|
Milli Mətbuat Günündə Prezidentdən rəsmi təbriklər, fəxri adlar, yeniliklər...

22 İyul - Azərbaycanda Milli Mətbuat Günü  kimi qeyd  olunub. Bu münasibətlə  Prezidenti İlham Əliyev rəsmi facebook səhifəsində mətbuatın 145 illik yubileyi ilə bağlı  paylaşım edib. Paylaşımda deyilir ki, əsası “Əkinçi” ilə qoyulan, maarifçilik, müasirlik və müstəqillik ideyalarının daşıyıcısı olan Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynayıb. Bundan başqa, Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva 22 İyul - Milli Mətbuat Günü münasibətilə paylaşım edib. Musavat.com-un  xəbərinə görə, Mehriban Əliyevanın rəsmi “İnstagram” hesabındakı paylaşımda bildirilir: “Hörmətli KİV nümayəndələri! Əziz dostlar! Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!”

İyulun 22-də Milli Mətbuatımızın 145 illiyi və Mətbuat Günü münasibətilə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF), Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın,  Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin xatirəsini ehtiramla yad edib, məzarları önünə əklil və gül dəstələri qoyublar.

 

Günün əsas xəbəri isə Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Milli Mətbuatın 145 illiyi ilə əlaqədar ölkənin kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların, fərdi təqaüdlərin verilməsi, orden medallarla təltif  olunmaları haqda sərəncamlar imzalaması olub.

Sərəncamla Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının fəxri adları verilən media rəhbərlərinin və  jurnalistlərin sırasında “Yeni Müsavat” Media Qrupunun 3 üzvü var.

Belə ki, qəzetimizin baş redaktorunun I müavini Azər Ayxan (Abbasov) və Minval.az saytının redaktoru Tofiqəxanım Qasımova (Nurani) “Əməkdar jurnalist” fəxri adına, “Yeni Müsavat” qəzetinin siyasət şöbəsinin əməkdaşı Etibar Seyidağa isə “Tərəqqi” medalına layiq görülüb.

İyulun 22-də Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu karantin rejimini nəzərə alaraq, media rəhbərləri ilə onlayn konfrans keçirib.

Tədbir torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş zabit və əsgərlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra konfransda çıxış edənlər ölkəmizdə fəaliyyət göstərən mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, mətbuatımızın tarixindən, onun zəngin ənənələrindən bəhs ediblər. Bildirilib ki, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasında mətbuatın rolu danılmazdır.

Müxtəlif dövlət qurumlarını təmsil edən rəsmilərin, KİV rəhbərlərinin və digər iştirakçıların qoşulduğu videokonfransda milli mətbuatımızın əsasının görkəmli ziyalı, böyük maarifçi Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə qoyulduğu, çətin və şərəfli inkişaf yolu keçərək, bu gün də özünün ən yaxşı ənənələrini davam etdirdiyi, cəmiyyətimizin inkişafına, maariflənməsinə xüsusilə gənc nəslin tərbiyəsində öz əhəmiyyətli töhfəsini verdiyi qeyd olunub.

Bu sahədə tarixi xidmətlər göstərmiş fədakar ziyalılarımızı dərin hörmət hissi ilə yad edən qonaqlar günümüzdə Azərbaycan mətbuatının qarşısında duran vəzifələr və artıq beynəlxalq münasibətlərin tərkib hissəsinə çevrilmiş informasiya müharibəsi şəraitində jurnalistlərin üzərinə düşən məsuliyyət barədə maraqlı fikir mübadiləsi aparıblar.

İyulun 22-də həmçinin Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov 22 İyul - Milli Mətbuat və Jurnalistika Gününün 145-ci ildönümü münasibətilə bir qrup jurnalistin təltif olunması haqqında qərar qəbul edib.

Musavat.com-un verdiyi  xəbərə görə, qərara əsasən, Avropa qitəsindəki Azərbaycan təşkilatlarının və icmalarının həyat və fəaliyyətlərini davamlı olaraq dolğun və operativ şəkildə işıqlandırdıqlarına görə 7 jurnalist Avropa Azərbaycanlıları Konqresinin “Xatirə Medalı” ilə təltif edilib. 

“Yeni Musavat” media qrupunun rəhbəri Rauf Arif oğlu Abbasov da təltif edilənlərdən biri olub.

Məlumat üçün qeyd edək ki, KİVDF-nin saytı Milli Mətbuat Günündə yeni dizaynla istifadəyə verildi. Azərbaycanda  Milli Mətbuat Günü kimi qeyd olunan 22 iyulda Kütləvi  İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun kivdf.gov.az saytı da yeni dizaynı ilə istifadəçilərə təqdim olunub. Sayt ümummilli lider Heydər Əliyevin “Mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən jurnalistləri həmişə sevmişəm...” cümləsi ilə açılır. İnternet səhifəsində Fond haqqında məlumat, nizamnamə və konsepsiyasi, KİV qanunvericiliyi, Fondun keçirdiyi son müsabiqələr yer alır. Səhifədə izləyicilər həmçinin Həsən bəy Zərdabinin xatirə muzeyinə virtual səyahət edə bilərlər.