|
Qənirə Paşayevanı kimlər, nə məqsədlə gözdən salmağa çalışdı – rəylər

İlkin Muradov: “Qənir xanım  atışma gedən bütün kəndləri gəzdi və insanlar onu görəndə tək olmadıqlarını hiss edirdilər”

Həbibə Abdulla: “Qənirə xanım haqda yalan-yanlış məlumatları yayanlar hakimiyyətə qarşı olanlardır. Onlar Heydər Əliyevə sadiq bir deputatın xalq tərəfindən sevilməsini qəbul edə bilmirlər”

İyulun 12-dən başlayaraq Tovuz rayonunun Ağdam kəndində Ermənistan ordusunun təxribatı nəticəsində baş verənlər və Azərbaycan ordusunun layiqli cavab zərbəsi hər kəsə məlumdur. Ancaq bu hadisələrdə həm milli birliyimiz, həm millət vəkillərinin xalqın yanında olması, polisin vətəndaşla davranışı, xalqın orduya inamı və bağlılığı kimi pozitiv  nümunələr də ortaya qoyuldu. Son bir həftənin nümunəvi isimlərindən biri də millət vəkili Qənirə Paşayeva oldu. İlk gündən savaş gedən kəndlərdə  həm sakinlərin, həm medianın, həm hərbçilərin yanında olub, onlara dəstəyini əsirgəməyib. Lakin millət vəkilinin qolunun zədələnməsi və sarğıda olmasından bəziləri istifadə edərək ona qarşı qarayaxma kampaniyası aparmağa çalışırlar. Belə ki, xanım deputatın normal çəkilmiş fotosu ilə selfi ilə çəkilən fotonu yanaşı qoyub, hər şəkildə fərqli qolunun sarğıda olduğunu, guya bu məsələnin yalan olduğunu yazırlar. Bəllidir ki, şelfi güzgü effekti verir və tərs görüntü yaranır. Kimlərsə bunu bildiyi halda, eybəcər və böhtan kampaniyası apardılar...

Təbii ki, Qənirə Paşayeva haqqında yazılanlara reaksiya vermədən , onu sevən , dəstəkləyən minlərlə insan bu kampaniyanı pislədi, əsassız olduğunu sübut etdi. Bəs görəsən, bu qədər hadisələrin üst-üstə gəldiyi, cəmiyyətin milli birlik sərgilədiyi bu zamanda ictimai rəydə sevilən bir millət vəkilini gözdən salmağa çalışan kimlərdir? Bu günlərdə Qənirə xanımın yanında olub, onun fəaliyyətini müşahidə edənlər nə deyir?

Məsələ ilə bağlı “Yeni Müsavat” qəzetinin savaş günlərində atışma gedən bölgəyə ezam olunmuş əməkdaşı İlkin Muradov bildirdi ki, Qənirə Paşayeva həmin günlərdə bir millət vəkili kimi nümunəvi fəaliyyət ortaya qoydu: “Biz iyulun 13-dən Tovuzun atışma gedən Ağdam kəndində olmuşuq və ilk gündən də Qənirə Paşayeva orada olub. İyulun 13-də səhər saat 8.30-da biz Ağdam kəndinə çatdıq və həmin gün deputat Qənirə Paşayevanı oarada kənd sakinlərinin yanında gördük. Bəziləri deyir ki, Qənirə xanım çox efirə çıxır, çox müsahibə verir. Ancaq bu insanın işi budur, o vətəndaşın yanında olmalıdır. Onun efirdə görünən tərəfi, tez-tez açıqlama verməsində məqsəd həmin bölgədəki vəziyyəti şərh etməkdir. Ancaq onun kamera axrasında gördüyü işlər daha çoxdur.  Cəbhəyə ən yaxın olan Dondar Quşçu, Ağdam, Yuxarı Öysüzlü kəndlərinin ön xəttə ən yaxın olan evlərə bir-bir baş çəkirdi, onların vəziyyətini soruşurdu, uşaqları, yaşlıları orada çıxartmağı, yalnız kişilərin qalmasını tövsiyə edirdi. Evlərə bir-bir gedirdi. Biz Ağdamda çəkilişdə ikən zəng gəldi ki, Dondar Quşçu kəndinə məktəbin yaxınlığına mərmi düşüb. Dərhal oraya gedirdi, əraziya baxırdı, yaralı varmı, evlərə ziyan dəyibmi deyə maraqlanırdı. Atışmanın ən qızğın vaxtında, iyulun 14-də saat 16.00-da şiddətli atışma gedirdi. Həmin ərəfədə saat 18.00-da  biz  Ağdam kəndinin girişində idik, təhlükəsizlik məqsədilə bizi kəndə buraxmadılar. Qənirə xanım da orda idi və insanların bir çoxunu özü oradan uzaqlaşdırdı. Biz şahidi olduq ki, o insanları öz xidməti maşını ilə aparır, kənddən uzaqlaşdırırdı ki, təhlükədə olmasınlar. Bizim cəmiyyətdə belə bir adət hər zaman var ki, yaxşılıq edən, xalq üçün çalışan bir adamda səhv axtarmağa çalışanlar olur. Qənirə xanımla bağlı o fikirləri yazan çox qeyri-ciddi bir adamdır. Normal düşüncəsi, ağlı olan adam bilir ki, selfi ilə çəkilən  foto ilə normal foto arasında fərq var. Selfi çəkiləndə foto güz effekti ilə əks olunur, sağ və sol tərəflər dəyişir. Biz şəkildə diqqətlə baxdıq, arxadakı maşının nömrəsi də tərsinə düşüb”.

İ.Muradovun sözlərinə görə, bu kampaniyada qısqanclıq məqamları da  nəzərə çarpır: “Qənirə Paşayeva xəsarət alanda biz də onun olduğu Dondar Quşçu kəndində idik. Çoxları yazdı ki, əgər qəlpə dəyibsə, necə ayaq üstə gəzə bilir. Ancaq Qənirə xanıma qəlpə dəyməmişdi. Sadəcə kəndə top atılan zaman təpəlik bir yerdə imiş, səsdən büdrəyib, aşağı düşəndə yıxılıb, qolu əzilib. Biz bu hadisədən bir neçə saat sonra Qənirə xanımı Cəlilli kəndində şəhid gizirimiz İlqar Zeynallının evində gördük, orada şəhidin ailəsini ziyarətə gəlmişdi. Biz ondan qolunun bu əziyyətdə olmasının səbəbini sorişduq, bildirdi ki, sadəcə olaraq qolunu incidib. Biz bir həftəyə yaxın eyni bölgədə olduq, hər gün Qənirə xanımı görürdük, zədə alan və  sarğılı olan eyni qolu idi. Bu, sadəcə selfi çəkilərkən olub. Onu yazanı da tanıyırıq, çox qeyri-ciddi bir insandır. Sosial şəbəkə də elədir ki, insanlar məsələni dəqiqləşdirmədən , reallığı bilmədən yaymağa çalışırlar. Təəssüf ki, real fotonu da kəsib ancaq Qənirə xanımın qolunu göstərdilər, ancaq foto kəsilməsəydi arxanda avtomobil də düşmüşdü və onun nömrəsindən hər kəs görəcək ki, foto əks olunub , Qənirə xanım sağ və ya sol qolunun sarğısını dəyişdirməyib. Bizdə bəzən insanlarda qısqanclıq baş qaldırır. Çünki Qənirə xanımın bu günlərdə gördüyü iş həm millət vəkili kimi, həm bir tovuzlu kimi, həm bir vətəndaş kimi çoxlarına nümunə oldu. Cəbhə bölgəsinə ilk gedən millət vəkili Qənirə xanım oldu, ondan sonra digər deputatlar gəldi. Bakıda oturub fikir bildirmək çox asandır. Amma mənim müşahidəm budur ki, insanlar onu çox sevirlər, bütün kəndləri gəzdi və insanlar onu görəndə tək olmadıqlarını hiss edirdilər. Görürdülər ki, onlara dəstək var, dayaqları var. İnsanlar gəlib problemlərini deyirdi və hamını qeyd edirdi. Həmin dövrlə bağlı problemləri yerindəcə həll edirdi, digər məsələləri qeyd  edirdi ki, sakit vaxtda həll etsin. Sosial şəbəkə istifadəçiləri nə qədər məsələlərə tənqidi yanaşmağı sevsələr də, insanların gördüyü işi, əziyyətini, zəhmətini dəyərləndirək, qarşılığını ən azından təşəkkür olaraq qaytaraq”.

AFN.az-ın əməkdaşı Həbibə Abdulla da “Yeni Müsavat”a açıqlamasında,  Qənirə Paşayevanın savaş günlərində Tovuzdakı xidmətlərinin əvəzsiz olduğunu bildirdi: “İyun ayının 12-dən başlayaraq Tovuzun Ağdam kəndi istiqamətində başlayan döyüşlər həm də bir sınaq oldu. İstər Milli Ordu, istər media, vətəndaşlar, istərsə də məmurlar, deputatlar üçün. Bu sınaqdan üzağ çıxanlar çox oldu, onlardan biri, bəlkə də ən birincisi həmin ərazinin deputatı Qənirə Paşayeva oldu. Qənirə xanım hadisələr başlayan gündən ərazidədir, ön cəbhədədir. Həm şəhid ailələrinin yanında, həm düşmən mərmisindən dünyasını dəyişən mülki vətəndaşımızın yasında, həm dağılmış evləri dünyaya car çəkmək üçün medianın yanındadır. Üstəlik, bəzən panikaya düşən insanlarımıza da təsəllisini əsirgəməyib. Belə bir durumda onun haqqında mənfi rəy səsləndirənlərin olması təbii ki, hamımızı hiddətləndirdi. Qənirə xanım haqda yalan-yanlış məlumatları yayanlar hakimiyyətə qarşı olanlardır. Onlar Heydər Əliyevə sadiq bir deputatın xalq tərəfindən sevilməsini qəbul edə bilmirlər. Ona görə də haqqında həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Bu günlərdə jurnalistlərdən birinin çəkdiyi selfini yayıb guya Qənirə xanımın səhv qolunu sarıdığını deyən gənc haqda isə belə bir fikir var ki, mühacirət etmək istəyir, ona görə sağa-sola saldırır. Kimin nə deməyindən, nə yazmağından asılı olmayaraq, Qənirə Paşayevanı xalq sevir, çünki o xalqın adamıdır, daim xalqın yanındadır”