|
Koronavirusun ölkəmizə vurduğu zərər məlum oldu

Pərviz Heydərov: “Bu, gözlənilən idi”...

Xəbər verdiyimiz kimi, Azərbaycan iqtisadiyyatında neftin dünya bazar qiymətlərinin ucuzlaşması və koronavrus pandemiyasının vurduğu zərərin həcmini göstərən bir sıra göstəricilər açıqlanıb. Dövlət  Statistika Komitəsinin məlumatına görə,  bu ilin yanvar-iyun aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz  az - 33 milyard 803,9 milyon manatlıq Ümumi Daxili Məhsul istehsal olunub. Altı ayda adambaşına düşən ÜDM-in  həcmi 3,4 faiz azalmaqla 3 min 393,7 manat təşkil edib.

Bundan əlavə, cari ilin ilk yarısında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi faktiki qiymətlərlə 30,1 faiz azalmaqla 9 milyard 852,5 milyon manat təşkil edib. Altı ayda ixracımız 31 faiz azalmaqla 5 milyard 687,4 milyon manat, idxalımız isə 29,7 faiz azalmaqla 4 milyard 165,1 milyon manat olub. Qeyri-neft sektoru üzrə ixracımızda 8,9 faiz azalma baş verib - 721,5 milyon manat.

Hesabat dövründə kredit qoyuluşlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz artaraq 14 milyard 765,7 milyon manat təşkil edib. Bu zaman vaxtı keçmiş kreditlərin həcmi ötən ilkinə nisbətən 27,4 faiz azalıb və 1 milyard 84,4 milyon manat olub. Eyni zamanda cari ilin 1 iyun vəziyyətinə əhalinin banklardakı əmanətlərinin həcmində isə azalma baş verib. Belə ki, əmanətlər 2019-cu ilin beş ayı ilə müqayisədə 11,2 faiz azalaraq 7 milyard 661,3 milyon manat olub.

Ölkənin nəqliyyat sektorunda yükdaşımaların həcmi 14,1 faiz azalmaqla 96,3 milyon ton, sərnişindaşıma 28,7 faiz azalmaqla 690 milyon nəfər təşkil edib.

Hesabat dövründə həmçinin pərakəndə ticarət dövriyyəsinin həcmində 1,9 faiz azalma(18 milyard 245,7 milyon manat), əhaliyə göstəriləm ödənişli xidmətlərdə 19,2 faiz azalma(3 milyard 339,9 milyon manat) qeydə alınıb.

Bütün çətinliklərə rəğmən, dövlət büdcəsinin icrasında problem yaranmayıb. Belə ki, 2020-ci ilin altı ayı ərzində Azərbaycanın dövlət büdcəsinin gəlirləri 12 milyard 22,7 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz çoxdur.

Hesabat dövründə büdcədən xərcləmələr 11 milyard 730,8 milyon manat təşkil edib və büdcədə 291,9 milyon manat profisit yaranıb.

Yaranmış vəziyyətlə əlaqədar sahibkarlara hansı güzəştlər ediləcək ...

Əldə olunan nəticələri dəyərləndirən iqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a dediyinə görı, cari ilin birinci yarısının sosial-iqtisadi inkişaf yekunları gözlənildiyi kimidir: “Yəni göstəricilərdə qeyri-adi heç nə yoxdur - hər şey proqnoz edildiyi kimidir. Söhbət, ilin əvvəlindən irəli sürülən deyil, mart ayından etibarən pandemiya şəraitinin yaranması ilə əlaqədar olaraq ölkədə kök salan məlum atmosferlə bağlı ortaya çıxan yeni proqnozlardan gedir. Yəni mart ayından məlum idi ki, ölkə iqtisadiyyatı üçün ikinci rübün nəticələri mənfi olacaq və makroiqtisadi sabitliyə dair 2017-ci ildən əldə olunan müsbət tendensiya zəifləyəcək. 2020-ci ilin yanvar-may aylarında əldə olunan nəticələrin üzərinə iyun ayının da nəticələrini gəldikdən sonra yəqin rəqəmlərin bir az da aşağı təşkil edəcəyi bəlli idi. Hələ aprelin əvvəlində ”Sən saydığını say, gör, fələk nə sayır" misalını xatırladaraq, yazmışdım ki, 2019-cu ili çox uğurla başa vuranda heç ağlımıza da gətirməzdik ki, bu ilin elə birinci rübündə iqtisadıyyatımız pandemiya bəlası ilə üzləşəcək. Nəticədə, keçən il başladılan islahatlar sığorta tədbirləri ilə əvəzlənəcək, sosial istiqamətdə həyata keçirilən inqilabi addımlar kompensasiya ödənişləri, müvafiq maliyyə yardımları və güzəştlərldən ibarət xətt üzrə davamiyyət qazanacaq. 2020-ci ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 27,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz az ÜDM istehsal edilmişdi ki, iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 1,2, qeyri neft-qaz sektorunda isə 2,1 faiz az qeydə alınmışdı".

Ekspert xatırladır ki, mayın ortasından sonra karantin rejimi yumşaldılmaqla bir sıra sahələrdə iqtisadi fəaliyyət bərpa olunmuşdu: “Ancaq iyun ayı bütövlükdə hər şeyi yenidən buxova aldı. Odur ki, ikinci rübün yekunu rəqəmlərin bir az da aşağı səviyyədə təzahür etməsi ilə xarakterizə olunmalı idi. Beləliklə də, ilin yanvar-iyun aylarında ölkədə 33 milyard 803,9 milyon manatlıq ÜDM istehsalı qeydə alınmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azalma əldə olundu. Eyni tendensiya ticarət dövriyyəsində, kredit qoyuluşlarında da qeydə alınıb. Yalnız kənd təsərrüfatı ilə rabitə və informasiya sahələrində artım qeydə alınıb, bu da birincidə mövsümlə əlaqədardır, ikincidə isə karantin rejimində sözügedən sahədə xidmətə tələbatın artması ilə... Bununla belə, makroiqtisadi sabitlik üçün hələ ciddi təhlükə yoxdur. İnflyasiya stabildir, valyuta bazarında çalxalanma yoxdur və sair”...

Koronavirusun iqtisadiyyata mənfi təsirini minimuma endirəcək ...

P.Heydərov hesab edir ki, ilin sonuna doğru mövcud məlum təzyiqlər qalarsa, mənfi tendensiyalar arta və genişlənə bilər: “Şərhlərimdə də yazmışdım ki, koronavirusla bağlı vəziyyət bir az da davam etsə, yəni karantin rejimi üçüncü və dördüncü rüb ərzində də fasiləli olsa da tətbiq edilməkdə davam etdilərsə, istər-istəməz digər makroiqtisadi göstəricilər üzrə də mənfi nəticələr qeydə alınmağa başlayacaq ki, ikinci rübdə ÜDM istehsalı göstəricisindən start götürən tənəzzül tendensiyası özünü son nəticədə valyuta bazarında büruzə verə bilər. Məsələn, artıq maliyyə naziri qeyd etmişdir ki, cari ilin ilk 6 ayında vergi, gömrük və məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar proqnozunun artıq yerinə yetirilməsi nəticəsində formalaşan ehtiyat ilin sonuna kimi xərclərlə gəlirlər arasında gözlənilən natarazlığın aradan qaldırılması üçün kifayət etməyəcək - 2020-ci ilin dövlət büdcəsinə yenidən baxılaraq düzəlişlər həyata keçiriləcək. Çünki nazirin vurğuladığı kimi,  pandemiyanın yaratdığı yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, əhalinin sosial baxımdan həssas qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyinin göstərilməsi, səhiyyə sahəsi və digər dövlət ehtiyacları dövlət büdcəsinin icrası ilə bağlı əlavə tələblər yaradır və odur ki, ciddi maliyyə təminatı təmin etmək zərurəti formalaşdırır”.

Bütün bunlara baxmayaraq, ekspertə görə, pessimizmə qapılmaq olmaz: “Neftin dünya bazar qiymətləri 40 ABŞ dollarından yuxarı qalxıb. Həm də ki, birincisi, pandemiyaya görə səhiyyə, sosial və maliyyə sektorlarına dəstək məqsədilə geniş maliyyə xərcləri həyata keçirilsə də, yuxarıda qeyd etdiyim kimi, dövlət büdcəsinin icrasında hələ də profisit qalır, hər halda... İkincisi də, Azərbaycanın valyuta ehtiyatları 52 milyard ABŞ dollarından çox təşkil edir və hələ bundan istifadə edilməyib. Əsas odur ki, pandemiya dövrü tez bitsin”...