|
Uzanan dost əli, Serb prezidentin xəyanəti...

Elxan Şahinoğlu: “Serbiya ilə münasibətlərə yenidən baxmalı olacağıq...”

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri “Dağlıq Qarabağa sülh və ədalət” adlı bəyanat yayıblar. Bəyanatda Azərbaycanın beynəlxalq ictimaiyyət və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü dəstəklənir.

Qeyd olunur ki, bu gün təxribatlara, atəşkəs sazişinin pozulmasına baxmayaraq, Azərbaycan yenə də təmkin göstərərək, müvafiq qanuni kanallar vasitəsilə vəziyyəti düzəltməyə çalışır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas prinsiplərindən biri sülhməramlı yollarla sülh üçün çalışmaqdır: “Beləliklə, biz beynəlxalq ictimaiyyəti əvvəlki qətnamələrin, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasını, beynəlxalq hüquq çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasını, tələb olunduğu kimi, Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan hərbi qüvvələrinin çıxarılmasını təmin etməyə və Ermənistan-Azərbaycan münaqişəsinin davamlı həllinə nail olmağa çağırırıq”.

Maraqlı nüans bəyanata imza atanlar arasında 2008-2012-ci illərdə Serbiyanın baş naziri vəzifəsini tutmuş Mirko Svetkoviçin olmasıdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq baş nazir Azərbaycanla həmfikir, dəstək olduğu halda Serbiyanın hazırkı siyasi rəhbərliyi bizə arxa çevirərək, Ermənistana silah göndərir.

Qeyd edək ki, sabiq baş nazir Svetkoviç vəzifədə olduğu dövrdə də Azərbaycana dost münasibət sərgiləyib. Bunu azərbaycanlı rəsmilərlə görüşlərində səsləndirdiyi fikirlər təsdiqləyir və elektron medianın arxivində qalır. Amma Serbiyanın indiki siyasi hakimiyyəti, prezident Aleksandr Vuçiç Ermənistana silah-sursat yollayıb. Halbuki Serbiyanın da Kosovo kimi bir problemi var.

interview.az - "Atlas Araşdırmalar Mərkəzi"-nin rəhbəri Elxan ...

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Serbiyanın Ermənistana silah satması Azərbaycanın haqlı narahatlığı idi. Onun sözlərinə görə, bu ölkə ilə əməkdaşlıq edirik, kreditlərimiz, ortaq layihələrimiz var, eyni zamanda Serbiya Azərbaycan qazına maraq göstərir: “Bu səviyyədə əməkdaşlıq olduğu halda Serbiyanın Ermənistana silah satması bizdə narazılıq yaratmalıydı. Bu, ona bənzəyir ki, Azərbaycana tərəfdaş ölkə - Ukrayna da bu addımı atsaydı, bizdə narahatlıq doğurardı. Əlbəttə, Serbiya hansı ölkəyə silah satmağın öz daxili işi olduğunu söyləyə bilər. Ancaq biz də deyə bilərik ki, Serbiya ilə münasibətlərə yenidən baxmaq hüququmuz var. Niyə düşmənə silah satan ölkəyə yatırım qoymalıyıq?”

E.Şahinoğlu qeyd etdi ki, Serbiyanın səhvə yol verdiyini onların keçmiş prezidenti və eks-baş naziri də təsdiqləyib: “Keçmiş prezident açıq şəkildə söylədi ki, onun vaxtında bu cür əməliyyatların qarşısı alınırdı, Azərbaycan əleyhinə heç bir addım atılmırdı. Amma təəssüf ki, Serbiyanın indiki hakimiyyət bu siyasətə sadiq qalmadı. İnanmıram ki, Serbiyanın hazırkı hökuməti Azərbaycanla əməkdaşlığa zərbə vurulmasını arzulayar, bu, onların maraqlarına cavab vermir. O da mümkündür ki, Serbiyada ruspərəst qüvvələr hansısa şirkət vasitəsi ilə Ermənistana silah ötürsünlər, nəticədə Azərbaycanla əlaqələr soyusun. Belə bir ehtimal var. Sadəcə, istənilən halda Serbiya hökuməti silahın satışının qarşısını almalı idi”.

Siyasi şərhçi təəssüf edir ki, serb hökuməti silah satışı ilə bağlı bundan sonra izdivacın qarşısını alacaqlarını dilə gətirməyib: “Deməli, gələcəkdə yenə Ermənistana silah satışı istisna deyil. Bu, o deməkdir ki, Serbiya ilə münasibətlərə yenidən baxmalı olacağıq. Serbiyanın keçmiş prezidenti açıq etiraf edir ki, indiki rəhbər Azərbaycanla əlaqələrin üstündən xətt çəkdi”.