Tovuz döyüşünün əks-sədası Avropa və Amerikada-Los-Anceles erməniləri təxribata əl atdı; Politoloq Zaur Məmmədov: “İnformasiya müharibəsi bəzən səngərdən heç də az vacib rol oynamır”
ABŞ-da erməni yalanlarına qarşı etiraz aksiyaların davamlı xarakter alması erməni diasporunu çıxılmaz vəziyyətə salıb. Paytaxt Vaşinqtonda soydaşlarımızın izdihamlı aksiyalarından sonra ABŞ Konqresinin Ermənistanı işğalçı olaraq tanıyan sənəd qəbul etməsindən sonra ermənilər mübarizəni qeyri-sivil müstəviyə çəkməyə başlayıblar.
Ötən gün Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunun binasının önündə həmvətənlərimiz ermənilərlə üz-üzə gəliblər. Yarım milyon erməninin yaşadığı və baş nazir Nikol Paşinyanın “erməni diasporu”nun paytaxtı adlandırdığı Los-Ancelesdə Qarabağ həqiqətlərinin obyektiv şəkildə təqdim olunması yerli erməni lobbisini narahat edib. “Report”un yerli bürosu xəbər verir ki, həmvətənlərimiz Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binasının önündə aksiya təşkil etməyi planlaşdıran ABŞ-dakı əsas erməni lobbi təşkilatı Amerika Erməni Milli Komitəsinin (ANCA) üzvlərinin önünə canlı sipər çəkiblər. Aksiya iştirakçıları Ermənistanın işğalçı ölkə olduğunu əks etdirən tarixi faktlar, habelə ermənilərin Azərbaycanın sərhəd rayonu olan Tovuzda təxribat zamanı şəhid olmuş hərbçilərin fotoşəkillərindən ibarət plakatlarlarla “Terrorçu Ermənistan”, “İşğalçılığı dayandır”, “Uşaq qatilləri”, “Ar olsun Ermənistana!” şüarları səsləndiriblər. Aksiya zamanı ermənilər təxribata əl atıblar. ABŞ poilisi yüzlərlə erməninin toplaşdığı ərazidə təhlükəsizliyi təmin etməyə çalışsa da, aksiya insitentsiz ötüşməyib. Ermənilər həmvətənlərimizə hüçum çəkiblər. Qarşıdurma zamanı azərbaycanlılar arasında bir neçə nəfər yaralanıb.

ABŞ-da yaşayan azərbaycanlıların Musavat.com-a verdiyi məlumata görə, Azərbaycan vətəndaşlarından biri reanimasiyaya yerləşdirilib. Ermənilər isə sosial şəbəkələrdə Azərbaycan bayrağını Los-Ancelesdə necə təhqir etdiklərinin görüntülərini yayıblar. Davanı bir sıra Amerika tv -ləri, o cümlədən Amerikanın məşhur NBC kanalı da yayıb.

Əslində ermənilərin təxribata əl ata biləcəyini, Konqresin qərarından sonra daha da aqressivləşəcəyini yazmışdıq və çox keçmədi ki, bu, baş verdi. Sevindirici hal budur ki, bu gün savaş yalnız Tovuz-Qazax bölgəsində, yaxud Qarabağ istiqamətində getmir. Azərbaycanlıların və ermənilərin yaşadığı istənilən ölkədə savaş gedir, Rusiyadan tutmuş ABŞ-adək. Soydaşlarımız hər bir ölkədə getdikcə ermənilərə qarşı dirənişdə önə çıxırlar və erməni diasporu barədə formalaşan mifi alt-üst edirlər, bunu ABŞ və Avropada da görürük. Amma, sözsüz ki, kifayətlənmək olmaz, çatışmazlıqlar aradan qaldırılmalı, səfirliklərlə diaspor təşkilatları sıx işləməlidirlər. İşləyəndə nəticəni görürük, son nümunələrdə olduğu kimi...
Politoloq Zaur Məmmədov “Yeni Müsavat”a bu barədə danışarkən dedi ki, baş verənlər gözlənilən idi: “ABŞ -ın Kaliforniya ştatının Los -Anceles şəhərində ermənilər bir daha sübut ediblər ki, işğalçı və qatil olmalarına baxmayaraq, onlar indi də azərbaycanlılara qarşı nifrət etməkdə davam edirlər. Amerikadakı azərbaycanlıların diaspora təşkilatları ermənilərin Ermənistandan sonra kompakt halda ən çox yaşadığı Kaliforniyada erməni vəhşiliyinə yerli KİV-lərdə diqqəti artırmalıdır. Ümumiyyətlə, istər Los Ancelesdə, istər Avropanın ayrı - ayrı şəhərlərində və Moskvada iki diaspora arasında baş verənlər bir daha sübut etdi ki , azərbaycanlılarla ermənilər arasında münaqişə təkcə Cənubi Qafqazda deyil, bütün dünyadadır. Təbii ki, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı ermənilərə qarşı mübarizəsini bir an belə dayandırmamalıdır. 1828 -ci ildən başlayaraq indiyə qədər azərbaycanlılara qarşı soyqırımlar və qətliamlar törədən, torpaqlarımızı müxtəlif zamanlarda öz ərazinə müxtəlif yollarla daxil edən Ermənistana qarşı hər yerdə mübarizə aparmalıyıq. Unutmamalıyıq kı, bu mübarizənin effektiv olması üçün bizim həmrəy və sistemli şəkildə fəaliyyət göstərməyimiz olduqca vacibdir. Bu isə milli xüsusiyyətlərdən asılı olmaqla yanaşı, həm də səfirlik və diaspora təşkilatlarının fəaliyyəti ilə birbaşa bağlıdır”.

Bir çoxları hesab edir ki, növbəti təxribatların qarşısını almaqla yanaşı, hücumda olmağımız mütləqdir, çünki artıq müdafiə yetər! Z.Məmmədov qeyd etdi ki, effektiv informasiya müharibəsinin aparılması və xaricdə böyük və güclü diaspora təşkilatların yaradılması, ayrı - ayrı xarici lobbistlərlə işlərdə uğur əldə etmək üçün - XİN, səfirliklər, Bakıdakı beyin mərkəzləri, Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdəki diaspora təşkilatlarımız ayrı - ayrılıqda deyil, birlikdə və sistemli şəkildə fəaliyyət göstərməlidirlər: “Hələlik sistemli işin olmasını desək yalan demiş olarıq. Çünki dünənə qədər biz daha çox bu adıçəkilən qurumlar arasında bir - birinə kömək yox, mane olmanın şahidi idik. Səfirliklər və diaspora təşkilatları xaricdə öz liderlik ambisiyalarını sübut etmək əvəzinə, ümumdövlət naminə bir - birini dinləməyi bacarmalı və birlikdə hərəkət etməlidirlər. Ümid edirəm ki, tez bir zamanda biz bu işlərə təcrübəsi olan və lazımlı adamları cəlb etməklə kompleks addımların atılmasının şahidi olacayıq”.

Politoloq hesab edir ki, yeni strateji hədəflər tərtib olunmalı və icra olunması üçün muvafiq strukturlara verilməlidir: “Sonda mütləq şəkildə qeyd etməliyəm ki, informasiya müharibəsi bəzən səngərdən heç də az vacib rol oynamır. Əminliklə qeyd etməliyəm ki, ermənilərin əsrlərdi bizə qarşı davam edən informasiya müharibəsində üstünlüklərinin qarşısı məhz ümumilli lider Heydər Əliyev, daha sonra isə cənab Prezident İlham Əliyev tərəfindən alındı. Bu gün Azərbaycan həqiqətlərinin dünyada tanınmasının, ayrı - ayrı təşkilatlar və dövlətlər tərəfindən Ermənistanın işğalçı ölkə kimi qəbul edilməsinin şahidiyik. Cənab Prezident İlham Əliyev və Birinci vitse - prezident Mehriban xanım Əliyevanın müxtəlif istiqamətlərdə apardıqları effektiv iş nəticəsində Azərbaycan Ermənistan qarşısında müsbət imic əldə etmiş və bu da münaqişənin istər danışıqlarda , istərsə də qeyri-sülh yolu ilə həll olunması zamanı Azərbaycana üstünlüklər verməkdədir”.
