|
"Semaşko"da ödənişlər hansı əsaslarla müəyyənləşdirilir?

Bildiyiniz kimi, ötən ilin ortalarında 1 saylı Şəhər Kliniki Xəstəxanasının ("Semaşko") baş həkimi Tərlan Bəbirov tutduğu vəzifədən uzaqlaşdırılaraq Bakı Sağlamlıq Mərkəzinə direktor təyin edilib. Onun yerinə isə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Sultan Əliyev təyin olunub. Demək olar ki, elə həmin vaxtdan "Semaşko"da mövcud olan problemlər birə-beş artıb.

Belə ki, 1 saylı Şəhər Kliniki Xəstəxanasında soyğunçuluğun baş alıb getdiyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, Sultan Əliyevin təyinatı müəssisədə mövcud nöqsanları çoxaldıb: "İş o yerə çatıb ki, artıq "Semaşko"nun fəaliyyəti daha çox kommersiya əsasları üzərində qurulub. Xəstəxanada ödənişlər bilavasitə baş həkimin təyin etdiyi qiymətlər cədvəlinə müvafiq olaraq müəyyənləşdirilir. Bu səbəbdən də "Semaşko"da vətəndaşlar soğan qabığı kimi soyulurlar. Məsələn, Sultan Əliyevin baş həkimi olduğu 1 saylı Şəhər Kliniki Xəstəxanasının travmatologiya şöbəsində xəstələrin qeydiyyata alınması üçün əlavə ödənişlər tələb olunur. Bundan başqa, qeysəriyyə əməliyyatı 1000-1500 manata başa gəlir, imkanlı və vəzifəli şəxslər üçün nəzərdə tutulmuş xüsusi VİP palatalardan isə xeyli gəlir götürülür". VİP palataların travmatologiya şöbəsinin ikinci mərtəbəsində yerləşdiyini deyən mənbənin bildirdiyinə görə, həmin otaqlara giriş-çıxış da az qala xüsusi nəzarətə götürülüb. VİP palataların hər cür şəraitlə təmin olduğunu vurğulayan məlumatlı şəxs qeyd edir ki, bu cür otaqlarda böyük plazma televizor, ayrıca soyuducu, hər cür rahatlığı olan hamam mövcuddur: "Elə buna görə də "Semaşko"nun travmatologiya şöbəsi VİP palataların hesabına külli miqdarda gəlir götürür. VİP palatalarda 10 gün qalmağın və göstərilən xidmətlərdən yararlanmağın minimum qiyməti 400-500 manat civarında dəyişir. Həmin otaqlarda bir ay qalmaq isə göstərilən məbləğdən bir neçə dəfə baha başa gəlir. Onu da qeyd edim ki, VİP palatalarda qalan şəxslərin yanına istədiyi yaxını gələ və orada qala bilər. Düzdür, xəstə yaxınının yanında qalmaq, ona qulluq göstərmək imkanı digər xəstələrə də tanınsa da, burada ciddi fərqlər mövcuddur. Məsələn, VİP palatalar istisna olmaqla qalan bütün palatalarda xəstə yanında qalmaq istəyən şəxs bunun üçün lazımi prosedurdan keçməli, 10 günlük icazə kağızı almalıdır. Əgər belə bir kağız yoxdursa və ya onun vaxtı keçibsə, o zaman xəstə yaxını gecə saatlarında ya xəstəxanadan çıxarılır, ya da bir gecəsinə 10-20 manat ödəməklə səhərə qədər öz xəstəsinin yanında qalmaq imkanı qazanır. VİP palatada müalicə alan xəstə yaxınları isə məlum prosedurdan keçməyə ehtiyac duymur və ümumiyyətlə, onların yerləşdiyi palata mühafizəçilər tərəfindən yoxlanılmır. Bundan başqa, VİP palatalarda xəstə yanında qalmaq istəyənlər üçün öz rahatlığı ilə diqqət çəkən geniş çarpayılar qoyulsa da, digər palatalarda xəstə yaxınlarına belə bir imkan yaradılmayıb".

1 saylı Şəhər Kliniki Xəstəxanasında rentgen aparatı ilə bağlı xəstələrin, eləcə də onların yaxınlarının çoxsaylı şikayətlərinin olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, "Semaşko"da müayinə olunmaq üçün gələn vətəndaşlarla yanaşı, həmçinin bu xəstəxanada aylarla müalicə alan xəstələrdən də rentgendən keçmək üçün pul tələb olunur: "Belə ki, hansısa səbəbdən ayağı sınan şəxs travmatologiya şöbəsində ayağının müxtəlif hissələrini - topuğu, dizi, budu rentgendən keçirməkdən ötrü hər hissə üçün azı 10 manat ödəməlidir. Onu da qeyd edim ki, rentgen müayinəsi zamanı alınan pullarla bağlı vətəndaşlara hər hansı bir qəbz verilmir. Ümumiyyətlə, yaralı vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılan xəstənin taleyini həkimlərin müdaxiləsi deyil, xəstə yaxınlarının maddi durumu həll edir. Belə ki, əgər yaralı xəstənin yanında onun bütün xərclərini qarşılaya biləcək yaxını varsa, o zaman həmin xəstəyə dərhal lazımi tibbi xidmət göstəriləcək. Əks halda xəstə taleyin ümidinə buraxılır. Bu isə sonda acı nəticələrə səbəb olur". \ GünBakı \

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.