Karantin rejimi yumşaldılarsa, turizm obyektlərinin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilə bilər
Bu ilki yay mövsümü turizm üçün itirilmiş il oldu. Əvvəlcə pandemiyanın sürətlə yayılması səbəbindən sərt karantin rejiminin tətbiqi həm çimərliklərin, həm də rayonlara gediş-gəlişin bağlanması ilə nəticələndi. Hotellər, kafe və restoranlar, istirahət mərkəzləri qapadıldı. Ardından bir həftəlik Tovuz döyüşləri cəmiyyətin əhval-ruhiyyəsini tamam dəyişdi və yay istirahəti gündəmdən çıxdı.
Bugünlərdə koronavirus pandemiyası ilə mübarizədə müsbət yeniliklər əldə olunub. Belə ki, sağalma sayı yeni yoluxma hallarını xeyli üstələyib. Bundan sonrakı dövrdə əhali qaydalara əməl edərsə, yoluxma sayını minimuma endirib qonşu Gürcüstan və Türkiyə kimi ən azından yayın son bir ayında turizm mövsümünü, çimərlikləri aça bilərik. Artıq dövlət rəsmiləri də avqust ayının 5-dən etibarən yumşalmalara gedilə biləcəyini açıqlayırlar. Bəs görəsən, turizmlə bağlı məsələ necə tənzimlənməlidir ki, növbəti mərhələdə pandemiya yeni dalğa yaratmasın?
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, əgər avqust ayının 5-dən etibarən ölkədə karantin rejiminin yumşaldılması ilə bağlı qərar verilərsə, bəzi rayonlara, turizm obyektlərinə getmək mümkün olacaq: “Ancaq bu bir şərtlə həyata keçirilməlidir ki, bütün turizm obyektlərində sanitar-gigiyenik, sanitar-epidemioloji standartlara əməl edilsin. Həm işçilər tərəfindən, həm də müştərilər tərəfindən qaydalara riayət olunsun. Pandemiyanın yayılmasının qarşısını almaq məqsədilə qoyulan qaydalara riayət edilib-edilməməsi ilə bağlı nəzarət mexanizmi işlənib hazırlanmalıdır. Hazırda mənim məlumatım yoxdur ki, bu nəzarəti necə həyata keçiriləcək”.

Müzəffər Ağakərimov
Ekspertin sözlərinə görə, qaydalara riayət edən turizm obyektlərinin siyahısı hazırlanmalıdır: "Həmin obyektlərin, Quba, Qusar, Xaçmaz, Qəbələ, Şəki, Lerik, Lənkəran kimi bölgələrdəki turizm mərkəzlərinin siyahısı da olmalıdır ki, vətəndaşlar ailəsi ilə istirahətə gedirsə, heç nədən qorxmadan dincələ bilsinlər. Əmin olsunlar ki, həmin turizm obyektlərində sanitar-epidemioloji vəziyyət normaldır, qida təhlükəsizliyinə əməl olunur. Bu siyahı olmalıdır, ancaq bizdə hazırda bu yoxdur. Həmçinin qoyulan qaydalar, onlara necə riayət edilməsi, nəzarət mexanizmi qeyri-müəyyəndir. Artıq həm Avropada, həm Türkiyədə, həm də qonşu Gürcüstanda turizm sahəsində pandemiya ilə bağlı standartlara necə əməl olunması ilə bağlı KİV-də məlumatlar verilir. Bizdə turizm obyektləri açılsa belə, orada vəziyyətin necə olacağı ilə bağlı hələlik məlumat yoxdur".
M.Ağakərimov vurğuladı ki, rayonlara yol açılsa belə, orada yerləşən kafe və restoranlar, hotellər bu duruma hazırlıqlı olmalıdır: “Birincisi, standartlara cavab verməlidir. İkincisi, nəzarət mexanizmi ciddi olmalıdır ki, sahibkarlar məsuliyyət hiss etsinlər. Üçüncüsü, insanlara standartlara cavab verən obyektlər barədə məlumat verilməlidir ki, onlar arxayınlıqla getsinlər və əmin olsunlar ki, koronavirusa yoluxmayacaqlar”.
Ekspert çimərliklər açıldıqdan sonra da sərt nəzarət tədbirlərinin davam etməsini vacib hesab etdi: “Hazırda çimərliklərdən istifadə də qadağandır və bu səbəbdən polis əməkdaşları orada nəzarət tədbirləri həyata keçirir. Onlar insanların sağlamlığını, təhlükəsizliyini, bu virusdan qorunmaq üçün görülən tədbirləri həyata keçirmək üçün səfərbər olunublar. Kifayət qədər çətin şəraitdə xidmət aparırlar. Ancaq rəsmi icazə verildikdən sonra da yaxşı olardı ki, standartlara əməl olunması ilə bağlı nəzarət tədbiri gücləndirilsin. Həm də çimərliklərin hamısını birdən yox, hissə-hissə açmaq da yaxşı olardı. Koronavirus elə bir bəladır ki, hər bir vətəndaş istəsə də, istəməsə də qaydalara riayət etməlidir. Sosial məsafəni qorumalıdır, maska taxmalıdır və sair. Çimərlik də çox lazımlıdır, istirahət önəmlidir. Ancaq bu il artıq zaman az qalıb. Gələn il istirahət üçün tam şərait olacaq. Bu səbəbdən indidən qaydalar işlənib hazırlanmalıdır”.
