Tokio hökuməti paytaxt sakinlərini iyulun 23-dən başlayan bayram və istirahət günlərində evdə qalmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə paytaxt hökuməti Tokioda gün ərzində maksimum koronavirus yoluxması sayı qeydə alındıqdan sonra çıxış edib.
İyulun 22-də axşam Tokio administrasiyasının rəsmi nümayəndələrinin ekspertlərlə görüşündən sonra paytaxtda koronavirus yoluxması ilə əlaqədar təhlükənin ən yüksək səviyyədə saxlanması barədə qərar qəbul olunub. Son həftə ərzində paytaxtda koronavirusa yoluxmanın gündəlik orta həddi 230 nəfər təşkil edib. Eyni zamanda, mənbəyi məlum olmayan yoluxmaların sayının artdığı da bildirilir.
Qeyd edilir ki, virusun yayılması yalnız gecə klubları və barlarla əlaqəli deyil. Yaşayış binaları, iş yerləri və restoranlar da virusun yayılma mənbələrindəndir. Xüsusən yaşlı əhali arasında yoluxanların sayı artır. Bununla yanaşı, səhiyyə sistemi gərgin rejimdə işləməkdə davam edir.
Vəziyyəti şərh edən Tokionun qubernatoru xanım Koike Yuriko deyib: “Əgər siz evdən çıxırsınızsa, yoluxmanın qarşısını almaq üçün mütləq ehtiyat tədbirləri görün. Biz, həmçinin sakinlərdən xahiş edirik ki, imkan daxilində evdən çıxmaqdan çəkinsinlər”.
Qeyd edək ki, son sutka ərzində Yaponiyada 795 koronavirusa yoluxma halı qeydə alınıb. Ölkə üzrə virusa yoluxanların ümumi sayı 28 minə çatıb.
