Əhməd Qəşəmoğlu: “Cəmiyyətin bu yüksəlişindən, coşqusundan istifadə edərək...”
İki gündür Tovuz rayonu istiqamətində gedən döyüşlər bir daha Azərbaycan cəmiyyətini bir məqsəd - torpaqlarımızın bütövlüyü uğrunda bir araya gətirdi. Bu günə qədər müzakirə olunan bütün məsələlər, koronavirus, iqtisadi problemlər, yay tətili və sair arxa planda qaldı. İndi hər kəsin dilində bir söz, bir dua var - Allah ordumuza qələbə qismət etsin, əsgərimizi, ordumuzu qorusun. Hamı bir nəfər kimi hərbçilərimizə dəstəyini ifadə edir, şəhidimizin acısını öz övladı imiş kimi yaşayır. Zaman-zaman cəmiyyətdə artıq Qarabağ məsələsinin unudulduğu, insanların vətənpərvərlik hissini itirdiyi ilə bağlı iddialar da beləcə silinib gedir. Gənclərin Tovuz rayonuna axın edib, orduya qatılmağa çalışması qürurverici mənzərələr ortaya qoyur.
Sosioloq Əhməd Qəşəmoğlu da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əhalinin davranışı, orduya dəstəyi, qaçqın və məcburi köçkünlərin Qarabağa getməyə hazır olduqlarını bildirməsi, gənclərin cəbhə bölgəsinə axını hər biri sosioloji baxımdan da müsbət göstəricilərdir: “Bizim xalqın hər zaman bu sahədə yüksəliş potensialı var. 2016-cı ildə aprel döyüşləri zamanı da bütün əhali səfərbər oldu, yaşlı-cavan hər kəs özünü ordunun yanında hiss edirdi. Bu çox yaxşı göstəricidir, xalqımızın öz torpaqlarına nə qədər sədaqətli olduğunu sübut edir. Müharibə olarsa, insanlar, hər kəs canla-başla orduya dəstək olacaq. Eyni zamanda ermənilər də anlayır ki, Azərbaycan insanı onların təsəvvür etdiyi kimi, torpağına etinasız deyil. Xarici qüvvələrin özü üçün də bu mənzərə bir yoxlanışdır ki, əhali torpaqlarının işğalı ilə barışmayıb. O baxımdan əhalinin bu təpkisi, çoşqusu çox yaxşıdır”.
Ə.Qəşəmoğlu onu da vurğuladı ki, cəmiyyətdəki bu əhval-ruhiyyədən, bu potensialdan vaxtında və lazımınca istifadə etmək lazımdır: “Bu problemi ildən-ilə ötürmək olmaz. Bu sirr deyil ki, illər keçdikcə, yeni nəsil üzərində həm xaricdən, həm daxildən elə proseslər gedir ki, itirilən torpaqlar unudula bilər. Bu gün cəmiyyətdə Qarabağ qaçqınları, o torpaqlardan gələnlər, yaşlı nəslin nümayəndələri, ürəyi o torpaqlarla alışıb-yananlar var, onlar da gəncləri bu ruhda tərbiyə edirlər. O yaşlı nəsil ölüb getdikdən sonra gənc nəsli vətənpərvərlik ruhunda böyüdən qüvvə aradan gedir. O zaman torpaq da unudulur. Necə ki, İrəvan, Zəngəzur yaddan çıxıb, Dağıstan və digər qədimi torpaqlarımız demək olar ki, unudulub. Ona görə də çalışmalıyıq ki, bugünkü ruh yüksəkliyindən istifadə edək”.
Sosioloqun sözlərinə görə, savaşı sona qədər davam etdirərək qələbəyə nail olmaq lazımdır ki, insanlarda ruh düşkünlüyü yaranmasın: “Sosial psixologiyanın belə bir qanunauyğunluğu var ki, bir insan nəyəsə çox həvəsli olduqda, lakin onun arzusu dəfələrlə cəhd etdikdə belə baş tutmayanda, onlarda daxili ruh düşkünlüyü yaranır. Biz bu amili nəzərə almalıyıq. Ermənilər çıxış edib deyirlər ki, biz özümüz də o torpaqları işğal etdiyimizi bilirik və bunu yaxşı etmişik. İstəyirik ki, yeni nəsil ermənilər bilsin ki, onların ata-babaları belə qəhrəman olublar. Bizim yeni nəsil isə görsə ki, torpaqlarımız uğrunda sonuna qədər mübarizə aparmırıq, bu zaman natamamlıq kompleksi yaranır. Nə qədər gənclərimiz var ki, bu işə həvəsli olsalar da, aralarında ruh düşkünlüyü olanlar varsa, düşmən onlardan istifadə edə bilər. Ona görə də bunlar həsssas məsələlərdir. Xalqımızın bu yüksəlişindən, bu coşqusundan optimal istifadə etmək lazımdır”.
Şəhid dəfnlərindən yayılan görüntülərə fikir bildirən Ə.Qəşəmoğlu bildirdi ki, bu sahədə Türkiyə təcrübəsi daha nümunəvidir: “Türkiyə təcrübəsi göstərir ki, biz düşmən qabağında sınmamağa çalışmalıyıq. Bizim milli təfəkkürdə də bu var. Hətta insan xəstə olsa da, onu ziyarətə gələn düşməni, sevməyən şəxsin qarşısında dik dururdu. Bu bizim milli adət-ənənəmizdir ki, düşmən qarşısında sınmamaq daha doğrudur. Mətbuat, sosial media da bu istiqamətdə matəm səslərini deyil, vətənpərvərlik şüarlarını versinlər. Anasının, bacısının, həyat yoldaşının şəhid üçün tökdüyü göz yaşını, onların ağrı-acısını yaxından duyuruq, qiymətləndiririk. Adətimiz-ənənəmiz belədir ki, torpaq yolunda şəhid vermiş ailə ən böyük hörmətə, diqqətə layiqdir. Dövlətin də, ictimaiyyətin də onlara qayğısını təmin etməliyik”.
