|
Prezident Əliyevin son bəyanatları İrəvanda təlaş yaratdı

Pandemiya dövründə hərbi əməliyyatların başlanmayacağına ümid edən ermənilər hay-küy salır; vitse-spiker Əli Hüseynli: “Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi, açıq mətnlə işğal faktının mövcudluğuna diqqətin yönəldilməsi Ermənistanın hakim dairələrində narahatlığa səbəb olub”

Artıq işğalçı Ermənistan da anlayır ki, Azərbaycan prezidenti İlham Əliyevin son bəyanatları yeni situasiya yaradıb və Qarabağın azad olunması əməliyyatı hər an başlaya bilər.

Elə rəsmi İrəvanın vay-şivən məzmunlu bəyanatı, beynəlxalq birliyə “Bakını hərbi əməliyyatlar başlamağa imkan verməyin” məzmunlu son açıqlamaları, üstəlik, işğal zonasındakı qondarma qurumun adından yayılan “bəyanat” düşmənin təşvişdə olduğunu nümayiş etdirir. Ermənistan son zamanlar pandemiya səbəbindən Azərbaycanın hərbi əməliyyatlara başlaya bilməyəcəyini iddia edir və BMT Baş katibinin dünyadakı münaqişə subyektlərinə “pandemiya dövründə silahları yerə qoyun” çağırışına istinad edirdi. Hətta Ermənistan rəhbərliyi sevincək halda BMT-nin çağırışına səs vermişdi, qonşusunun ərazilərini işğalda saxladığı halda, həyasızcasına sülhə tərəfdar olduğunu bəyan etmişdi. Belə bir durumda Azərbaycan prezidentinin “münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək” - məzmunlu bəyanatı düşmənin əhvalına “soğan doğrayıb”. Xüsusilə də dövlət başçısının BMT Nizamnaməsinin konkret maddəsinə istinad etməsi erməniləri vahiməyə salıb. Eyni zamanda Prezident vasitəçiləri də sərt tənqid edib. Deyib ki, Azərbaycan ATƏT-in Minsk Qrupundan başqa, konkret bəyanatlar gözləyir və onu eşitmək istəyir. “ATƏT-in Minsk Qrupu  Ermənistanın baş nazirinin ”Qarabağ Ermənistandır" iddiasına niyə cavab vermir? Niyə cavab verilmir ki, bu ifadə əslində Minsk Qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir?" - Prezident sual edib.  Dövlət başçısı qeyd edib ki, Azərbaycan danışıqları imitasiya üçün aparmaq niyyətində deyil. Ermənilər üçün imitasiya status-kvonun saxlanması üçün çox vacib idi, bu şansdan məhrum olmaları onların fəlakətini yaxınlaşdırır.

Əli Hüseynli Milli qəhrəmanların evlə təmin olunmasını təklif edib

Əli Hüseynli

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli də bu fikirdədir ki, son dövrlər Dağlıq Qarabağ məsələsində bir sıra beynəlxalq təşkilatlar tərəfindən rəsmi bəyanatlarla Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi, açıq mətnlə işğal faktının mövcudluğuna diqqətin yönəldilməsi Ermənistanın hakim dairələrində narahatlığa səbəb olub. Vitse-spiker Modern.az-a açıqlamasında Prezidentin həmsədrlərlə bağlı xəbərdarlıqlarına toxunarkən qeyd edib ki, əslində aşkardır ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında beynəlxalq vasitəçi rolunu oynayan ATƏT-in Minsk Qrupunun fəaliyyəti bu günə qədər heç bir müsbət nəticə verməyib: “Dağlıq Qarabağda keçirilən saxta seçkilərə adekvat reaksiya verməyən ATƏT və onun Minsk Qrupu eyni zamanda Qarabağda qanunsuz məskunlaşmaya və tikintilərə, hər şeyin erməniləşdirilməsinə, tarixin saxtalaşdırılmasına də göz yumur. Ona görə də hər dəfə bir bəhanə ilə orada baş verən hadisələri və prosesləri izləmək üçün faktaraşdırıcı missiyasını əraziyə göndərməkdən imtina edir”. Ə.Hüseynli hesab edir ki, əgər ATƏT-in Minsk Qrupu danışıqların konstruktiv məcraya yönəldilməsi istiqamətində səmərəli addımlar atarsa və səmimi olaraq münaqişənin həllini arzuladıqlarını konkret fəaliyyəti ilə nümayiş etdirərsə, o halda vəziyyətdə dönüş yaranar: “Əks halda, prezident İlham Əliyevin dediyi kimi, danışıqların heç bir mənası olmayacaq. Bu halda biz ölkəmizin ərazi bütövlüyünü, yəni tarixi ədalətin güc yolu ilə bərpa etmək hüququmuzdan istifadə edə bilərik”.

Zaur Məmmədov: “Prezidentlərin razılaşması təsadüfi deyil”

Zaur Məmmədov

Prezident yanında Dövlət İdarəçilik Akademiyanın müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə “Yeni Müsavat”a dedi ki, Prezident İlham Əliyev Ermənistanın demokratiya yalanını əslində tutarlı dəlillərlə ifşa etdi: “Doğrudan da necə ola bilər ki, Xocalı soyqırımını törədən, mütəmadi olaraq snayperləri ilə cəbhə xəttində dinc əhaliyə, qadınlara və uşaqlara atəş açan ölkə özünü ”demokratik" adlandıra bilər?" Siyasi təhlilçi qeyd etdi ki, bundan əvvəl Ermənistanın əvvəlki liderləri də ölkəni “demokratik” adlandırırdılar, indiki də: “Burada Qərbin insan haqları üzrə ixtisaslaşmış təşkilatlarının davranışı da ikrah doğurur. Hələ də Avropa Şurasının Ermənistanda siyasi məhbus üzrə məruzəçisi təyin edilməyib. Bilərəkdən vaxtın uzadılmasında məqsəd Nikol Paşinyanın müxalifətə qarşı siyasi motivli təqiblərində onu dəstəkləməkdir. Fikir verin, Venesiya Komissiyası, Avropa Şurası nədənsə Ermənistanda baş verən ən son hadisələrə reaksiya vermirlər. Sanki lal, kar və kor olublar”.

Z.Məmmədov bildirdi ki, eyni hal Ermənistanın Azərbaycana qarşı son illərdə artan aqressiyasında da özünü büruzə verməkdədir: “Odur ki, prezident İlham Əliyev çox haqlı olaraq başda ATƏT-in həmsədr ölkələrinə belə bir sual verir: Ermənistanın baş naziri ”Qarabağ Ermənistandır" deyir, Minsk Qrupu susur, qondarma Dağlıq Qarabağ respublikasının saxta seçkiləri nəticəsində seçilməmiş saxta prezidenti Şuşada andiçmə mərasimi keçirir, Minsk Qrupu susur. Eyni zamanda həmsədr dövlətlərin bəyanatlarında “münaqişənin həllinin hərb yolu ilə həlli yoxdur” bəyanatı da Prezidentin haqlı iradına səbəb oldu". Politoloqun sözlərinə görə, prezident İlham Əliyevin ATƏT-in Minsk Qrupuna olan iradı həmin dövlətlər üçün ciddi çağırış olmalıdır: “Beynəlxalq hüququn, tarixi ədalətin bizim yanımızda olduğu halda iki münaqişə tərəfinə eyni yanaşma sərgiləmək, təcavüzə məruz qalanla işğalçı arasında fərq qoymamaq bu münaqişənin arbitrləri kimi onların imicinə vurulacaq çox böyük zərbədir. Həmsədr ölkələrin əsas məqsədi münaqişənin müharibə mərhələsinə keçməsinə imkan verməməkdir. Ona görə də onlar mütəmadi olaraq XİN rəhbərləri arasında nəticəsiz görüşlər keçirməklə məşğuldurlar. Çünki hər üç dövlətə nəticə lazım deyil, onlar üçün əsas prioritet status - kvonun indiki vəziyyətdə saxlanılmasıdır”.

Siyasi ekspert qeyd etdi ki, hər halda, Ermənistan və həmsədr dövlətlər başa düşməlidirlər ki, status-kvo indiki vəziyyətdə qala bilməz: “Azərbaycan dövlətinin və xalqının səbri tükənməz deyil. Əgər Cənubi Qafqazda müharibə başlayarsa, bunun ən böyük günahkarı elə onların özləri olacaqlar. Çünki Ermənistanın cəbhədəki açıq - aşkar təxribatlarına dəstək olan, Paşinyanın danışıqları pozmasına seyrçi qalan Minsk Qrupunun özüdür. Rusiya, Fransa və ABŞ unutmamalıdırlar kı, BMT, NATO, Avropa İttifaqı, Avropa Parlamenti, İqtisad Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və bir çox təşkilatlar münaqişədə Azərbaycanın ərazi bütövlüyünə dəstəklə bağlı qərar və qətnamələr qəbul etmişlər. Müstəqillik qazanandan sonra Azərbaycan BMT-yə üzv olarkən Qarabağ və ətraf bölgələrlə daxil olub. Ümumiyyətlə isə DQMV 1991-ci ildə ləğv edilib və Azərbaycanın daxilində Dağlıq Qarabağ anlayışı, regionu yoxdur. Deməli, əgər münaqişənin sülh yolu ilə həllində dəstək görməyəcəyiksə, o zaman özünümüdafiə hüququmuzdan istifadə edəcəyik. Azərbaycan Gürcüstan deyil, heç Ukrayna da deyil. Bu günə qədər soyuqqanlı olmağımızın səbəbləri var. Kimlərsə bilərəkdən bölgədə müharibəni tətikləməklə regiona hərbi kontingent yeritmək istəyir. Yəni 100 il əvvəlki hadisələrin təkrar olmasını istəyirlər...”

İndiki situasiya nəyi diktə edir, bundan sonra rəsmi Bakı danışıqlara davam edəcəkmi? Z.Məmmədov: “Bakının danışıqlardan imtina etmək kimi seçimi yoxdur. Əks təqdirdə, bu, həmsədrlərin və Ermənistanın əlində bir bəhanə olar. Ona görə də biz nəticəsi olmayan danışıqların şahidiyik”.