|
Roma Papasından Aya Sofya haqda ilginc açıqlama

Katoliklərin dini lideri Papa Françis bu gün bazar ayinində Aya Sofyanın məscid elan olunmasına münasibət bildirib.

İstanbuldakı Ayasofyanın muzey statusunun ləğv olunaraq, məscidə çevrilməsi qərarından sonra Vatikandan ilk reaksiya gəlib.

Katoliklərin dini lideri Papa Françis bu gün Müqəddəs Pyotr Meydanında keçirdiyi ayin zamanı "bütün fikrim İstanbuldadır, Aya Sofyanı düşünür və çox əzab çəkirəm", deyib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbuldakı Aya Sofya muzeyinin məscidə çevrilməsi barədə fərman imzalayıb.

Bundan əvvəl Türkiyənin ən yüksək inzibati məhkəməsi dünyaca məşhur mədəniyyət ocağının muzey statusunu ləğv edib. 1500 illik tarixi olan, YUNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş bu məbəd binası tikildikdən sonra öncə kilsə, İstanbulun fəthindən sonra məscid, 1930-cu illərdən sonra isə muzey kimi fəaliyyət göstərib.

Aya Sofyanın yenidən məscid kimi fəaliyyət göstərməsi təklifi Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğandan ötən il seçki vaxtı gəlmişdi.