Amerika Erməniləri Milli Komitəsi ABŞ Müdafiə Nazirliyinin Azərbaycana yardım ayırmasını əngəlləmək üçün hərəkətə keçib; Milli Məclis üzvləri danışdılar: “Azərbaycan bütün variantlara hazır olmalıdır”
Amerika Erməniləri Milli Komitəsi (ANCA) ABŞ Müdafiə Nazirliyinin Azərbaycana 2021-ci il üçün ayırmağı planlaşdırdığı 120 milyon dollarlıq hərbi yardımı dayandırmağa səy göstərir. Məlumata görə, iyulun 20-də ABŞ Konqresində Azərbaycana qarşı sanksiyalar nəzərdə tutan sənəd müzakirə olunacaq. Təşəbbüskar isə erməni lobbisidir. Qeyd edək ki, ABŞ Konqresindəki erməni lobbisi mütəmadi şəkildə bütün qüvvəsini səfərbər edərək Bakı ilə Vaşinqton arasındakı münasibətləri korlamağa, işğalçı Ermənistanın maraqlarına uyğun addımlar atmağa çalışır. Erməni diasporu öz mənfur niyyətini həyata keçirmək üçün ölkənin siyasi elitasından və erməni lobbisinin maliyyələşdirdiyi konqresmenlərdən, senatorlardan kömək istəyib. Gözləntilərə görə, ABŞ Konqresi məsələni müzakirəyə çıxaracaq və qərar qəbul edəcək.
Azərbaycanın ABŞ-dakı diplomatiyası da ermənilərin mənfur əməlinin qarşısını almaq üçün var gücü ilə çalışır. Eyni zamanda bu ölkədə yaşayan azərbaycanlılar isə səs verdikləri konqresmenləri və senatorları Azərbaycanın haqq səsinə dəstək olmağa çağırıblar. Amerikadakı Azərbaycan icmasının fəalı doktor Vüqar Şahbazlı “Report”un xüsusi müxbirinə açıqlamasında ABŞ-da yaşayan azərbaycanlıların səyləri nəticəsində senatorların fikirlərində uğurlu dəyişikliyin olacağı ümidindədir: “Senatorların Azərbaycan əleyhinə qəbul edəcəyi hər hansı mənfi qərar ABŞ-ın maraqlarına da zidd ola bilər. ABŞ Konqresinin Nümayəndələr palatasında təmsil olunan ermənipərəst konqresmenlər Azərbaycana ayrılacaq hərbi yardımın dondurulması üçün düzəlişlər təklif ediblər. Biz günlərdir bunun üzərində işləyirik və uğurlu nəticələr alacağımızı düşünürük. Belə ki, təklifə konqresmenlərin “yox” deməsi üçün petisiya yaratmışıq. Həmin sənəddə Azərbaycan reallıqları, Dağlıq Qarabağ və Ermənistanın Tovuz rayonunda sərhəddə törətdiyi hərbi təxribatlar haqqında məlumatlar yer alıb. Bu sənədləri imzalamaqla konqresmenlərdə fikir dəyişikliyi yaratmaq öz əlimizdədir. ABŞ-da keçirilən mitinqdə ermənilərə layiqli cavabı vermişik, sabah isə növbəti qələbəmizi Konqresdə qazanacağıq”.
Qeyd edək ki, ötən il ABŞ Nümayəndələr Palatasında 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin kütləvi öldürülməsinin “soyqırım” kimi tanınması ilə bağlı qərar səsverməyə çıxarılıb. Bu sənəd həm Demokratik, həm də Respublikaçı partiyaların nüfuzlu nümayəndələri tərəfindən dəstəklənib. Qətnamənin sürətlə baxılmasına Türkiyənin Suriyanın şimalındakı əməliyyatına görə ABŞ-Türkiyə münasibətlərindəki böhran səbəb olmuşdu. Bundan sonra erməni lobbisi Azərbaycana qarşı da həmlə edib.
Məsələ ilə bağlı müraciət etdiyimiz Diasporla İş üzrə Dövlət Komitəsindən bildirildi ki, məsələ ilə bağlı mövqe ifadə olunacaq və mətbuatda yayılacaq. Qeyd edək ki, Tovuz cəbhəsindəki döyüşlərdən sonra dünya ölkələrindəki diaspor təşkilatlarımız ayaqdadırlar və davamlı şəkildə aksiyalar keçirir, Ermənistanın cəzalandırılmasını tələb edirlər. Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib. Müraciətdə deyilir: “Əziz soydaşlarımız! Son bir həftə ərzində erməni təxribatçılarının Azərbaycan ərazisinin Tovuz istiqamətində hücumlarına Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında bütün istiqamətlərdə lazimı cavablar verilməkdədir. Sizin Ermənistanın bu çirkin niyyətini ifşa edərək yerli ictimaiyyətə çatdırmaqda xüsusi rolunuzu qeyd etmək istəyirik. İşğalçı dövlət bu çirkin əməlləri ilə həm də mülki əhalini hədəf alıb və müxtəlif vandalizm aktları həyata keçirilib. Azərbaycan ordusunun təxribatçıya endirdiyi zərbələr kimi, siz də ordumuza dəstək olaraq xüsusi birlik nümayiş etdirmisiniz. 25 ölkədə 100-ə yaxın müxtəlif diaspor təşkilatı və fəalları 100-ə qədər bəyanat verib. 20 ölkədə 14 dildə 70 məqalə və xəbər çap edilib. Ümumilikdə bu müddət ərzində 20 xarici ölkədə 41 aksiya keçirilib və aksiyalarda 10 mindən çox soydaşımış iştirak edib. Bu aksiyalar mütləq şəkildə davam etdiriləcək. Xüsusi olaraq vurğulayaq ki, Ermənistan işğalçı siyasətini həyata keçirən zaman bəzi ölkələrdə ermənilər tərəfindən Azərbaycan səfirliklərinin qarşısında icazəsiz aksiyalar keçirməyə cəhdlər olub. Amma sizin birlik nümayiş etdirərək çevik müdaxiləniz nəticəsində bu aksiyaların qarşısı qətiyyətlə alınıb. Bu qəbildən olan birlik nümayişinə Polşa, ABŞ, Hollandiya və digər ölkələrdə baş verən hadisələri nümunə kimi göstərmək olar”.Məlumata görə, Dövlər Komitəsi bildirib ki, bizim soydaşlarımız yaşadıqları ölkələrin qanunlarına riayət edərək, yalnız icazəli aksiyalar keçirir. Bu, onun göstəricisidir ki, azərbaycanlılar öz haqq səsini dünyaya çatdırarkən yaşadıqları ölkələrin qanunlarına əməl edir, sivil qaydalar çərçivəsində hərəkət edirlər. “Bizdə olan məlumatlara görə, erməni diasporu təşviş içindədir və müxtəlif təxribatlara əl atmaq niyyətindədir. Amma əminik ki, bizim soydaşlarımız onlara lazımı cavabı verir və bundan sonra da mütləq verəcək mütləq verəcək. Bu həftə ərzində də xaricdə yaşayan azərbaycanlılar müxtəlif beynəlxalq təşkilatların, yerli parlamentlərin qarşısında icazəli aksiyalar təşkil edəcəklər. Bu gün bizim soydaşlarımız ayaqdadırlar. İş adamları, elm adamları, tələbələr, diaspor təşkilatları, diaspor fəalları – bir sözlə Vətənin hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı Azərbaycana bacardığı dəstəyi nümayiş etdirir”. Komitə xaricdəki soydaşlarımızı yalnız Azərbaycan Respublikasının dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə və Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında fəal olmağa çağırır: "Azərbaycanın müstəqilliyini, dövlətçiliyini və ərazi bütövlüyünü dəstəklədiyiniz üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Biz Sizinlə fəxr edirik!"
ABŞ Konqresindəki müzakirələrlə bağlı millət vəkillərinin münasibətini öyrəndik.

Deputat Fazil Mustafa “Yeni Müsavat”a dedi ki, bu məsələdə diplomatik korpusumuz qabaqlayıcı addımlar atmalı idi: “İctimai institutların da aktiv fəaliyyəti olmalı idi. Bildiyim qədər məsələ ilə bağlı yüz min imza elektron formada toplandı. Orada bizə və ya Türiyəyə yaxın konqresmenlərin mövqe sərgiləməsi yaxşı olardı. Görülən işlərlə bağlı dərin bilgiyə sahib olmasam da, müəyyən addımların atıldığı barədə məlumat almışam. Bu qərarın qəbul olunması ABŞ-ın milli maraqlarına uyğun addım olmayacaq. Çünki Azərbaycanla münasibətlərin aşkar soyuqlanması deməkdir. İndiki durumda Rusiyanın təsir imkanının bölgədə genişləndiyi vaxtda bunun kimlərin işinə yarayacağı bəllidir. Hər bir halda Azərbaycan bütün variantlara hazır olmalıdır”.
Deputat Musa Qasımlı isə qeyd etdi ki, erməni lobbisinin belə təşəbbüslə çıxış etməsi təəccüblü deyil: “Bu, onların gündəlik anti- Azərbaycan fəaliyyətinin tərkib hissələrindən biridir. Bir məsələni heç vaxt unutmaq lazım deyil. ABŞ-ın dövlət maraqları bütün lobbi maraqlarından üstündür. Belə bir sənədin qəbulunun Birləşmiş Ştatların milli maraqlarına zidd olacağı qənaətindəyəm. Amerikan dövlət ağlının üstün gələcəyinə inanıram. Ermənistanın ABŞ üçün əhəmiyyəti heç nədir? Azərbaycan Respublikası isə bu ölkə ilə geniş əməkdaşlıq edir. Hesab edirəm ki, Azərbaycanın daha çox əhəmiyyət daşıdığını bilən amerikan siyasətçiləri çoxdur. Qəbul edilən hər hansı anti- Azərbaycan qətnaməsinin ilk növbədə ABŞ üçün mənfi nəticələri olar”.

Deputat Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, ABŞ konqresi 2021 ci maliyyə ili üçün “Dövlət müdafiəsi haqqında” qanunun 66 və 397-ci düzəlişinə yenidən baxmağı planlaşdırıb: “Burada əsas məsələ ABŞ-ın Azərbaycana hərbi köməyindən və onun müəyyən qdər azadılmasındadır. Layihəni Konqresə demokrat konqressmen Bred Şerman təqdim edib və onu nümayəndələr palatasının bir neçə respublikaçı üzvləri dəstəkləyir. Təbii ki, bu siyasətçilər erməniləri daima dəstəkləyənlərdir. Əsas məna da ondan ibartətdir ki, kömək kimi təqdim edilən vasitə və vəsaitlər mülki aviasiyaya təhdiddirsə bunua yasaq qoyulacaqdır.Əlbəttə bu qərar Konqressdə qəbul belə edilsə Prezident tərəfindən təsdiq və ya rədd edilməlidir. 397-ci düzəlişə əsasən demokrat konqressmen Frenk Pallone ABŞ Müdafiə nazirliyindən Azərbaycana edilən yardımların hesabatını tələb edir. Pallone Azərbaycanı daim tənqid edən, bizim və Türkiyənin əleyhinə müxtəlif dinləmələr təşkil edən erməni lobbistidir. Məlumdur ki, həmin kömək əsasən ABŞ ın öz maraqları üçün əsasən, Əfqanıstandakı missiyalar üçün xərclənir. Sadəcə olaraq Ermənistan bu layihələrdə yoxdurlar və nəyin bahasına olursa olsun vəsait əldə etmək istəyirlər. Bu dinləmələrə gəldirkdə isə Azərbaycan üçün bu böyük bir itki deyil, əsasən Əfqanıstan daşımalarda elə ABŞ-ın özünə müəyyən qədər ziyan ola bilər. Düçünürəm ki, Konqres və ABŞ rəhbərliyi də bunu yaxşı başa düşür”.
Deyəsən, tarix təkrar olunur. 1992-ci ildə, Azərbaycan özünün ərazi bütövlüyünü təmin etməkdən ötrü Qarabağda hərbi əmliyyatlar apardığı bir zaman ABŞ Konqresi erməni lobbisinin sifarişini yerinə yetirərəkc Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişi qəbul etdi. Son illərdə bu sanksiyanın tətbiiq dondurulsa da, tam ləğv edilməmişdi. Ötən il isə amerikalı rəsmilər demişdilər ki, ABŞ prezidenti Donald Tramp Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişin fəaliyyətini dayandıra bilər. Lakin bunun əvəzində əksini müşahidə etməkdəyik. Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ illərdir ki, işğalçı Ermənistana və Qarabağdakı erməni sepafratçılarına müxtəlif adlar altında maliyyə yardımı edib, hətta bu məbləğin 2 milyarddan çox olduğun bildirilir. Həmçinin aprel döyüşlərindən sonra müasir görmə cihazları ilə təmin edildiklərinə görə, Ermənistan rəsmiləri ABŞ-a minnətdarlıq etdilər. Son illərdə Vaşinqton Azərbaycanla münasibətlərdə ədalətli mövqe sərgiləyirdi. Lakin yenə də erməni lobbisi dünyanın supergücünə diktə etməkdədir. Çox təəssüf...
Baş verənləri də eks XİN rəhbəri Elmar Məmmədyarovun “aktivi”nə yaymaq üçün kifayət qədər əsas var. Hər halda, bu barədə müzakirələr çoxdan başlanıb. ABŞ Konqresi Qarabağın separatçı rəhbərliyi qəbul olunanda XİN hərəkətə keçməli, üzərinə düşən işləri həyata keçirməli idi...
