tənqid olan kimi həmən troll ordusu feyk profillər ilə hücum keçir. İnanıram ki, yeni nazir belə ucuz və lazımsız məsələlərdən uzaq duracaq. Mən Emin Əmrullayevi 6 ildir ki, tanıyıram. Kifayət qədər təhsil bilicisidir, təhsildəki proseslərdən xəbərdardır. İnanıram ki, vətəndaşların müraciətlərinin cavablanbdırılması qısa müddətdə həyata keçiriləcək. Təəssüflər olsun ki, bu istiqamətdə Təhsil Nazirliyində ciddi problem var.
