İyulun 12-də ermənilərin cəbhənin Tovuz rayonu istiqamətində törətdikləri təxribatlardan iki gün sonra Bakıda Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən möhtəşəm yürüşdən bir həftə ötdü. Bu müddət ərzində ən çox müzakirələrə səbəb bu yürüşə kölgə salmaq məqsədilə bəzi iştirakçıların Milli Məclisə soxulmaları, polis maşınını aşırmaları oldu. Artıq bununla bağlı hüquq-mühafizə orqanları qanunlar çərçivəsində təxribatçıların həbsini həyata keçirib.
Saxlanılanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri də var. Onların hər biri parlamentdəki təxribat görüntülərində yer alırlar.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı məsələyə çox sərt reaksiya verib: “Əli Kərimli çox məkrli bir oyunun içərisindədir. Bu oyunu da, ssenarini də onun özü qurub. Müharibə başlayanda Əli Kərimlinin bəyanatı normal başlanğıc idi. Düşünüldü ki, nəhayət, Əli Kərimli milli və dövlət maraqlarını Azərbaycana qarşı Ermənistanın uzun illərdən bəri həyata keçirdiyi işğalçılıq siyasətinə qarşı ölkə vətəndaşı kimi mövqeyini ortalığa qoyur, xalqla bərabərdir, dövlətlə birgədir. Ancaq bundan dərhal sonra Azərbaycan xalqının və gəncliyinin vətənpərvər xarakteri daşıyan yürüşünə kölgə salmaq cəhdi, Milli Məclisin binasının zorakılıqla zəbt edilməsi-əlbəttə bu zəbt idi-polis maşınlarına dəymiş olan ziyan, polisə müqavimət, eyni zamanda hakimiyyətə qarşı səsləndirilən şüarlar sübut etdi ki, burada müəyyən qrup təşkil olunmuş şəkildə həmin nəcib, vətənpərvər aksiyanın içərisinə xaincəsinə soxulub, onun möhtəşəmliyinə kölgə salmaq niyyəti güdürlər. Hər birimiz gözlədik ki, görək hüquq-mühafizə orqanları rəsmi şəkildə baş vermiş olan hadisəyə necə qiymət verəcəklər, saxlanılanların kimliyi müəyyənləşəcək və s. Daha sonra ölkə Prezidenti səviyyəsində bu məsələyə ilkin münasibət ifadə olundu. Əlbəttə, dövlət başçısının əlində kifayət qədər dəqiq, səhih və yoxlanılmış məlumatlar var. Ölkə başçısı təxribat törədənlərin AXCP olduğunu açıq şəkildə ifadə etdi. Bu, artıq aksiyadan bir neçə gün sonraya təsadüf edirdi. Hüquq-mühafizə orqanlarının əllərində heç şübhəsiz ki, konkret faktlar mövcud idi. Bu faktlara söykənən ölkə Prezidenti məhz o fikirlərini söylədi. Sonradan cəmiyyətə həmin şəxslərin adı, soyadı təqdim olundu. İndi daha bir neçə nəfərin bugünlərdə adları bəlli oldu. Məlum olur ki, bunlar AXCP-nin üzvləridir və bu məkrli planın arxasında birbaşa Əli Kərimli və onu xaricdən idarə edən erməni lobbisi dayanır. Bunlar özlərinin adını nə qoyurlar qoysunlar, dövlət öz sözünü deməlidir. Xainlərə xalqımız içərisində yer olmalı deyil. Onların Azərbaycan qanunları çərçivəsində törətmiş olduqları əməllərinə hüquqi qiymət verilməlidir. Onlara törətmiş olduqları cinayət əməllərinə görə bəyanatla, hər hansı bir çağırışla güzəştə getmək olmaz. Uzun illərdən bəri bu və ya digər platformalarda Azərbaycan dövlətçiliyinə qarşı çıxan Əli Kərimli və onun xaricdəki ruporları birmənalı şəkildə bu gün erməni lobbisinin içərisində yer alıblar. Onlar erməni dövlətinə xidmət edən və Azərbaycan xalqının düşmənləri ilə bir yerdə olan insanlardır. Bu insanlara Azərbaycan vətəndaşı demək belə mümkün deyil. Onlar artıq ölkəmizin vətəndaşlığına belə xəyanət etməkdədirlər. Azərbaycan bu gün güclü dövlətdir. Onların bu və ya digər bəyanatları, sosial şəbəkələrdəki söyüşləri, təhqirləri, milyonlarla pul üzərində oturaraq, xalqımıza qarşı törətmiş olduqları xəyanətləri bağışlamaq olmaz. Çünki qarşıda bizi çox ciddi vəzifələr gözləyir. İlk növbədə, biz işğal olunmuş torpaqlarımızı azad etməliyik. Diqqət edin, Tovuz istiqamətində bir neçə gün davam edən döyüşlər zamanı bu cür eybəcərliklər ortaya çıxdısa, Azərbaycan bütün torpaqlarını işğaldan azad etmək uğrunda ümumxalq döyüşünə, vətən müharibəsinə başlayanda, görün o zaman bunlar hansı əməllərdən çıxacaqlar. Ona görə də bu cür qanqalları Azərbaycan cəmiyyətindən hökmən təmizləmək lazımdır”.

Deputat fikirlərinə Milli Şura sədri Cəmil Həsənlinin son zamanlar tutduğu mövqeyinə münasibətini bildirməklə davam etdi: “Diqqət edin, Cəmil Həsənli yaşının ixtiyar çağında gedib erməni lobbisinin qucağında oturdu. Amerikada ermənilərin pulları ilə öz yüksək həyatını təmin edən Cəmil Həsənli keçmişinə, xalqına, dövlətinə, vətəninə, öz nəslinə, kökünə xəyanət etməkdədir. Bu cür insanların Azərbaycana hər hansı bir bağlılıqları yoxdur. Mənəviyyatını, şəxsiyyətini itirəndən, vətəninə xəyanət edəndən nə gözləmək olar? Xaricdə Cəmil Həsənli və onunla bərabər olan, ona dəstək verən Sevinc Osmanqızı, daxildə Əli Kərimli və onun təxribatçı və anarxist ətrafı, ona dəstək verən Qənimət Zahid. Onlar düşünmürlər ki, insan nə vaxtsa dünyasını dəyişir, ləyaqətli insan hər zaman doğulduğu torpaqda dəfn olunmasını vəsiyyət edir. Görəsən, bunların buna mənəvi haqları çatacaqmı? Bu mümkün deyil. Onları ölüm anında yaxın qohumları da, heç Azərbaycan torpağı da qəbul etməyəcək. Onlar bunu da heç düşünmürlər. Vətənə, dövlətimizə, xalqımıza xəyanət etməkdə davam edirlər. Xəyanətin hökmən cavabı verilməlidir”.
F.Ağamalı ermənilərin Tovuz istiqamətindən təcavüzü zamanı milli ordumuzun göstərdiyi igid və qəhrəmanlığın düşmənin niyyətlərini alt-üst etdiyini də söylədi: “Son döyüşlərdə generalımıza qədər şəhid verdik. Amma bütün Azərbaycan xalqının ordu ilə həmrəy olduğu bir zaman kəsiyində bu antimilli qüvvələr, xaricdə olan Cəmil Həsənli, Sevinc Osmanqızı, Qənimət Zahid və onların ətrafındakılar niyə və nədən Azərbaycan vətənpərvərlərinin Amerika və digər Avropa ölkələrində keçirmiş olduqları aksiyalarda yer almadılar? Onlara nə mane oldu? Niyə çağırış etmədilər? Öz iradələrini ortalığa qoyub, Azərbaycan xalqı ilə nə üçün bərabər olmadılar? Bu cür arqumentli sualların qarşısında onlar simalarını ifadə etməkdədirlər. Nədən Cəmil Həsənli bu proseslərdə görünmədi? Azərbaycana qarşı bütün qarayaxmaların içərisində yer alan, ermənilərin əlində maşa rolunu oynayan Cəmil Həsənli niyə çıxıb xalqla bərabər Azərbaycan Ordusunun yanında olmadı? Böhtan, şər üzərində qurulmuş olan, Azərbaycana qarşı antitəbliğat kampaniyasının içərisində yer alan Cəmil Həsənli nədən Amerikada vətənpərvər insanlarımızla birlikdə olmadı? Deməli, o, artıq vətən övladı deyil. Onlar artıq çoxdan bu haqqı itiriblər”.
