Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində atəşkəsi pozması və təxribatı həm də informasiya provokasiyası ilə müşayiət olunur.
Bu infomasiya təxribatı, şayiə xarakterli məlumatların tirajlanması indi daha geniş platformanı əhatə edir. Hazırda istər sosial media hesablarında, istərsə də bəzi elektron KİV-də sərhəddə baş verənlərlə bağlı qeyri-səhih informasiyalara, qızışdırıcı, tətikləyici dezinformasiyalara rast gəlmək olur, həm Ermənistan, həm Azərbaycanın itkiləri haqda doğru olmayan məlumatlar yayılır. Bu hallar ilk dəfə deyil.
2016-cı ildə aprel döyüşlərində də Azərbaycan informasiya provoksiyası ilə üz-üzə qalmışdı. Eynilə Tovuz ərazisində yaşanan atışmalar, vuruan məntəqələr barəsində dezinformasiyalar görmək olar. Erməni mediası saxta videolar, şəkillər yayır.
Bundan başqa, sosial şəbəkələrin Azərbaycan seqmentində də xəbər burulğanı var. Hər kəs ağızdan-ağıza eşidilən söhbətləri yayır və doğru-dürüst olmayan məlumatlar sürətlə geniş kütlələrə çatır.
Bu “feyk” xəbər, dezinformasiya axınının qarşısı necə alınmalıdır, dövlət orqanları hansı addımları atmalıdır?
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Ermənistandan fərqli olaraq Tovuz istiqamətində baş verənlər haqda həqiqətləri söyləyir.

Asim Mollazadə: “Media qurumları və dövlət orqanları beynəlxalq təşkilatları, xarici medianı məlumatlandırmalıdır”
Deputat hesab edir ki, qarşı tərəf döyüşlər zamanı aldıqların itkiləri gizlədir. A.Mollazadənin fikrincə, Ermənistan Rusiyanı öz müttəfiqi kimi münaqişəyə cəlb etmək istəyindədir: “Azərbaycan Ermənistana layiqli cavabını verməlidir. Mənə elə gəlir ki, media qurumları və dövlət orqanları da bu istiqamətdə beynəlxalq təşkilatları, xarici medianı məlumatlandırmalıdır, düşmən tərəfin beynəlxalq aləmə dezinformasiya yaymasına meydan verməməlidir.
Çünki informasiya müharibəsi hərbi müharibədən heç də az əhəmiyyət kəsb etmir və Azərbaycanın dövlət qurumları, mediası fəal olmalıdırlar".

Ramil Məmmədli: “Azərbaycanlı adı ilə yazan ermənilər, erməni xislətli azərbaycanlılar var və onlar yalan xəbərlər yayırlar”
Hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirdi ki, Azərbaycan Qarabağ müharibəsinin ilk illərində, ardınca aprel döyüşləri zamanı informasiya savaşı ilə qarşılaşıb. R.Məmmədli hesab edir ki, təkcə düşmən erməni deyil, onlardan az təhlükəli olmayan içimizdəki təxribatçılar da belə şəraitdə fürsət güdürlər: “Şərəfini itirmiş belə adamlarla üzbəüz qalmışıq. Onlar həqiqətdən uzaq məlumatlar yayırlar. Dövlət bu məsələni kökündən həll etməlidir”.
Ekspertin sözlərinə görə, bu vəziyyətdə sosial medianı bağlamaq çıxış yolu deyil: “Vətəndaş ayıq-sayıq olmalıdır, dövlət media vasitəsilə xalqa çağırış etməlidir. Çünki azərbaycanlı adı ilə yazan ermənilər, erməni xislətli azərbaycanlılar var və onlar yalan xəbərlər yayırlar.
Bu da cəmiyyətdə narahatlıq yaradır. Ümid edirəm ki, dövlət bu istiqamətdə mühüm addımlar atacaq".
Politoloq Ramiyə Məmmədovanın sözlərinə görə, müharibələr zamanı informasiya təxribatı ikinci silaha çevrilir.

Ramiyə Məmmədova: “Müharibələr zamanı informasiya təxribatı ikinci silaha çevrilir, media və Müdafiə Nazirliyi fəal olmalıdır”
Onun fikrincə, Ermənistan mediası daxili auditoriyanı sakitləşdirməyə çalışır: “Biz itkilərimizi gizlətmirik. Onlar isə hələ də etiraf etmək istəmirlər. Azərbaycanın peşəkar mətbuatı, Müdafiə Nazirliyi xarici medianı məlumatlandırmalıdır, Tovuz istiqamətindəki hadisələr müxtəlif dillərə tərcümə olunaraq geniş beynəlxaq ictimaiyyətə çatdırılmalıdır. Yəni bizim üçün ikinci cəbhə - informasiya səngəridir. Azərbaycanın həm QHT, həm media, həm Müdafiə Nazirliyi fəal olmalıdır”.
Politoloq sosial şəbəkələrdə ermənipərəst mövqedən çıxış edən azərbaycanlıların olmasına da diqqət çəkdi:
“Qarşı tərəfin vətəndaşlarından biz belə münasibət görmürük. Amma içimizdə elə adamlar var ki, öz xislətlərini gizlədə bilmirlər, maskaları cırılır. Onları öz vicdanları ilə baş-başa buraxmaq lazımdır.
Bizim indiki situasiyada əsas missiyamız dünya ictimaiyyətinə Tovuz təxribatı ilə bağlı həqiqətləri çatdırmaq olmalıdır".
