|
“Jalə”şirəsinin qatarı yaşayış evlərinə çırpıldı-

Bu gün səhər saatlarında Nərimanov rayonu, İslam Abışov küçəsində dəhşətli anlar yaşanıb. Cia.az-a verilən məlumata görə, adıçəkilən küçədən mütəmadi olaraq “Gilan Holding”ə məxsus zavoda, naməlum yük daşıyan qatar yaşayış evlərinə çırpılıb. Nəticədə qatarlara heç nə olmasa da, evlərin bəziləri zərər görüb, eyni zamanda “Azəriqaz” tərəfindən quraşdırılmış qaz boruları və sayğacları sıradan çıxıb.

Qatar heç nə olmamış kimi yoluna davam etmək istəyib, ancaq sakinlər baş vermiş vəziyyətə etiraz edib. Əraziyə polis əməkdaşları gəldikdən sonra qatarın hərəkəti dayandırılıb.

Hazırda sayğaclar yerdə, qaz boruları sıradan çıxıb, sakinlər isə qazsız qalıb.

Sakinlər bildirir ki, qatar yaxınlıqda yerləşən “Gilan Holding”ə məxsus, “Jalə”şirələri-yəni şəxsi məqsədlər üçün istifadə edilir.

Bildirilir ki, qatarın hərəkət etdiyi xətlər yararsız vəziyyətdədir. Beləki, axan çirkab sular dəmiryol xəttinin balansını itirməsinə səbəb olub. Məhz bu səbəbdən, bir neçə ay öncə evlərə toxunmayan qatarlar indi, divarları dağıdaraq keçir. Bundan əlavə normadan kənar yük götürən, qeyristandart qatarlar hər gün onlarla sakinin həyatını təhlükə altında qoyur.  Sakinlər bildirir ki, hər gün qatarlar divara sürtünərək keçdiyi üçün, yaranmış səs onları vahiməyə gətirir.

Məlumatda həmçinin bildirilir ki, bir neçə gün öncə qatar ərazidəki avtomobillərdən birini sürüyərək yararsız hala salıb.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları” QSC mətbuat xidmətinin rəhbəri, Nadir Əzməmmədovla əlaqə saxladıq. O, baş vermiş hadisədən xəbərdar olduqlarını bildirdi: “Həmin ərazi Dəmir Yolun balansındadır. Baş vermiş hadisəyə görə dəmiryolun heç bir təqsiri yoxdur. Evlər dəmiryol xəttinə yaxın tikildiyi üçün bur cür hadisələr baş verir. Hadisədən də xəbərimiz var. Tədbirlər görürük”.

Mövzunu davam etdirəcəyik!

Cia.az