Həkim Vasif İsmayıl: "Xəstəlik artacaq, amma insanların öz duyğularını belə kütləvi şəkildə nümayiş etdirmələri yaxşıdır"
15 iyulda şəhərin mərkəzində keçirilən yürüş-mitinqlə bağlı ortaya çıxan suallardan biri də orda koronavirusa yoluxma sayının artacağı ilə bağlıdır.
Musavat.com xəbər verir ki, həkim Vasif İsmayıl bu durumu şərh edib. Onun sözlərinə görə, general şəhid verdiyimiz üçün küçəyə çıxan camaatdan ötrü koronavirus xəstələrimizin sayı artacaq: "Küçəyə çıxanların əksəriyyəti ciddi xəstələnməyəcək, amma evdəki əzizlərinə nə isə ola bilər. Mənim mövqeyim belədir. Koronavirus pandemiyası vəba, çiçək qədər öldürücü deyil. Mən özüm cəbhə bölgəsində çürüyən meyidlərdən suya qarışan qarın yatalağı törədicisindən ötrü 1 həftə Sumqayıt 1 saylı Tibb Mərkəzinin yoluxucu xəstəliklər şöbəsində yatmış adamam. Çox çətin hadisədir. İndiki boy göstəricilərimə çatdığım dövrdə ən aşağı çəkini o vaxt görmüşdüm. O vaxtdan şəkillərim var, amma göstərə bilmərəm - rəsmən skelet görünür. Xəstəlik artacaq, doğrudur. Amma insanların öz duyğularını belə kütləvi şəkildə nümayiş etdirməkləri yaxşıdır, dostlar. Bu, onların haqqıdır".
V.İsmayıl eyni zamanda deyib ki, yürüşün sonundakı provokasiyanın olacağı onsuz da bəlli idi: "Bizi sevməyənlər olub, var və həmişə olacaq. Bar verən ağac daşlanar. Bu gün cəbhədə canını mənim göstərdiyim statistikaya görə yox, real olaraq ortaya qoyan oğullar var. Bu gün birlik, meydan oxuma vaxtıdır".
