Alman qəzeti ermənilərin Azərbaycana təhdidinə diqqət çəkib; politoloq: “Bütün hallarda biz ayıq-sayıq olmalıyıq”
“Ermənilərin terror ”təcrübəsi" böyükdür. Ermənilər hələ Ermənistan adında dövlət olmadığı illərdə belə Anadolu və Azərbaycan türklərinə qarşı təxribatlara başlamış, qətllər törətmişdilər".
Bu sözləri “Yeni Müsavat”a politoloq Elxan Şahinoğlu Ermənistan tərəfinin müharibə başlayacağı təqdirdə Mingəçevir Su Anbarını partlatmaqla hədələməsi haqda danışarkən bildirdi.
Almaniyanın “Die Zeit” qəzeti də bu məsələyə toxunub və ermənilərin təhdidinə diqqət çəkib. E.Şahinoğlu belə olan halda nə etməli olduğumuzu vurğuladı:
“Əlbəttə, ermənilərin ”Mingəçevir elektrik stansiyasını vurarıq" hədəsi blefdir. Buna baxmayaraq, başda Mingəçevir su elektrik stansiyası olmaqla strateji obyektlərimizin güvənliyini artırmalıyıq.
Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin də təhlükəsizliyinin artırılmasına ehtiyac var. Şübhə etmirəm ki, genişmiqyaslı müharibə başlasa, ermənilər dünyadakı müxtəlif terror qruplarını bölgəyə “dəvət” edəcəklər. Çünki Ermənistanın Azərbaycanla uzunmüddətli müharibə aparmaq üçün insani resursları kifayət qədər deyil.
Muzdluların və terrorçuların işğal altındakı torpaqlara gəlişlərini isə erməni lobbisi maliyyələşdirəcək.
Buna görə də Azərbaycanın müvafiq dövlət strukturları indidən ASALA və ona bağlı qrup üzvləri barədə məlumatlar toplamalıdır".
Ekspert hesab edir ki, biz Ermənistanın işğalçı siyasətinə dəstək verən, Dağlıq Qarabağda qanunsuz layihələri maliyyələşdirən erməni iş adamları barədə də məlumatlar toplamalıyıq:
“Çünki müharibə başlayacağı halda muzdlulara maaşları məhz onlar verəcək. Biz hüquq müstəvisində hərəkət edərək muzdluları Azərbaycan torpaqlarına göndərənlər barədə vətəndaşı olan ölkələrin hüquq-mühafizə orqanlarına müraciətlər etməli olacağıq”.
E.Şahinoğlu xatırlatdı ki, terrorçu “ASALA” təşkilatı uzun illər müxtəlif ölkələrdə terror əsdirib, Qərb ölkələrində onlarla türk diplomatı qətlə yetirib, Dağlıq Qarabağda separatizm başladıqda isə terroru Azərbaycan torpaqlarında davam etdirib:
“Təxminən son 25 ildir ”ASALA"dan xəbər yoxdur. Görünür ermənilər anlayıblar ki, terrorçu təşkilatın imkanlarından istifadə etməkdə davam etsələr Rusiyada və Qərbdə bunu doğru anlamazlar, “imicləri” zədələnər.
Ancaq “ASALA” yoxa çıxmayıb, sadəcə fəaliyyətinə ara verib. Şübhə etmirəm ki, torpaqlarımızı güc yolu ilə azad etməyə qərar versək, “ASALA” yenidən peyda olacaq və bizə qarşı müxtəlif məkrli planlar həyata keçirməyə çalışacaq".
Siyasi şərhçi Ramiyə Məmmədova isə qəzetimizə bildirdi ki, Ermənistan Azərbaycanı Mingəçevir su anbarı ilə ilk dəfə hədələmir. Onun sözlərinə görə, əvvəllər də bu cür sərsəmləmələr olub.
“Ermənistanın işğalçı siyasəti və terrorçu qrupları yetişdirmək potensialı dünyaya gün kimi aydındır. Lakin Ermənistan siyasi rəhbərliyi Mingəçeviri vurmaq cəsarətində deyil və onun boyundan çox yuxarı işdir. Digər tərəfdən bu hadisənin nə ilə nəticələnəcəyini hesablamq lazımdır.
O baxımdan vaxtaşırı səslənən bu cür bəyanatları boğazdan yuxarı açıqlamalar sayıram. Bununla belə, bütün hallarda biz ayıq-sayıq olmalıyıq.
Necə ki, ermənilər Avropa və Amerikada təxribata əl atdılar, Ukraynada tələbələrimizə atəş açdılar...Yəni onlardan hər bir xainliyi gözləmək olar".
Qeyd edək ki, “Die Zeit” nəşri nədənsə Metsamor atom elektrik stansiyasının partladılması ilə bağlı səslənmiş fikri Azərbaycan müdafiə nazirinin ayağına yazıb. Halbuki bu bəyanat Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlıya məxsusdur.
O, belə demişdi: “Eyni zamanda Ermənistan tərəfi unutmamalıdır ki, Ordumuzun arsenalında olan ən yeni raket sistemləri Metsamor AES-i yüksək dəqiqliklə vurmağa imkan verir ki, bu da Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər”.
Bu fikir ona görə səsləndirilib ki, Ermənistan tərəfi müharibə başlayacağı təqdirdə Mingəçevir Su Anbarını partlatmaqla hədələyib.
Nədənsə alman nəşri Azərbaycan tərəfindən səslənən hədənin Ermənistan tərəfindən səslənən hədəyə cavab olduğunun üstündən sükutla keçib.
Emil SALAMOĞLU,
“
