|
Kommunal xərclər və bank borcları ilə bağlı əhaliyə güzəşt ediləcəkmi - rəy

Ekspert təklif edir ki, qorunma qaydalarını sərtləşdirməklə iş yerlərini və rayonlara gediş-gəlişi açmaq, elektrik enerjisi limitini artırmaq lazımdır

Sərt karantin rejiminin davam etdiyi günlərdə vətəndaşların bir çoxu faktiki olaraq gəlirlərindən məhrum olub. Xüsusən də özəl sektorda qeyri-rəsmi çalışanlar və muzdlu işçilər işsiz qalıb ki, onların da sayı yüzminlərlə ölçülür. Xarici ölkələrdə koronavirusla mübarizə istiqamətində tətbiq olunan karantin tədbirləri çərçivəsində görülən işlərdən başlıcası əhalinin kommunal xərclərinin dövlət tərəfindən qarşılanması və bank borclarının bir neçə aylıq dondurulması oldu. Azərbaycanda isə nə hökumət bu istiqamətdə bir addım atdı, nə də banklar belə bir sosial məsuliyyətin altına girdilər. Lakin karantin hələ də bitmiş sayılmır, ölkədəki pandemiya ilə bağlı vəziyyəti də nəzərə alsaq, bundan sonrakı müddətdə insanların yoxsulluq səviyyəsi daha da artacaq.

Bu durumda hökumət kommunal və bank borcları ilə bağlı hər hansı addım ata bilərmi?

Qeyd edək ki, məsələ ilə bağlı qərarı birbaşa olaraq Nazirlər Kabineti verdiyindən icraçı dövlət qurumları münasibət bildirməkdən çəkinirlər.

Ekspertlər isə cəmiyyətdə maddi məsələlərdən doğan sosial gərginliyin artıq pik həddə çatdığını və bu cür güzəşt addımlarına ehtiyac olduğunu qeyd edirlər.

İqtisadçı ekspert Samir Əliyev “ Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, əhalinin maddi durumu çox ağırdır, çox böyük sosial gərginlik və hətta özünə qəsd etməyə cəhd edənlər var: “İnsanlar artıq bu sərt qaydalara əməl etməyi bacarmır, cərimə faktını da göz önünə alaraq evdən qazanc dalınca çıxır.  Hökumətin kommunal güzəştlə bağlı yeganə addımı o oldu ki, elektrik limitini 300 kilovatdan 400-ə qaldırdılar. Biz o zaman da yazdıq ki, aztəminatlı əhalinin aylıq elektrik sərfiyyatı onsuz da 300-ü keçmir. Belə çıxır ki, bu addım daha çox əhalinin imkanlı təbəqəsinin yararına oldu. Daha sonra kommunal xidmət göstərən qurumlar əhaliyə mesaj göndərdilər ki, artıq pulu onlayn ödəyə bilərsiniz. Sanki insanların pulu var və onu hansı yolla ödəməkdə əziyyət çəkirlər. Çox insan var ki, kommunal xidmət almaq, kreditini ödəmək üçün pulu yoxdur. Hökumət kommunal borcların ödənilməsi ilə bağlı addım atmalıdır. Elektrik limiti ilə bağlı yaxşı olardı ki, aylıq 200 kilovatt pulsuz olsun və ondan artıq istifadə edənlər ödəniş etsinlər. Adambaşına aylıq bir neçə kubmetr suyu da pulsuz etmək olardı”.

Samir Əliyev: Bu gün bağlanmaq riski ilə üzləşən banklar var

İqtisadçı ekspert Samir Əliyev

Ekspertin sözlərinə görə, bank kreditləri ilə bağlı da ciddi bir dəstək olmadı: “Sadəcə, dedilər ki, vətəndaş ödəyə bilmirsə, banklara müraciət etsin və  kredit şərtləri yüngülləşdirilsin, yəni məbləğ azadılsın və müddət uzadılsın. Ancaq vətəndaş işləmirsə, gəlir əldə etmirsə, o, istənilən məbləği ödəmək imkanında deyil. Bu sahədə də effektiv bir addım atılmadı. Çox təəssüf ki, kredit məsələsində də vətəndaşlar problem yaşayır. Bank kreditlərini 2020-ci ilin sentyabr ayına qədər dondurmaq olardı. İlin sonuna qədər ən azı belə bir addım atılmalıdır. Lakin bu zaman banklara da müəyyən güzəştlər edilməlidir, kompensasiya verilməlidir. Çünki banklar özəl kommersiya qurumlarıdır və dövlət onların əvəzindən qərar verə bilməz. Əgər qərar verirsə, o  zaman kompensasiya verməlidir. Çox təəssüf ki, bankların bağlanması da karantin dövrünə düşdü. İnsanlar burada vəsait itirdi, bu da ciddi gərginlik yaradır”.

İqtisadçı hesab edir ki, insanların kütləvi toplaşmadığı iş yerləri müəyyən şərtlər və qaydalar çərçivəsində açılmalıdır: “Qeyd olunan addımlar vəziyyəti bir qədər yüngülləşdirə bilər. Bundan əlavə, bərbərxanlar və gözəllik salonları kimi məkanlar işləməlidir. Çünki burada qaydalara riayət edilərsə, insanlar yoluxmaz. Yoluxma daha çox ictimai nəqliyyatda, bankların qarşısında, yas yerlərində və marketlərdə olur. Bu məkanlara nəzarət etmək lazımdır. İş yerlərini bağlamaq olmaz, insanların çölə çıxması da qadağan edilməməlidir. Vətəndaşlar qaydalara riayət etməklə, qoruyucu maskalar taxmaqla, sosial məsafə gözləməklə işə getməlidirlər. Sadəcə, qaydalar çox sərt qoyulmalıdır, qapalı yerlərdə maska məcburi olmalı, insanların bir yerə toplaşması ilə bağlı qadağaya nəzarət edilməlidir. İnsanlara imkan verilməlidir ki, şəxsi maşınlardan istifadə etsinlər, ictimai nəqliyyata doluşmasınlar”.

Xarici təcrübədən danışan S.Əliyev bəzi ölkələrdə yardımların verildiyini, kommunal və kredit borclarının dondurulduğunu, eyni zamanda əhalinin gəlir əldə etməsi üçün turizm sektorunu da açdığını vurğuladı: “Türkiyədə, Gürcüstanda, Amerikada və başqa bir çox ölkələrdə də əhaliyə maddi yardımlar verildi. Bu ölkələr həm də turizmlə bağlı şərtləri yüngülləşdirdilər. İndi ölkəmizdən də insanlar testdən keçərək Türkiyəyə gedə bilirlər. Halbuki indiki durum daxili turizmi inkişaf etdirmək üçün bir fürsət idi. Rayonlara yolu açmaq lazımdır, müəyyən şərtlər daxilində turizmə imkan yaratmaq lazımdır. Şərtlər belə olmalıdır ki, gedənlər koronavirus testindən keçməlidirlər, nəticəsi neqativ olanlar 15 gün, 1 ay geri dönməmək şərtilə Bakını tərk edə bilsinlər. Bu zaman rayonlarda yoluxmanın artması riski də aradan qalxır. Çimərliklər də açıla bilər, dəniz kənarında insanlar rahatlıqla məsafə saxlaya bilərlər. Say baxımından məhdudiyyət tətbiq etməklə həmin obyektləri açmaq lazımdır. Bu həm turizm obyektlərinin gəlirlərini artırır, həm də cəmiyyətdə stress faktorunu azaldır, insanların sağlamlığı möhkəmlənir. Hökumət bu məsələlərə təkrar baxmalıdır”.