|
İqtidar-müxalifət dialoqu davam edir:

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa arasında görüş olub. 

Musavat.com xəbər verir ki, görüşdə tərəflər arasında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu ərazisində baş verən hərbi toqquşma, dünyanı bürüyən COVİD-19 pandemiyası və Azərbaycanın apardığı işlər, həm yerli, həm beynəlxalq səviyyədə görülən tədbirlər ətrafında müzakirə aparılıb.
Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bilavasitə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər, eləcə də Azərbaycan tərəfinin təşəbbüsü ilə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində COVİD-19 pandemiyası ilə mübarizə mövzusunda videokonfrans formatında zirvə görüşlərin keçirilməsi yüksək dəyərləndirilib.

Eyni zamanda qeyd olunub ki, artıq ölkədə iqtidar-müxalifət dialoqu, yeni siyasi konfiqurasiyaya qədəm qoyub. Bu prosesin demokratik dəyərlərin möhkəmləndirilməsi, siyasi mədəniyyətin yüksəlməsinə xüsusi dəstək olacağı bildirilib. Ölkədə bütün siyasi qüvvələrin ümummilli məsələlərdə, dövlətçiliyin möhkəmlənməsində bir güc kimi olmasının vacibliyinin qeyd edilib.

Həmçinin bir neçə gün bundan əvvəl qeyd olunan mövzularla əlaqədar olaraq Milli Məclisin sədri Sahibə Qafarovanın və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə parlamentdə təmsil olunan partiya rəhbərlərinin videokonfrans formatında keçirilən müşavirəsi barədə danışılıb. Bu cür toplantıların daha geniş formatda keçirilməsinin önəmli olduğu qeyd edilib.

Bu barədə ətraflı danışan Ədalət Vəliyev aparılan köklü struktur və kadr islahatlarına toxunaraq, Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur bölmənin yaradılmasını ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlığın qurulması işinə verdiyi əhəmiyyətdən irəli gəldiyini qeyd edib.

O, bildirib ki, şöbə tərəfindən dövlət başçısının tapşırığı ilə indiyə qədər görülmüş işlər nəticəsində və ölkədə yeni siyasi mədəniyyətin təşəkkülü fonunda artıq əksər siyasi partiyalarla konstruktiv əməkdaşlığın möhkəm əsasları qurulub.

Ədalət Vəliyev qeyd edib ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır və bu, iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə söykənir.

Sonda Ədalət Vəliyev 15 iyul 2020-ci il tarixində Böyük Quruluş Partiyasının videokonfrans vasitəsi ilə Qurultayın keçirilməsi məsələsinə də toxunaraq, Fazil Mustafa və partiyasına uğurlar arzulayıb.