|
Elşən Musayev: “Əli Kərimli kimi oyunbaz, məkrli, fəndgir siyasətçi belə məqamda sakit durmayacaqdı”

Yeganə Hacıyeva: “Azərbaycana qarşı təxribat törətmiş xarici dairələrə bağlı şəxslərin işləri siyasiləşir”

İyulun 14-də ordumuza dəstək üçün vətəndaşlarımızın Bakı küçələrində keçirdiyi yürüşün sonunda təxribat törədən, Milli  Məclisə soxulan şəxslər saxlanılıb və onlar barəsində cinayət işi başlanılıb. Həbs edilənlər sırasında AXCP funksioneri Asif Yusifli də daxil bu təşkilatın üzvləri olsa da, tutulanların böyük əksəriyyəti partiya mənsubiyyəti olmayan şəxslərdir.

Amma buna baxmayaraq, artıq AXCP və onun sədri bundan öz piarı geninə-boluna istifadə edir. Onlar  Azərbaycan hakimiyyətinin repressiyalar həyata keçirdiyi yönündə kampaniya başladıb. Hətta saxlanılanlar “müharibə məhbusu” kimi belə qələmə verilir.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev bütün bunların AXCP sədri Əli Kərimlinin oyunları olduğunu düşünür: “İyulun 14-də baş verən təxribat heç şübhəsiz ki, bəlli anti-milli qüvvələr, ələlxüsus da “5-ci kolon” tərəfindən planlaşdırılmış bir akt olub. Yayımlanmış videolardan, ortadakı faktlardan da aydın bəlli olur ki, müəyyən insan qrupu yürüşün əsl təyinatını dəyişməyə çalışır, istiqaməti Qarabağ mövzusundan yayındırmağa cəhd edir. Elə Milli Məclisin binasına quldurcasına girənlər də onlardır. Bu isə cinayət hadisəsidir. Cinayət törədən də cəzasını almalıdır. Fərqi yoxdur, müxalifətçi, bitərəf, ya qeyrisi. Kim cinayət törədirsə dövlətin qanunları qarşısında cavab verməlidir. O ki qala, həmin təxribatda AXCP üzvlərinin də iştirakına, açığı buna heç təəccüblənmədim. Niyə təəccüblənmədim? Ona görə ki, Əli Kərimli kimi oyunbaz, məkrli, fəndgir siyasətçi belə məqamda heç şübhəsiz sakit durmayacaqdı, hansısa yaramaz oyunun ssenarisini quracaqdı. Qurdu da. O deyirdi ey, hökumətin gözü arxada qalmasın, dövlətin yanındayıq- filan. Həmin kəlmələri söyləyərkən Əli Kərimli heç səmimi deyildi, gözünün içinə qədər yalan danışırdı. Üstəlik, bütün bunları publikaya işləmək, reytinq qazanmaq üçün deyirdi. Paralel fonda isə yenə anti-milli, namərd planlarını qururdu. Əli Kərimli necə dövlətin, xalqın yanında ola bilər, əgər Azərbaycan siyasətində indiyə qədər etmədiyi şərəfsizliklər qalmayıbsa? Bu adam necə səmimi ola bilər, əgər səmimiyyət anlayışının özündən xəbəri yoxdursa? Təbii, adam hər zamankı kimi bu gün də rol oynayır və indi də tamaşanın ikinci pərdəsində dövr alıb, qrimlənib, növbəti artistliyini edir ki, guya hakimiyyət AXCP-yə qarşı repressiya aparır. Hərgah, hakimiyyəti ittiham edincə gedib öz müşavirindən soruşsun ki, sən yürüşəmi getmişdin, yoxsa Milli Məclisin binasında dağıntı, təxribat törətməyəmi? Niyə soruşmur? Çünki marağında deyil. Çünki sərf eləmir. AXCP kimsənin hədəfində deyil. Kimsəyə lazım da deyil. Hakimiyyətin işi-gücü qurtarmayıb ki, oturub AXCP və ya Əli Kərimli dərdi çəksin. Amma, əgər kimsə cinayət edirsə, edəcəksə, təxribat törədirsə, törədəcəksə o zaman adekvat cavabını da alacaq. Sadəcə məsələ burasındadır ki, həmin adekvat cavab siyasi mənsubiyyətə görə deyil, törədilən əmələ görə olacaq. Daha dəqiq desəm: hüquq-mühafizə orqanları 14 iyul hadisəsi ilə bağlı hansısa AXCP üzvünü həbs edibsə, onu cəbhəçi olduğuna görə deyil, video-faktlar üzərindən təxribatçı olduğuna görə həbs edib. Burada fərdi məsuliyyət prinsipi, qanunun tələbləri və cinayət məcəlləsinin əsasları əsas prioritet kimi çıxış edir”.

yegane.jpg (67 KB)

Siyasi şərhçi Yeganə Hacıyevanın fikirləri də diqqətçəkəndir: “Azərbaycan Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində döyüşən Azərbaycan Ordusu və Dağlıq Qarabağa dəstək üçün spontan formalaşan 14 iyul aksiyasını birmənalı olaraq son illlərin Azərbaycan cəmiyyətinin fiirinin ifadəsi olaraq qəbul etmək lazımdır. Bu ifadə də ondan ibarət idi ki, Azərbaycan xalqı ordunun və dövlətin yanındadır, Dağlıq Qarabağ Azərbaycan xalqı üçün müqəddəs dayaq nöqtəsidir. Bunu həm də birmənalı olaraq dövlətin işğal altında olan ərazilərin azad edilməsi təşəbbüsünə Azərbaycan Xalqının müsbət cavab mandatı idi. Həmçinin son illərin ən böyük aksiyası kimi də yadda qalan 14 iyul istər həmin gün, istərsə də aksiyadan sonra bir sıra qüvvələrin maraq dairəsinə daxil oldu. Buarda təxribatçı qruplardan kənarda istər həmin gün, istərsə də ondan sonra “bir neçə saat ərzində toplaşan insan selinin gücünü” öz gücü və ya öz xidməti kimi qələmə verməyə çalışan bir sıra daxili və xarici qruplar var. Təxribatçlarla bağlı güc strukturları istintaq məlumatları kimi bir sıra məlumatlar paylaşıb və mən onlar haqqında deyil, digər qruplarla bağlı danışmaq istəyirəm. Aksiyadan sonra həmin günü bəzi partiya, siyasi qrup və gənclər təşkilatlarının üzvlərinin və s. epizodik iştirakçılığını qabardaraq spontan formalaşan insan selinini öz siyasi gücü kimi qələmə vermə təşəbbüsləri göz önünüdə idi. Bunlar Xalqın Orduya, Dövlətə dəstəyini siyasi alver məqsədi ilə sərmayə olaraq istifadə edən ənənvi “siyasi dəllal” qruplarıdır. Onları hətta sağlamlığında problem olan üzvlərinin həbsi də narahat etmir, çünki bu həbslər onlar üçün siyasi sərmayədir. Fikrimcə, həmin gün epizodik iştirakçılığı olan belə qrupların üzvlərinin həbs olunması ilə onlara arqumentlərin verilməsi yanlışlıq olardı. Xalqın Orduya, Dövlətə dəstəyini siyasi sərmayə olaraq istifadə edən ənənəvi qrupların önündə gedənlərin ən birincisi elə məhz AXCP idi. Artıq bir həftədir ki, partiya bəzi üzvlərinin epizodik iştirakçılığını qabardaraq spontan formalaşan insan selinini AXCP-nin gücü kimi qələmə vermək, təxribatçı qrupların araşdırılması kimi hüquqi prosesi hakimiyyətin AXCP-yə repressiyası kimi təqdim edilməsi təbliğatı ilə məşğuldur. Amma bu məsələnin bir tərəfidir, çünki bu məsələnin AXCP-yə repressiya kimi təqdim edilməsi bu araşdırmanı hüquqi məcradan çıxartmaq, bir sözlə bu araşdırmanı siyasi ştampla beynəlxalq instansiyaların diqqətinə salmaqdır. Bu halda isə artıq uzun illərdir izlədiyimiz bir mənzərənin şahidi oluruq, Azərbaycana qarşı təxribat törətmiş xarici dairələrə bağlı şəxslərin işləri siyasiləşir. Bunun isə Azərbaycana qarşı istifadə olunması məqamına gəlsək, onu qeyd edim ki, artıq zaman çox dəyişib. Bir virus üzündən planetdə 5 milyard insanın aylarla evlərə qapanmağa məcbur qalan dünyada çox şey dəyişib. Daha öncələr dövlətlərə qarşı istifadə olunan belə alətlər qlobal səviyyədə ümumi təhlükəsizliyə hədə kimi ikinci plana keçib. İndi istifadə üçün daha yeni alətlər var”.