Azərbaycan Tovuz cəbhəsində işğalçının planlarını pozandan sonra Minsk Qrupu yenidən düşmənin “nəfəs dərməsi” üçün hərəkətə keçib; politoloq: “İndiki mərhələdə danışıqlar bizim üçün həm də ona görə mənasızdır ki, sərhəd döyüşlərindən sonra Ermənistan hakimiyyətinin mövqeyində dəyişiklik yoxdur”
Azərbaycan ordusu işğalçı Ermənistanın Tovuzla bağlı planlarını alt-üst etməklə yanaşı, diplomatiyamız da hücum strategiyasını davam etdirməklə beynəlxalq miqyaslı bir sıra uğurlar qazandı. Konkret olaraq ABŞ Konqresinin Ermənistanı işğalçı adlandırması və erməni lobbisinin cəhdlərinə baxmayaraq, Azərbaycana 2021-ci il üçün nəzərdə tutulan 120 milyon dollarlıq yardımın azaldılmasına getməməsi, həmçinin postsovet məkanında Qarabağ daxil, münaqişə zonalarında həlak olmuş, zərərçəkmiş insanlarla bağlı konkret məlumatların təqdim olunması tələbinin qoyulması Ermənistan üçün şok effekti yaratdı.
Ancaq hesab olunur ki, bunlarla kifayətlənmək olmaz və davamlı şəkildə işlər görülməli, diplomatik nümayəndəliklərimiz gecə-gündüz çalışmalı, diasporumuz fəal olmalı, Qarabağ naminə mümkün olanlar edilməlidir. Bu dəfə də Azərbaycanın mövqelərinin güclənməsi, ermənilərin zəif düşməsinə sinirli münasibət ATƏT-in Minsk Qrupunun həmsədrlərindən (İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ)) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikdən gəldi. Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi 16 iyul tarixindən etibarən Azərbaycan-Ermənistan sərhədi boyunca nisbi sabitliyi hökm sürməsini alqışladıqlarını bildirməklə yanaşı, tərəfləri münaqişənin hərtərəfli həllini tapmaq üçün ciddi əsaslı danışıqlara hazırlaşmaq üçün hazırkı aktiv hərbi əməliyyatların azaldılmasından faydalanmağa çağırdılar. Həmsədrlər bir daha vurğulayıblar ki, bu həssas dövrdə təxribatçı bəyanatlardan və hərəkətlərdən, o cümlədən mülki şəxslərə və ya həyati əhəmiyyətli infrastrukturlar üçün təhdidlərdən çəkinmək vacibdir. Həmsədrlər qeyd edirlər ki, həmsədr ölkələrin birgə səylərini tənqid edən və ya birtərəfli qaydada yeni “şərtlər” yaratmaq, yaxud tənzimləmə prosesi formatında dəyişikliklər edilməsi konstruktiv dialoqun başlamasına imkan vermir. Onlar əminliklə bildirirlər ki, davamlı sülh yolu ilə nizamlanmaya nail olmaq üçün ən yaxşı şəkildə siyasi iradə nümayiş etdirmək, maksimalist mövqelərdən çəkinmək, atəşkəs rejiminə ciddi riayət etmək və təxribatçı bəyanat və hərəkətlərdən çəkinmək lazımdır. Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, atəşkəs rejiminə ciddi riayət olunması və həmsədrlərin himayəsi altında dialoqun yenidən bərpasına dair çağırışlara görə BMT, ATƏT və Avropa İttifaqı daxil olmaqla beynəlxalq təşkilatların rəhbərlərinə təşəkkür bildirib. “Biz tərəflərin diqqətinin yaranmış gərginliyə görə məsuliyyəti başqalarının üzərinə qoymağa deyil, gərginliyin azaldılmasına yönəltmək kimi qərəzsiz müdaxilənin müsbət olduğunu qeyd edirik”-bəyanatda deyilir. Həmsədrlər şərtlər olmadan etimadla tez bir zamanda danışıqlar masasına qayıtmağa dair artmaqda olan beynəlxalq konsensusu alqışlayıb. Həmsədrlər istənilən vaxt rəhbərlər və ya onların nümayəndələri ilə görüşməyə hazırdırlar. Həmçinin, vurğulayırlar ki, ATƏT müşahidəçiləri ən qısa müddətdə bölgəyə qayıtmalıdırlar.
Bu, rəsmi İrəvanın da istəyidir. Nikol Paşinyan hakimiyyəti pandemiya dövründə Azərbaycanla təkbətək qalmasından çox ehtiyatlanırdı və KTMT-yə, konkret olaraq Rusiyaya ümid edirdi. Ancaq Tovuz hadisələrində Rusiya müdaxilə etmədi, KTMT-yə İrəvanın zəngi də havada qaldı. Odur ki, Paşinyan ardınca sülh tərəfdarı olduğunu bildirdi və həmsədrlərin qayıdışına zərurət duyulduğunu söylədi. Yeri gəlmişkən, Azərbaycan prezidentinin Ermənistana “gəl, bizimlə təkbətək vuruş, baxaq” mesajı Paşinyanı da, arxasındakıları da həyacanlandırıb. Bundan əvvəl Minsk Qrupunu sərt tənqid edən Prezident danışıqların imitasiya olduğunu açıq şəkildə bəyan etmişdi.

Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yenu Müsavat”a bildridi ki, Tovuz döyüşlərindən sonra bizi yenidən mənasız danışıqlara cəlb etmək istəyirlər: “Rusiya yenə ön plandadır. Rusiya prezidenti Vladimir Putin qısa müddət ərzində iki dəfə Təhlükəsizlik Şurasının iclasını keçirdi və hər ikisində də ilk mövzu kimi Azərbaycan-Ermənistan sərhədindəki 4 günlük döyüşləri müzakirə etdi. Putin bununla tərəflərə iki mesaj göndərdi. Birincisi, Putin demək istədi ki, Rusiyanın Cənubi Qafqazda özəl maraqları var və bölgədə Kremlin istəyi və maraqları xaricində cərəyan edə biləcək proseslərdən narahatdır. Putinin ikinci mesaj ondan ibarət idi ki, Rusiya 2016-cı ildəki döyüşlərdən sonra olduğu kimi, Bakı və İrəvan arasında növbəti vasitəçilik missiya ilə çıxış etmək istəyir. Böyük ehtimalla, Putin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvaya gəlməsini istəyir. Bu alınmasa, xarici işlər naziri Sergey Lavrovu Bakıya və İrəvana göndərəcək. Münaqişənin həlli baxımından bu təşəbbüslərin 30 ildə heç birinin Azərbaycana faydası olmadığı kimi, yenisinin də bizim üçün əhəmiyyəti yoxdur”. E.Şahinoğlunun sözlərinə görə, indiki mərhələdə danışıqlar bizim üçün həm də ona görə mənasızdır ki, sərhəd döyüşlərindən sonra Ermənistan hakimiyyətinin mövqeyində dəyişiklik yoxdur: “Tam əksinə, düşmən ölkənin baş naziri Nikol Paşinyan hökumətinin son iclasında əvvəlki ”tezisləri" təkrarladı. O dedi ki, “birincisi, Azərbaycan Dağlıq Qarabağla birbaşa danışıqlar aparmalıdır”, “ikincisi, Dağlıq Qarabağın təhlükəsizliyi məhdudulaşdırıla bilməz”, “üçüncüsü, Dağlıq Qarabağın özmüqəddəratını təyin etmə hüququ olmalıdır”, “dördüncüsü, Azərbaycan Ermənistana və Dağlıq Qarabağa güc tətbiqi fikrindən rəsmən imtina etməlidir”. Ermənistanın baş naziri faktiki bizə “kapitulyasiya” təklif edir. Nikol Paşinyanın bu bəyanatından sonra işğalçı ölkə ilə danışıqların davam etdirilməsinin heç bir mənası yoxdur. Çünki, sərhəddəki 4 günlük döyüşlərdən sonra masada dəyişən bir şey yoxdur. Paşinyanın bir müddət sonra Şuşada yenidən Yallı oynamağa gedəcəyini görsək, gərək təəccüblənməyək. Görünür, sərhəddəki döyüşlərdən sonra erməni hərbçilərin rusiyalı həmkarlarıyla birgə Azərbaycanın pilotsuz uçuş aparatlarına qarşı İrəvanda keçirdikləri birgə təlimlər Paşinyanı bir az daha cəsarətləndirib".
Politoloq qeyd etdi ki, bundan sonra vasitəçilərdən nəsə gözləməyə dəyməz: “ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin sərhəddəki gərginliklə bağlı son ortaq bəyanatında belə bir cümlə var idi: ”Həmsədr ölkələrin birgə səylərini tənqid edən və ya birtərəfli qaydada yeni “şərtlər” yaratmaq, yaxud tənzimləmə prosesi formatında dəyişikliklər edilməsi konstruktiv dialoqun başlamasına imkan vermir". Cümlənin birinci hissəsindəki “şərtlər” ifadəsi “Ermənistanın baş naziri Nikol Paşinyana aiddir. Çünki məhz o hökumətin toplantısında münaqişınin həlliylə bağlı həmsədrlərin də təbirincə desək, təxribatçı ”şərtlər" irəli sürmüşdü. Həmsədrlərin cümləsinin əvvəli və ikinci hissəsi isə böyük ehtimalla Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevə aid idi. Hikmət Hacıyev Minsk Qrupunun 11 üzvünün toplanması vacibliyini bildirərək, həmsədlərin fəaliyyətindən narazılığını ifadə etmişdi. Həmsədrlər isə bəyanatlarında buna cavab olaraq mövcud fotmatın dəyişilməsinin dialoqa zidd olduğunu vurğulayıblar. Sən demə, onları tənqid etmək də olmazmış. Format niyə dəyişə bilməz ki? Azərbaycanın 3 dövlətin həmsədrliyi ilə 25 ildir sürən nəticəsiz danışıqların formatının dəyişdirilməsini ifadə etməyə tam hüququ var. Bəlkə Minsk Qrupunun 11 üzv dövlətindən biri və ya bir neçəsi həmsədrlərə qoşulmaq istəyir, onların qarşısını niyə almalısınız? 3 həmsədr dövlət isə əmr formasında demək istəyir ki, münaqişənin həllinə bizdən başqa kimsə qoşula bilməz".
E.Şahinoğlu qeyd etdi ki, indiki mərhələdə Ermənistanın, erməni lobbisinin və onlarla əlbir olanların Azərbaycana qarşı dezinformasiya savaşı da artıb: “Nikol Paşinyan Rusiyanın televiziya kanalına müsahibəsində dedi ki, guya Rusiyada azərbaycanlıların ermənilərə qarşı hücumları Azərbaycanın Rusiyada qarışıqlıq yaratması məqsədi daşıyır. Paşinyan ”üçüncü qüvvələr"in də Cənubi Qafqazda və Rusiyada qarışıqlıq yaratmağa çalışdığını iddia etdi. Paşinyan heç şübhəsiz “üçüncü qüvvə” deyərkən Türkiyəni nəzərdə tuturdu. Ermənistan məhsulların Moskvadakı böyük meyvə və tərəvəz bazarına girişə qoyulan yasağın aradan qaldırılması da erməni lobbisinin fəaliyyəti ilə əlaqəlidir. Görünür, ticarət mərkəzlərinin sahibi olan azərbaycanlı sahibkarların uzun müddət Moskvada erməni iş adamlarına giriş yasağı qoymasının limiti var idi. Rusiyanın müvafiq dövlət strukturlarının erməni iş adamlarının xeyrinə məsələyə müdaxilə edəcəyi gözlənilən idi. Azərbaycan əleyhinə bir başqa həmlə Ukraynadakı separatçılardan gəldi. Luqansk separatçılarının təmsilçisi ekran qarşısına çıxaraq guya Ukrayna Təhlükəsizlik Xidmətinin Azərbaycana muzdlular göndərdiyini iddia etdi. Həmin müzdlular ukraynalı millətçilər imiş. Ermənilərin xeyrinə yayılan bu dezinformasiyanın arxasında Rusiyanın müvafiq strukturları dayanır. Çünki, Donbasdakı separatçılar Moskvadan təlimat almadan başqa dövlət əleyhinə açıqlama yaymazdılar, bu onların başını aşan hərəkət olardı. Ukraynadakı separatçıların Moskvanın xəbəri olmadan Azərbaycan əleyhinə açıqlama səsləndirməsi mümkün deyil. Aydındır ki, sərhəd münaqişəsində Ukraynanın Azərbaycana verdiyi dəstək Kremli narahat edib. Biz ermənilərin və onlarla birgə hərəkət edən qüvvələrin yaydıqları dezinformasiyaları təkzib etməklə məşğuluq. Qabaqlayıcı addımlar barədə düşünməli və bu addımları reallaşdırmalıyıq. Haqlı olduğmuz halda müdafiə mövqeyindən çıxış etməməliyik".
Azərbaycan Tovuz cəbhəsində işğalçının planlarını pozandan sonra Minsk Qrupu yenidən Ermənistanın “nəfəs dərməsi” üçün hərəkətə keçib. Amma Bakı imitasiya xarakterli danışıqlar istəmir. Çünki N.Paşinyan bir tərəfdən qorxusunu ört-basdır etmək üçün rəsmi Bakının qarşısına “7 şərt” qoyduğunu bildirdi. Bunun cavabı ordumuzdan gəldi. 27 iyul gecəsi Tovuz istiqamətində snayperlə 1 erməni muzdlu döyüşçü məhv edildi. Bu, bir xəbərdarlıq atəşidir...
