|
“Təhlükəsizlik siyasətini Türkiyə ilə uzlaşdırmalıyıq” - politoloq

İyulun 12-dən cəbhənin Tovuz istiqamətində düşmən Ermənistanın təxribatlarından sonra başlayan döyüşlər bir həqiqəti yenidən üzə çıxardı. Azərbaycan və Türkiyənin qardaş ölkə olduqlarına dünya bir daha şahidlik etdi.

Belə iki qardaş dövlət dünyada varmı?

Erməni təxribatının ilk günündəcə Türkiyə hökuməti tərəfindən Azərbaycana tam dəstək ifadə edildi.

Bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu: “Ermənistanın etdiyi qəbuledilməzdir. Ermənistan ağlını başına yığsın, Azərbaycan tək deyil. Biz Türkiyə Cümhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Azərbaycanın ərazi bütövlüyünün qorunmasına əlimizdən gələn dəstəyi verəcəyik. Biz demişik ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı həll yolunu seçəcəksə, biz Azərbaycanın yanında olacağıq. Bu, həssas bir cümlədir. Bunu bilərəkdən dedim”.

Ardınca Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan dəstək gəldi: “Ermənistan tərəfindən Azərbaycana edilən hücumu şiddətlə qınayıram. Vətənini müdafiə edən Azərbaycan şəhidlərinə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Bu hücum Dağlıq Qarabağ sərhədində deyil, birbaşa iki dövlət arasındakı sərhəddə ağır silahlardan istifadə edərək olunub. Bu, birbaşa Azərbaycana yönəlmiş şüurlu hücumdur. Şübhəsiz, bu hücum Ermənistanın çapını aşan hadisədir.

Türkiyə qədim dostluq bağları və qardaşlıq əlaqələri olan Azərbaycanın haqqına, hüququna, torpaqlarına yönəlmiş hər cür hücumun qarşısında dayanmaqda əsla tərəddüd etməyəcək.

Dünyadakı bütün siyasi, diplomatik, sosial əlaqələrimizi bu istiqamətdə səfərbər etmək boynumuzun borcudur".

Qardaş ölkənin müdafiə naziri Hulusi Akarın mövqeyi isə erməniləri təlaşa saldı: “Ermənistanın Azərbaycanın Tovuz bölgəsində gerçəkləşdirdiyi hücumu qətiyyətlə pisləyirik. Hücumun qarşısını alarkən şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa, qardaş Azərbaycan xalqına isə başsağlığı diləyirəm. Dağlıq Qarabağı işğal edən və illərdir təcavüzkar davranışını davam etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa, ”bir millət, iki dövlət" deyə qəbul etdiyimiz azərbaycanlı qardaşlarımıza var gücümüzlə dəstək verməyə davam edəcəyik".

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris ...

Elxan Şahinoğlu: “Türkiyənin yardımına ehtiyacımız var”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Azərbaycanın əsas strateji müttəfiqinin Türkiyə olduğu bir daha sübut olundu: “Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatda sərhəddəki son insidentdə birmənalı Azərbaycanı müdafiə etdi, xarici işlər naziri Mövlud Çavuşoğlu ”Ermənistan ağlını başına toplasın" sözləri ilə günə damğasını vurdu. Çavuşoğlunun bir cümləsi də diqqəti çəkdi. Türkiyənin xarici işlər naziri dedi ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hansı qərarı versə, Türkiyə Azərbaycanın yanında olacaq. Çavuşoğlu bu cümlə ilə demək istədi ki, bir gün Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməyə qərar versə, Türkiyə Azərbaycana hərbi dəstəyini əsirgəməyəcək. Xarici təzyiqlərə rəğmən, Suriyaya, İraqa və Liviyaya ordusunu göndərməkdən çəkinməyən Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycan üçün də eyni qərarı verməkdən çəkinməyəcək. Növbəti mərhələ Azərbaycan-Türkiyə hərbi ittifaqının gücləndirilməsi olmalıdır. Türkiyənin hərbi baza quracağı növbəti ölkə Azərbaycan olmalıdır. Azərbaycan öz torpaqlarını azad etmək istəyir. Biz Ermənistanla qarşı-qarşıya qalsaq, Dağlıq Qarabağ və ətraf rayonların boşaldılması məsələsini çoxdan həll etmişdik, bunu ermənilərin özləri də etiraf edirlər. Ancaq Ermənistanın arxasında Kreml və Rusiyanın Ermənistandakı hərbi bazaları dayanır. Rusiyanın Ermənistandakı hərbi bazaları 1990-cı illərin əvvəllərində olduğu kimi erməni separatçılarına dəstək verəcəklər. Bunun qarşısını almağın yolu Türkiyənin Qətərdə və Liviyada olduğu kimi Azərbaycanda iki hərbi bazasının yaradılmasından keçir. Birinci baza Naxçıvanda, digəri Abşeronda formalaşdırılmalıdır. Türkiyənin Abşeronda hərbi hava qüvvələrinin yerləşdirilməsi zəruridir. Bu, həm işğalçı Ermənistana, həm də Rusiyaya ciddi mesaj olacaq. Biz də təhlükəsizliyimizə təminat almış olarıq ki, kimsə Azərbaycana hücum etməyəcək, dövlətimizi bölməyə çalışmayacaq. Bəziləri bu fikrin əleyhinə çıxaraq deyir ki, guya Türkiyə Azərbaycanda hərbi bazalar yaratsa, biz qardaş dövlətin təsiri altına düşəcək və ondan asılı olacağıq. Əlbəttə, hərbi bazaların yaradılması halında Türkiyədən asılılığımızın artacağını istisna etmirəm. Aydındır ki, bir dövlət səni qoruyursa, həmin dövlətin maraq və istəklərini nəzərə almalısan. Ancaq hazırkı vəziyyətdə hesab edirəm ki, bizim üçün vacib olan dövlətimizin təhlükəsizliyini sonsuzadək təminat altına almaq və işğalçıya, o cümlədən onun arxasındakı dövlətlərə və güclərə göz dağı verməkdir. Biz tək Ermənistanla bacararıq, ancaq onun arxasındakı güclərə müqavimət göstərmək üçün Türkiyənin yardımına ehtiyacımız var. Bunun yolunda xarici və təhlükəsizlik siyasətini Türkiyə ilə uzlaşdırmağa dəyər. Məgər Türkiyənin hərbi bazalarının var olduğu Qətər Ankaradan tam asılı vəziyyətə düşüb? Bəli, bunun qarşlığında Qətər Türkiyəyə milyardlarla dollar yatırım qoymağa boyun olub. Ona qalsa, Azərbaycan hərbi bazalar mövzusu olmadan da Türkiyəyə ən böyük yatırım qoyan ölkələrdəndir. Türkiyənin Azərbaycanda hərbi bazalar yaratmasına heç nə mane olmur, yetər ki, biz bunu istəyək".

Əhəd Məmmədli Paşinyanın Tehran selfisindən yazdı » Demokratik.Az

Əhəd Məmmədli: “Baş verənlər həm də Türkiyə-Rusiya qarşıdurmasıdır”

Politoloq Əhəd Məmmədli isə dedi ki, qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlundan sonra müdafiə naziri Hulisi Akar da Azərbaycana tam dəstəyini verdi: “Sağ ol, var ol, qardaş Türkiyə. Bax biz buna görə həmişə məhz və məhz Türkiyə deyirik. Çünki Türkiyə bizim üçün xarici dövlət deyil, öz dövlətimizdir. Necə ki, Azərbaycan türkiyəlilərin öz dövlətidir. Türk ictimaiyyəti Azərbaycan Ordusundakı şəhidlərə şəhidlərimiz deyir. Türkiyə bütün dünya türklərinin böyük vətənidir. Türkiyə qeyd-şərtsiz Azərbaycanın yanındadır. Erməni mediası da Türkiyə-Azərbaycan ittifaqını örnək göstərir və rusları ittiham edirlər ki, müttəfiqlik belə olar. Çavuşoğlunun ermənilərə ”Ağlınızı başınıza yığın" sözlərindən sonra Ermənistanın XİN rəhbəri tez-tələsik Lavrova zəng etdi. KTMT-nin iclası çağırılsa da, sonra ertələndi və bu, erməniləri bərk qəzəbləndirdi. Kremlə yaxın rus ekspertləri Ermənistanı ittiham etməyə başladılar. Sonra Lavrov çıxışında ad çəkmədən Türkiyəni vəziyyəti gərqinləşdirməməyə çağırdı. Bu, həm də Türkiyə-Rusiya qarşıdurmasıdır. Dünyada bir neçə coğrafi nöqtədə Türkiyə-Rusiya qarşıdurması gedir, Cənubi Qafqaz regionu da bura əlavə edildi".