Koronavirus pandemiyası dövründə zərbə dəyən sahələrdən biri də kinoteatr və teatrlardır. Azərbaycanda da martın 15-dən bəri kinoteatr və teatrların fəaliyyəti dayandırılıb. Bəs, kinoteatr və teatrlar ciddi zərərdən necə qurtulacaqlar? Bu dövr qapandımı, onlayn tamaşalar, kinoteatrlar və telekanallar, eləcə də televiziyalar dövrü qayıdırmı?
Teatrşünas Xəyalə Rəis Musavat.com-a açıqlamasında bildirib ki, pandemiya canlı sənət növü olan teatrlarımıza bu dönəmdə kifayət qədər zərər yetirdi: "4 aydır ki, teatrlarımızda onlayn tamaşalar nümayiş olunurdu. Teatr canlı sənət növüdür. Onu virtual şəkildə nümayiş etdirmək isə effektivliyini daha da azaltdı. Bundan başqa 4 aydır ki, evdə oturan teatr aktyorlarının bədənləri elastikliyini itirdi. Çünki aktyor bədəni idmançı bədəni kimidir, çalışmayanda passivləşir, onları yenidən aktivləşdirmək xeyli zaman tələb edəcək. Teatrdan əldə etdiyi maaşla ailə dolandıra bilməyən, tədbirlərdən, el şənliklərindən əlavə qazanc əldə edən aktyorlarımız banklara kreditlərini, kirayə haqlarını vermək, evdə xəstə yatan, müalicəyə ehtiyacı olan uşaqlarını dolandırmaq üçün fəhlə və şofer olaraq çalışırlar".

Teatrşünas bildirib ki, belə ekstremal hallara teatrlarımız hazır deyil: "Pandemiya günlərində nümayiş olunan onlayn tamaşalar qeyri-peşəkar səviyyədə hazırlanmışdı. Uzaqdan görüntüsü olub, ancaq səsi gəlməyən, telefonla çəkilən tamaşalar o qədər də diqqət cəlb etmədi. Artıq teatrlar mövsüm sonuna çıxıblar. Olmayan mövsümün hansı mövsüm sonundan söhbət getdiyini də anlamaq çətindir... Çünki virtual tamaşaların mövsüm sonu olmur. Açığı inanmıram ki, yeni mövsümdə teatrlarımızın özünə qayıdıb, yenidən bol tamaşaçı qazanacağına inanmıram. İçi özüm qarışıq hansı valideyn öz uşağını bundan sonra teatra tamaşa izləməyə göndərər? Yeni mövsümdə valideynlər öz övladlarını qorxaraq, ehtiyat edərək məktəbə, bağçaya göndərəcəyi halda yeni ilə qədər teatrlara tərəf getməyə ehtiyat edəcəklərini güman edirəm".
Kinoteatrların fəaliyyətinə gəldikdə isə X.Rəis qeyd edib ki, pandemiya tamaşaçılara yerli və xarici filmlərlə tanış olmaları üçün ideal fürsət yaratdı: "Evdə oturan tamaşaçı kifayət qədər yerli və xarici filmlərə baxdı. Kinoteatrlarda nümayiş olunan filmlərin çoxu televiziyalarda nümayiş olundu ki, bu tamaşaçıları həm əlavə xərcdən xilas etdi, həm də yerli filmlərimizlə tanış olmaq imkanı qazandırdı".
“CinemaPlus” kinoteatrlar şəbəkəsinin PR meneceri Nərmin Həsənova isə avtocinemaların açmağı planladıqlarını deyib:
“ “CinemaPlus” kinoteatrlar şəbəkəsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla 14 mart 2020-ci ildə öz fəaliyyətini müvəqqəti dayandırıb. Fəaliyyətə yenidən başlamağımız da məhz Operativ Qərargahın qəbul edəcəyi qərardan asılıdır.

Dünya statistikasına görə, kinoteatr insanların karantindən sonra gedəcəkləri qurumlar arasında ikinci yeri tutur. Karantin sayəsində bir çox insan öz dəyərlərini yenidən qiymətləndirdi və bu baxımdan yalnız müntəzəm tamaşaçılarımızı gözləmirik, həm də çox sayda yeni izləyici proqnozlaşdırırıq.
Pandemiya böhranı bitdikdən sonra paytaxtın mərkəzində, Xəzər dənizinin sahilində - “Dəniz Mall” ticarət mərkəzində ölkənin və Qafqazın ən böyük “CinemaPlus” kinoteatrı və ən son 4DX texnologiyası açılacaq.
Həmçinin, tezliklə “CinemaPlus” tərəfindən tamaşaçılarımız üçün maraqlı sürpriz hazırlanır. AvtoCinema kinoteatrnın açılması planlaşdırılır. Bu layihə üzərində işləyirik və hər hansısa yenilik olan zaman bunu mütləq izləyicilərimizlə bölüşəcəyik. Ölkədəki mövcud vəziyyəti nəzərə alaraq, bütün xırda nüanslar öyrənilir və yaxın zamanda qonaqlarımızı sevindirməyə ümid edirik”.

“Oksimedia” prodakşının sahibi, rəqqasə-aktrisa Oksana Rəsulova bildirib ki, karantindən öncə təqdim etdikləri “Sevgi romanı” filmindən gəlir əldə edə bilməyiblər:
“Pandmeiya dövründə zərbə dəyən sahələrdən biri də film sektorudur. “Sevgililər günü” ərəfəsində filmimizi təqdim etdik. Maraqla qarşılandı, Azərbaycan tamaşaçısının diqqətini cəlb edə bildik. Lakin martın 15-dən sonra kinoteatrlar bağlandı. Beləliklə, filmdən gözlədiyimiz maddi gəliri əldə edə bilmədik. Karantin boyu illərlə topladığımız qazancı xərclədik. Kinoteatrlar fəaliyyətini bərpa etdikdən sonra yenidən filmimizi tamaşaçıların qarşısına çıxaracağıq”.
