Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ilin İş Planına əsasən, 2018-2019-cu illərdə dövlət büdcəsindən ayrılan vəsaitlərin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi publik hüquqi şəxs (bundan sonra-Mərkəz) tərəfindən icrası vəziyyətinə dair uyğunluq auditi aparılıb, audit nəticəsində əsasən nöqsanlar müəyyən edilib.
"APA-Economics"in Palataya istinadən verdiyi məlumata görə, mərkəz tərəfindən 2018-2019-cu illər üçün proqnoz layihələri tərtib edilərkən ümumi təyinatlı, o cümlədən Proqram və tədbirlər üzrə dərman vasitələrinin alınması üçün zəruri büdcə vəsaitinin proqnozlaşdırılması zamanı bir xəstəyə düşən xərc məbləği üzrə normativlər tətbiq olunmayıb, hər ilin sonuna anbarda mövcud olan dərman qalığı nəzərə alınmayıb, tibb müəssisələrindən müvafiq sifarişlər tələb edilməyib, qeydiyyatda olan xəstələrin sayının və tibb müəssisələrində icra olunan çarpayı günlərinin, habelə aparılmış müayinələrin sayının dəyişməsi üzrə məlumatların təhlili tam həyata keçirilməyib, bir çarpayı gününə və ya bir xəstənin müalicəsinə düşən dərman vasitələrinə, müayinələrin aparılması üçün laboratoriya reaktivlərinə və şüa diaqnostika materiallarına, peyvəndlərə, tibbi təyinatlı vasitələrə tələbatlar tam nəzərə alınmayıb və nəticədə bəzi tədbirlər proqramları üzrə ayrılmış vəsaitin az olması səbəbindən ümumi təyinatlı dərman vasitələrinin alınmasına ayrılmış mərkəzləşdirilmiş vəsait hesabına dərman vasitələri alınıb.
Auditlə əhatə olunan illərdə “2016-2020-ci illər üçün Hemofiliya xəstəlikləri üzrə Tədbirlər Proqramı”, “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”, “2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”, “2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”, “2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”, “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” və "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı" üzrə nəzərdə tutulmuş bəzi tədbirlərin müəyyən olunmuş müddətdə icrası təmin edilməyib, eləcə də alınmış dərman vasitələrinin bölüşdürülməsi zamanı mövcud normativlərin tələblərinə əməl olunmaması, səhiyyə müəssisələri üzrə çarpayı günlərinin icrasının nəzərə alınmaması nəticəsində 1 xəstəyə düşən xərclər əhəmiyyətli dərəcə də fərqli olub.
