|
Dünyanın böhran dövrünün işsizlik siyasəti

Sahil Babayev: “Dövlət və özəl sektor üzrə əmək müqavilələrinin sayında 7 faizlik artım baş verib”

Koronavirus pandemiyası bütün dünyada işsizlərin sayının artmasına gətirib çıxarıb. Bəzi yerlərdə, məsələn, ABŞ-da işsizlik daha sürətlə artıb - 3,5 faizdən 15 faizə qədər. Şimal qonşumuz olan Rusiyada işsizliyin 3 dəfə artması qeydə alınıb.

Avropa Birliyində isə artım çox cüzidir - 6,4 faizdən 6,7 faizə. Bilavasitə 19 ölkənin daxil olduğu avrozonada isə işsizlik 7,3 faizdən 7,4 faizə qalxıb. Avropa Birliyi buna işçiləri dəstəkləməyə yönəlmiş çoxmilyardlı proqramlarla nail olub. Hökumətlər virusun yayılmasının işçilərə təsirini azaltmaq üçün əmək bazarına dəstək proqramlarından istifadə edib. Bu proqramlar işçilərin əmək haqqının böyük hissəsinin dövlət tərəfindəm ödənməsini nəzərdə tutur. Bundan əlavə, işəgötürənlərə - biznesə güzəştli kreditlər təqdim olunur.

Avrozonanın ən böyük iqtisadiyyatı olan Almaniyada iyun ayında 6,7 milyon insanın əmək haqqı dəstək proqramlarından ödənilib. Proqrama əsasən qısa saatlar işləyən işçilərə, ya da heç işləməyənlərə maaşlarının ən azı 60 faizi ödənməlidir.

Fransada karantin dövründə işçilərin əmək haqqının 84 faizini dövlət ödəyib. Ümumilikdə, birlik ərazisində 40 milyon nəfərdən yuxarı insanın əmək haqqına dövlət yardım edib. İyulun əvvəlinə olan məlumata əsasən, AB ərazisində işsizliyin artması dayanıb. İnsanlarda işləyib qazanmaq imkanlarına inam yenidən artıb. Fransada isehlakçı indeksində enmə yüksəlişlə əvəz olunub, İspaniyada pərakəndə satış 20 faizə qədər artıb. Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard hesab edir ki, artıq ən pis vəziyyət arxada qalsa da, ən çətin və mürəkkəb dövr indi başlayır: iqtisadiyyatı böhrandan çıxarmaq.

ABŞ-da koronavirus: hər bir dövlətin COVID-19 pandemiyası ilə necə ...

ABŞ-da da dövlətin həyata keçirdiyi dəstək proqramları, həmçinin sərt karantin tədbirlərinin aradan qaldırılması nəticəsini göstərməkdədir. ABŞ Əmək Nazirliyinin məlumatına görə, qeyri-aqrar sektorda çalışanların sayı iyunda 480 min nəfər artmaqla rekord həddə çatıb. Ötən ay ölkədə işsizlərin sayı 3,2 milyon nəfər azalmaqla 17,8 milyon nəfər təşkil edib.

Azərbaycanda da dövlət pandemiyanın işsizliyə təsirlərini azaltmaq üçün bir sıra addımlar atıb. Belə ki, zərərçəkən sahələrdə çalışan işçilərin əməkhaqqının 50-100 faizi aprel-may aylarında dövlət tərəfindən ödənilib. Turizm sektoru üzrə bu paket hələ də davam edir. Bununla bağlı prezident İlham Əliyev Ümumdünya Turizm Təşkilatının rəhbəri ilə videogörüşündə məlumat verib: “Pandemiya dövründə biz bu sahədə işləyən insanlara maddi dəstək göstərmişik, çünki onlar praktiki olaraq işsiz qalıblar. Sahə bərpa olunmağa başlayana qədər bu dəstək göstəriləcək.

Biz turizm sektorunun işçilərinin əmək haqqının çox hissəsini ödəmişik ki, onların dolanışıq üçün vəsaiti olsun və bu sahədə sahibkarlar kadr potensialını qoruyub saxlaya bilsinlər. Mənə təəssüflə məruzə edirlər ki, işçilərin sayı müəyyən qədər ixtisar edilir. Buna görə mən hökumətə təlimat vermişəm ki, bu məsələyə baxılsın və turizm sektorunun dəstəklənməsi davam etdirilsin".

Göründüyü kimi, dövlət dəstəyinə baxmayaraq, böhranın ağır təsirinə məruz qalan sahələrdə işçilərin işxtisarı təhlükəsi böyük olaraq qalır. Hökumətin bir neçə gün əvvəl icrasına başladığı iki proqramın bu sahədə vəziyyətə müsbət təsir göstərəcəyi gözlənilir. Belə ki, sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, pandemiyadan zərər çəkən sahələrə dövlət dəstəyinin gücləndirilməsi məqsədilə sahibkarlığın maliyyələşdirmə alətləri genişləndirilir. Bu proqramlarda sahibkarlar üçün dövlət zəmanəti olmayan 1 milyard manat həcmində mövcud kredit portfelinə dəstək, eləcə də 500 milyon manat həcmində yeni kreditlərin 60 faizinə dövlət zəmanəti verilməsi və faizlərin subsidiyalaşdırılması nəzərdə tutulur.

Sahil Babayev: “Yüksəliş” müsabiqəsinin hər mərhələsi yeni ...

Sahil Babayev

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin dediyinə görə, pandemiya dövründə dövlət sektoru üzrə 910 min iş yerinin qorunması təmin edilib: “Həmçinin özəl sektorda iş yerlərinin qorunması işləri aparılıb. Hətta özəl sektorda cari ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 110 min və ya 17 faiz artıb”.

Nazir qeyd edib ki, hazırda özəl sektorda 750 min əmək müqaviləsi ilə çalışan var: “Dövlət və özəl sektor üzrə əmək müqavilələrinin sayında isə 7 faizlik artım baş verib. Əmək müqavilələrinin artımı kölgə iqtisadiyyatının azaldılması, qeyri-formal məşğulluğun  leqallaşdırılması hesabına yaranır. Əmək müqavilələrinin artımı əməkhaqqı fondunun artmasına da səbəb olub. Bu ilin 6 ayında ölkədə əməkhaqqı fondu 8 faiz artıb. Bu, formal məşğulluğun əhatəsinin genişləndirilməsi baxımından da çox önəmlidir”.

Əmək kitabçaları dövriyyədən niyə çıxarılmır? - Fazil Talıblı ...

Fazil Talıblı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimayyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblının “Yeni Müsavat”a verdiyi məlumata görə, Azərbaycanda işsizliyin ölçülməsində dünyada ən mütərəqqi yanaşma kimi Beynəlxalq Əmək Təşkilatının metodologiyası götürülür: “Bu metodologiya əsasında da ”Məşğuluq haqqında" Qanunda göstərilir ki, işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, məşğulluq orqanında işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Hazırda Azərbaycanda işsizlik 5 faiz səviyyəsində qalır və pandemiya dövründə də məşğulluğa və sosial rifaha dəstək tədbirləri nəticəsində işsizlik səviyyəsi artmayıb və əmək bazarında sabitlik davam edir. 2018-ci ilin əvvəlindən Azərbaycanda tətbiq olunan işsizlikdən sığorta sistemi işsiz şəxslərin iş yerini itirdiyi andan onun yeni iş yeri tapanadək olan dövrdə itirilmiş gəlirlərinin tam və ya qismən kompensasiyasına, əmək bazarına təkrar qaytarılmalarına kömək göstərilməsinə xidmət edir. Bununla da həmin vaxtdan “işsizlikdən müavinət” anlayışı “işsizlikdən sığorta ödənişi” ilə əvəzlənib. Onun məbləği isə işsiz şəxslərin itirilmiş əmək haqqı formasında gəlirlərinin məbləğinə görə müxtəlifdir. Belə ki, işsizlikdən sığorta ödənişinin məbləği sığorta stajından asılı olaraq vətəndaşın itirilmiş orta aylıq əmək haqqının məbləğinə aşağıdakı faiz dərəcələri tətbiq olunmaqla hesablanır: sığorta stajı 3 ildən 5 ilə qədər olduqda - 50 faiz; sığorta stajı 5 ildən 10 ilə qədər olduqda - 55 faiz; sığorta stajı 10 ildən yuxarı olduqda - 60 faiz. Onu da bildirim ki, sosial rifaha dəstək məqsədilə tədbirlərindən biri kimi, işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin müddəti də uzadılıb. Həmçinin işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi işləri aparılır. Bu məqsədlə hazırlanmış yeni qanunverciilik layihəsində əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişinin şamil edilməsi təklifi qeyd edilib".

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 3 saylı ...

Nazirlik rəsmisi qeyd edir ki, “pandemiya dövründə məşğulluğa dəstək tədbirlərindən biri kimi, prezident İlham Əliyevin tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılır”: “DOST İş Mərkəzi vasitəsi ilə son aylarda əlavə 23 min şəxs ictimai işlərə cəlb olunub və ictimai işçilərin sayı artıq 61 min nəfərdir. Dövlət başçısının tapşırığı ilə 2020-ci il üzrə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. Bu ilin ötən dövründə artıq 3500-dən çox şəxs proqrama cəlb olunub. Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi birgə icra olunan lSosial Bağlar» layihəsi özünüməşğulluq proqramının genişlənməsinə mühüm dəstəkdir. Layihə çərçivəsində ölkənin müxtəlif rayonlarında 2018-ci ildə 125 ailə, 2019-cu ildə isə layihənin növbəti mərhələsi kimi, 250 ailə üçün intensiv meyvə bağları salınıb. Ümumilikdə, layihə çərçivəsində son iki ildə 375 ailə üçün bağçılıq təsərrüfatları yaradılıb. Habelə banklarla da əməkdaşlıq həyata keçirlir. Aprelin 8-dən banklar tərəfindən proqram iştirakçılarına aktivlər verilməsi işləri aparılır və prosesə qoşulan bankların sırası getdikcə genişlənir. Eyni zamanda Dünya Bankı və Azərbaycan Hökuməti arasında ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlığı nəzərdə tutan ”Məşğulluğa Dəstək Layihəsi" üzrə kredit sazişi artıq imzalanıb. 2020-2025-ci illəri əhatə edən layihə üzrə bu müddətdə həssas əhali kateqoriyalardan olan 22 min işsiz şəxsin (o cümlədən 2 min nəfərinin 2020-ci il üzrə) proqrama cəlb edilməsi və kiçik biznesinin yaradılması nəzərdə tutulur. Qeyd edilənlərlə yanaşı, BMT-nin İnkişaf Proqramı ilə birgə layihə üzrə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək verilir".

Onu da bildirək ki, Azərbaycanda işsiz və qeyri-rəsmi çalışaraq karantin dövründə işə çıxa bilməyən 600 min şəxsə 190 manat müavinət ödənilir. Bütün ölkə üzrə 2 dəfə ödəniş həyata keçirilib. İyunun ortalarından etibarən yenidən sərt karantin tədbirlərinin həyata keçirildiyi ərazilərdə yaşayan belə şəxslərə 3-cü dəfə ödəniş ediləcək. Nazir S.Babayevin verdiyi məlumata görə, ölkə başçısının tapşırığına əsasən xüsusi karantin rejiminin sərtləşdirildiyi 16  şəhər və rayon üzrə 287 min şəxsə birdəfəlik 190 manat ödəmə veriləcək.

Nazir deyib ki, bununla bağlı artıq qərar layihəsi hazırlanıb və yaxın günlərdə Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. İşsiz şəxslərə və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə bu ödəmə veriləcək. Beləliklə,  xüsusi karantin rejiminin sərtləşdirildiyi ümumilikdə 16 şəhər və rayon üzrə 287 min insana  yaxın günlərdə  bank kartları vasitəsilə bu ödəniş veriləcək. Bu məqsədlə 55 milyon manat vəsait ayrılıb.

Onu da bildirək ki,  sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda  2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək  uzadılıb. Verilən rəsmi açıqlamalara görə, başqa ərazidə qeydiyyatda olub, faktiki bu ərazilərdə yaşayan şəxslər də 190 manat müavinəti alacaqlar.

Biznesə isə indiki karantin tədbirlərinə görə əlavə dəstək nəzərdə tutulmur. Bu barədə Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın brifinqində açıqlama verib. Turizm istisna olmaqla, digər sektorlarda əmək haqqına dəstək proqramı da dayandırılıb. Bir sıra ekspertlər yaxınmüddətli dövrdə əlavə dəstək tədbirləri tətbiq olunmasa, ölkədə işsizliyin kəskin artacağını proqnozlaşdırırlar.