4 aylıq qadağaların insanlarda gərginlik yaratdığı önə çəkilir; deputatdan və psixoloqdan təklif
Pandemiya ilə əlaqədar dünyanın əksər ölkələri kimi, Azərbaycanda da sərt karantin rejimi tətbiq olunur. Koronavirusa yoluxanların sayı getdikcə artdığı üçün aidiyyəti qurumlar karantin rejimi qaydalarına düzgün əməl olunmasına ciddi nəzarət edir, insanların maskasız dolaşmasının qarşısını alır, cərimələr tətbiq edir və sairə.
Tanınmış simaların da bu virusa yoluxduğunun, hətta qurbanına çevrildiyinin şahidi oluruq. Mövcud vəziyyət insanları daha da məsuliyyətli olmağa vadar edir. Lakin hələ də bu qaydalara əməl etmək istəyənlər, məsuliyyətsiz yanaşanlar, inamsızlıq nümayiş etdirənlər var. Şahidi oluruq ki, bu cür addım atanlar artıq cəmiyyətin özü tərəfindən sərt şəkildə tənqid edilir, qınaq obyektinə çevrilir.
Bəs hələ də cəmiyyətdə mövcud olan məsuliyyətsizliyin, inamsızlığın səbəbi nədir? Bəziləri qeyd edir ki, bunun əsas səbəblərindən biri də bir müddət bundan əvvəl efirlərdən, sosial şəbəkələrdən xalqa “evdə qal” çağırışı edib, haştaqlar paylaşan məşhurların, sənətçilərin indi özlərinin qaydaları pozaraq ya ölkə daxilində, ya da ölkə xaricinə istirahətə yollanması, əylənməsidir.
Məsələ ilə bağlı millət vəkili Razi Nurullayev “Yeni Müsavat”a danışıb. O qeyd edib ki, hazırda sadə vətəndaşlar ümumilikdə karantin rejiminə əməl edir: “Doğrudur, bəzi hallarda karantin rejiminin pozulması halı baş versə də, bu, əsasən sadə vətəndaşlar tərəfindən edilmir. Kimsə istirahət etmək üçün harasa gedir və qanunlardan kənar nəsə etmək istəyir. Bu halların baş verməsinin ziyanı isə bütün Azərbaycana təsir edir.

Mövcud vəziyyət bütün dünya ölkələrində də baş verir. Şahidi oluruq ki, ABŞ-da, İngiltərədə, Braziliyada, Fransada insanlar polislə “siçan-pişik” oynayır, maska taxmaqdan yayınmağa, qanundan gizlin hərəkətlər etməyə çalışır.
Beləliklə, düşünürəm ki, ümumilikdə insanlarımız artıq koronavirusun mövcudluğuna inanır. Sadəcə, isti yay günlərində sərt karantin rejiminin bu cür tətbiq edilməsi insanlarda bir qədər narahatlıq yaradıb.
Mütəxəssislər bir yandan qeyd edir ki, insanlarda D vitamini çatışmazlığı yaranıb, hansı ki, koronavirusla mübarizədə bu vitaminin çox böyük əhəmiyyəti var. İnsanlar evdə oturmaqla, Günəş işığından məhrum olmaqla D vitamini necə əldə edəcək? Ona görə də hesab edirəm ki, bu cür sərt karantin rejimi tətbiq etməklə virusa qalib gəlmək mümkün olmayacaq. Müəyyən vaxtdan sonra orqanizmi zəifləyən insanlar yenidən bu virusa yoluxacaq. Bu baxımdan yaxşı olardı ki, iyulun 20-dən sonra iqtisadiyyat bərpa edilsin, iş yerləri açılsın, rayonlarla əlaqə bərpa olunsun. İnsanlara imkan verilsin ki, dənizdən, isti qumdan istifadə etsinlər, orqanizmlərini gücləndirsinlər.
Məsələ burasındadır ki, vətəndaş 30 qəpiklik maskanı alır, cibinə qoyur və onu karantin rejimi bitənə qədər istifadə edəcək. Bunun özü virusun yayılmasına şərait yaradır. Çox az sayda adam tapmaq olar ki, onlar gün ərzində 3-4 dəfə maskanı dəyişir, hər maskanı dəyişəndə də əlini spirtləyir, gigiyenik qaydalara əməl edir. Bunun üçün də mənə elə gəlir ki, insanlarımız bu məsələyə bir şablon kimi baxır.
Bir daha qeyd edirəm ki, sərt karantin rejiminin bundan sonra da uzadılmasına və vətəndaşların buna məcbur edilməsinə ehtiyac yoxdur. Gələcəkdə bu, ciddi narazılıqla müşahidə ediləcək və artıq bunun işartılarını sosial şəbəkələrdə, mətbuatda görmək olur".

Psixoloq Fərqanə Mehmanqızı isə mövzuya bu cür rəy bildirdi: “Karantinin ilk iki ayında doğrudan da birlik, həmrəylik göstərib, qanunlara riayət etdik. Çünki ilk zamanlarda aidiyyəti qurumlar insanlarda bir ümid, inam yarada bilmişdi. Lakin zamanla insanlar qanunların, karantin rejiminin heç bir əhəmiyyət kəsb etmədiyini gördükdə məsələyə inamsız, məsuliyyətsiz yanaşmağa başladı.
Dünyanın bir çox ölkələrində karantin rejiminə, qaydalarına əməl olundu və artıq normal həyata yenidən dönüş etməyə başlayıblar. Lakin bizdə qaydalara riayət olunmadı, sonradan müəyyən problemlər yaranmağa başladı. O cümlədən iqtisadi durum, psixoloji gərginlik, sarsıntılar ajiotaj yaratdı, nəticədə aidiyyəti qurumlara da inamsızlıq hiss olundu.
Kütlədə ən önəmli amil güvən, inamdır. İnsan instinktlə güvənə uyur və güvənlə hərəkət edir. Bu gün güvən, ümid olmadığından kütlədə karantin rejiminə də bir inamsızlıq var. Buna görə də tez-tez qaydaların pozulduğunu görürük. Əksəriyyət cərimə olunmamaq üçün qaydalara əməl etməyə çalışır.
4 ay karantin çox böyük müddətdir. İnsanların çoxlu sayda sualları var və bu suallara çox zaman cavab verilmir. İnsanlar həm maddi, həm də mənəvi baxımdan çox böyük sıxıntıdadır. Onların qapalı şəraitdən, sarsıntıdan çıxmağa, istirahət etməyə ehtiyacı var. Bir insan xislətinin ən pik nöqtəsi onun azadlığıdır. Azadlığına toxunan kütlə, cəmiyyət çox aqressiv olur. Üstəlik, aqressiv cəmiyyət bu gün həm də acdır, maddi problemləri var. Bundan əvvəl yığdıqları, “balış altında gizlətdikləri”, əlində-ovcunda nə varsa hamısını xərcləyib, tükədib. Buna görə də üzdə olan insanların, sənətçilərin “evdəqal” haştağından sonra xarici ölkələrə və yaxud ölkə daxilindəki istirahət mərkəzlərinə üz tutması cəmiyyətdə aqressiv qarşılanır.
Əgər həmin insanlar qaydalara əməl edib, ölkədən çıxıbsa onları qınamaq olmaz. Onlar ölkədən çıxış ediblərsə, deməli, qanunda bununla bağlı icazə var. Kütlənin aqressiyasının təməl nöqtəsində duran məsələ əslində ayrıdır. Burada kütləni də, qanun çərçivəsində ölkədən çıxıb istirahətə gedənləri də qınamaq olmaz. Həmin sənətçilər əslində üzdə olanlardır. Araşdırsanız, görərsiz ki, bu gün nə qədər insan ölkədən kənara çıxır. Sadəcə, onlar üzdə olan şəxslər olmadığından, diqqət çəkmirlər".
Psixoloq qeyd edib ki, mövcud vəziyyətin fəsadları bir neçə il sonra özünü göstərməyə başlayacaq: “Bu günün valideynlərinin tərbiyə etdiyi körpələr artıq yeniyetmə çağına gəldikdə hazırkı vəziyyətin fəsadları özünü büruzə verməyə başlayacaq. Necə ki, 90-cı illərin əvvəllərində böyüyüb-başa çatan şəxslər indi artıq yetkin insanlardır və onların aqressiyasını görürük”.
