|
Los-Ancelesdə, Belçikada keçirilən aksiyalarda Türkiyə diasporu niyə Azərbaycanın yanında olmadı?

12 iyulda Azərbaycanda Tovuz rayonu istiqamətində baş verən hadisələrlə bağlı dünyanın bir çox ölkələrində soydaşlarımızın ordumuza, xalqımıza dəstək aksiyaları davam edir. Bu yöndə keçirilən bütün aksiyalar xalqımızın həmrəyliyi, birliyi nümayiş olunur.

Lakin son bir neçə aksiyada soydaşlarımız erməni təxribatı və vəhşiliyi ilə bir daha üz-üzə gəldi. Belə ki, iyulun 22-də Ermənilər Azərbaycanın Belçikadakı səfirliyi qarşısında etiraz aksiyası keçirərkən soydaşlarımıza daşlarla hücum etdilər. Xəsarət alanlar arasında REAL televiziyasının əməkdaşı Xatirə Sərdarqızı da var. Jurnalistin sözlərinə görə, ermənilər əvvəlcədən hazırlaşaraq əllərində, çantalarında daşlar gətirib və onları soydaşlarımıza atıblar.

Həmvətənlimiz ermənilərin bu vəhşiliyi qarşısında Belçika polisinin həmin an heç bir müdaxilə etmədiyini bildirib:

“Bizim həmyerlimiz bizə dəstək üçün səfirliyin qarşısına gəlmişdi və maşınını da orada saxlamışdı. O, maşının arxa hissəsində olan nömrənin yerinə Azərbaycan yazmışdı. Erməni vandalları, terrorçuları avtomobili əzib, nömrə hissəsini yandırmış, pəncərələrini sındırmışdılar. Bir sözlə yararsız hala salmışdılar. Hətta səfirliyin üçüncü mərtəbəsinin pəncərələrini sındırmışdılar. Biz bu qədərini gözləmirdik. Hətta ayaqqabısını çıxardıb atan da var idi. Sonradan bizə bildirdilər ki, 15 erməni polis tərəfindən saxlanıb. Bütün hallarda polisdən güclü müdaxilə görmədik”.

Həmçinin Los-Anceles Azərbaycanın Baş Konsulluğu qarşısında ermənilərin etiraz aksiyası keçirərkən orada olan soydaşlarımıza hücum edərək, onları yaraladılar.

"Eurovision" təmsilçilərimizdən olan və uzun illərdir ABŞ-a köçən müğənni Fərid Məmmədov bu barədə sosial şəbəkədə qeyd edib:

"Ermənilər 4 mindən çox idilər: yüksək səslərin səsləndirildiyi avtobus, üzərində etiraz sözləri yazılan köynəklər...

Konsulluğu qorumaq üçün 30-40 azərbaycanlı ora toplaşdı. Onlar burada yaşanan mübahisədə mübarizə apardılar və zədə aldılar. 30-40 insan 4 minə yaxın erməni ilə davada o qədər cəsarət göstərdilər ki, sanki "300 spartalı" döyüşürdü. Hər şey hazırlıqsız olmuşdu".

Bu hadisələrdən bir sual doğurur - bəs Türkiyə diasporu niyə qürbətdə soydaşlarımıza dəstək nümayiş etdirmədi, onlarla birgə olmadı?

Elbəyi Həsənli: "Ermənilərin “balaca Ermənistan” adlandırılan Los-Ancelesdə sanballı gücə sahibdirlər"


Məsələ ilə bağlı İsveçrədə yaşayan mühacir jurnalist Elbəyi Həsənli Müsavat.com-a danışıb:

"Los-Ancelesdə erməni diasporunun nə qədər güclü olması haqda hər kəs bilir. Bu şəhərdə yarım milyon nəfərdən çox erməni yaşayır. Təkcə bu şəhərdə ermənilərin 22 kilsəsi, 12 məktəbi var. Ümumiyyətlə, ABŞ-da erməni lobbisi güclüdür. Təsadüfi deyil ki, ABŞ-ın nüfuzlu siyasi xadimlərindən olan Zbiqnev Bjezinski “erməni lobbisi ABŞ-da ən effektiv etnik lobbilərdən biridir” deyib. Yəni ermənilərin Amerikada, xüsusən “balaca Ermənistan” adlandırılan Los-Ancelesdə sanballı gücə sahib olmasını etiraf etmək lazımdır.

Ancaq bu heç də o demək deyil ki, soydaşlarımız erməni lobbisinə təslim olmalıdır. Əksinə, bu o deməkdir ki, biz az qüvvə ilə daha böyük işlər görməyin yollarını dəqiq müəyyən etməliyik".

Elbəyi Həsənli qeyd edib ki, bu məsələdə Türkiyə və Azərbaycan diasporunun birgə fəaliyyət göstərməsi son dərəcə önəmlidir:

"Bu birlik təkcə ABŞ üçün yetərli deyil. Bütün dünyada sinxron hərəkət etməliyik. Heç bu da hamısı deyil. Məsələn, mənim yaşadığım İsveçrədə Türkiyə diasporunun üzvləri arasında digər türk xalqlarının nümayəndələri, o cümlədən özbək, qırğız, türkmən, uyğurlar az deyil. Yəni türklər qürbətdə olanda təbii olaraq bir araya gəlirlər. Və bu, son dərəcə müsbət hadisədir.

Konkret Los-Anceleslə bağlı onu deyim ki, bu şəhərdə Azərbaycan diasporu yeni formalaşır. Amma bu şəhərdə 10-dan çox Türkiyəyə bağlı diaspor təşkilatı var. "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" (ASALA) terror təşkilatı ABŞ-da da türkiyəli diplomatları qətlə yetirib. Bu amil Amerikada Türkiyə diasporunun daha da möhkəmlənməsinə təkan verib. Amerikada Türkiyənin əleyhinə təkcə erməni diasporu mübarizə aparmır, Yunanıstan diasporu da onlarla eyni mövqedən çıxış edir. Los-Ancelesdəki Türkiyə diasporuna bağlı təşkilatların bir neçəsinin adını xatırladım: “Turkish American Associations of California” (TAAC), “American Turkish Associations of Southern California” (ATASC), “Los Angeles Turkish American Associations (LATAA)”, “Orange County Turkish American Associations” (OCTAA), “Friends of Anatolia” və. s Los-Ancelesdəki Azərbaycan diasporu nümayəndələri ilk növbədə bu təşkilatlarla əlaqə saxlamalıdırlar. Görünür, bu əlaqələr istənilən səviyyədə deyil".

Elbəyi Həsənli Cenevrə şəhərində BMT-nin binası qarşısında keçirilən mitinqdən də danışıb:

"Həmin mitinqə dəstək verənlər arasında Türkiyə türkləri də vardı. Almaniyada keçirilən eyni məramlı nümayişlərdə də Türkiyə diasporu nümayəndələri soydaşlarımıza dəstək veriblər. Nədən bu dəstək Belçikada olmayıb, bu barədə ciddi düşünmək lazımdır, gələcəkdə oxşar səhvlərdən yayınmaq üçün situasiyanı soyuq başla analiz etmək gərəkir. Belçikada da Türkiyə diasporu xeyli güclüdür. Orada 250 min nəfərə yaxın türk yaşayır. Təbii ki, Belçikadakı soydaşlarımız onlarla sıx əlaqədə olmalıdır. Bir məsələ də var ki, Türkiyə və Azərbaycan diasporları arasındakı əlaqələr adıçəkilən dövlətlərin xarici siyasətində mütləq nəzərə alınmalıdır və dövlətlər bu birliyi təşviq etməlidir. Onu da deyim ki, Türkiyə diasporu Avstriya, Danimarka, Fransa, Niderland kimi ölkələrdə çox güclüdür. Almaniyada isə 4 milyondan çox türkiyəli yaşayır.

Təəssüf ki, Los-Ancelesdə ermənilərin hücumuna məruz qalanlar arasında "REAL TV"-nin əməkdaşı Xatirə Sərdarqızı da var.

Jurnalistlər adətən “qaynar nöqtələrdə” olurlar. Onların döyülməsi o qədər də heyrət doğurmur. Hər il dünyada yüzlərlə jurnalist öldürülür. Ancaq REAL TV-nin xanım əməkdaşının döyülməsinə sosial şəbəkələrdə meydan sulayan “söyüş maşınları”nın münasibəti təəssüf doğurur. Hətta ümummilli məsələdə belə onlar son dərəcə tərbiyəsiz mövqedən çıxış edirlər. Onların arasında Məhəmməd Mirzəli niki ilə çıxış edən kəs xüsusi aqressivliyi ilə seçilir. O, fiziki təzyiqə məruz qalmış jurnalisti ən ağır ifadələrlə təhqir edir və bildirir ki, Ermənistan səfirliyinə müraciət edəcək ki, gələn dəfə ermənilər xanım jurnalistlə daha qəddar davransınlar. Ən pisi isə odur ki, belə sərsəm yazıları like edirlər. Mənim nəzərimdə belələri ermənidən də pisdir. Təəssüf ki, Qərb ölkələrində bu tip “vətənpərvər”lər az deyil. Ancaq erməni işğalına qarşı ayağa qalxan soydaşlarımızın Qərb ölkələrində keçirdiyi nümayişlər bir daha göstərdi ki, qürbətdə olan insanlarımız da Azərbaycan Ordusunun yanındadır və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar nəticə verməməsi ilə barışmaq fikrində deyillər. Azərbaycan-Ermənistan savaşı təkcə hərb meydanında getmir, harada biz varıq ora səngərdir və mövcud şəraitin verdiyi imkanlar çərçivəsində düşmənə qarşı mübarizə aparmalıyıq. Ermənistan üzərində hərbi qələbəmiz Milli Birlikdən keçir".

Zaur Bayramlı: "Türk icmasının yanımızda olmamasının səbəbi təşkilatçılıq problemindən qaynaqlanır"

ABŞ-da yaşayan jurnalist Zaur Bayramlı da mövzu ilə bağlı Musavat.com-a danışıb:

"Məlum olduğu kimi, Amerikanın Los-Anceles şəhərində və ötən gün Belçikanın paytaxtı Brüseldə ermənilər soydaşlarımıza hücum etdilər. Los-Ancelesdə soydaşlarımız Azərbaycanın bu ölkədəki baş konsulluğunun önündə ermənilərin keçirəcəkləri aksiya zamanı konsulluğumuza qarşı törədəcəkləri təxribatdan qorumaq üçün toplaşmışdılar. Görüntülərdən də aydın görmək olur ki, soydaşlarımız çox dinc şəkildə dayanıb, sadəcə şüarlar səsləndirir, ermənilərin heç bir təxribatına qarşılıq vermirdilər.

Çox təəssüf ki, Los-Ancelesdə ermənilər sayca çox böyük üstünlük təşkil edirlər. Səhv etmirəmsə, bu şəhərdə yarım milyon erməni yaşayır. Hətta şəhərin merinin də erməni kökənli olması məlumdur. Belə bir qeyri-bərabər şəraitdə ermənilər soydaşlarımıza hücum edərək bir neçə soydaşımızı yaraladılar. Onlardan 4 nəfəri xəstəxanaya yerləşdirilmişdi. Hətta reanimasiya şöbəsində olan birinin durumu çox ağır idi.

Həmçinin Belçikada da soydaşlarımıza hücum oldu, yaralananlar var. Onların arasında satirik şairimiz Mirzə Sakitin oğlu Cahandar da başından ağır zərbə alıb. Mirzə Sakitin kürəkəninin maşını da yarasız hala salmışdılar".

Zaur Bayramlı qeyd etdi ki, bu hadısələr zamanı türk diasporunun soydaşlarımızın yanında olmamasının səbəbi təşkilatçılıqla bağlıdır:

"Azərbaycanda baş verən 12 iyul hadisələrindən sonra 16 iyul tarixində Vaşinqtonda erməni səfirliyinin önündə böyük aksiya keçirdik. Bildirim ki, bu aksiya çox uğurlu alınmışdı, hansı ki, son illərdə bu qədər insanı bir araya gətirə bilmirdik. Beləliklə, həmin aksiyada Vaşinqtondakı türk icmasının təmsilçiləri bayraqlarla bizə qoşulmuşdular, yanımızda idilər. Üç gün sonra isə Vaşinqtondakı erməni icması bu dəfə qarşılıq olaraq Azərbaycan səfirliyinin önündə aksiya keçirməyi planlaşdırdılar. Biz də səfirliyimizin müdafiəsi məqsədi ilə ora toplaşdıq. Yenə də möhtəşəm, çoxlarının da qeyd etdiyi kimi, son 20 ilin ən gözəl aksiyasını keçirdik. Səfirliyimizi nəinki ermənilərdən qoruduq, onları çox rəzil duruma saldıq. Bizim 300-400 nəfərlik soydaşımız çox coşqulu halda aksiyada iştirak etdikləri halda cəmi 25-30 erməni toplaşmışdır, hansı ki, bu aksiyaya bir neçə gün hazırlıq görmüşdülər.

Los-Ancelesdəki hadisə ermənilərin Vaşinqtonda yenilməklərinin cavabı idi. Hesab edirəm ki, Los-Ancelesdə, Belçikada və yaxud başqa yerlərdə türk icmasının yanımızda olmamasının səbəbi təşkilatçılıq problemindən qaynaqlanır. Onlar da dəvət edilməli, məlumatlandırılmalı idilər".