“Təxribat xarakterli ”məlumatları" həmin saytlarda Ermənistan kəşfiyyatı yerləşdirib"
Son 10 gündə İranda 4 böyük yanğın və partlayış baş verib. Onlardan ən səs-küylüsü İranın Natanz nüvə obyektində iyulun 2-də baş verən yanğındır. Yanğın qısa vaxt ərzində söndürülüb, yanğın olan binada nüvə və digər radioaktiv materiallar olmayıb və bu zaman radioaktiv çirklənmə baş verməyib. Yanğın zamanı heç kim xəsarət almayıb.
Bəs nüvə obyektində yanğına nə səbəb olub?
Nüfuzlu “Nyu York Tayms” qəzeti mənbələrinə əsasən yanğının İsrail kəşfiyyatının işi olduğunu iddia edib. İsrail rəsmiləri adətən bu xəbərləri nə təsdiq, nə də təkzib edirlər.
İki versiya irəli sürülüb. Birinci versiyaya görə, yanğına səbəb hansısa raketin nüvə obyektinə düşməsi olub. İkinci versiya isə bundan ibarətdir ki, partlayıcı qurğu hansısa yolla içəri keçirilib. Ekspertlər ikinci versiyaya üstünlük verirlər. Çünki İran tərəfi partlayışa səbəb olan raketin qalıqlarını aşkar etməyib.

“Atlas” Araşdırmaları Mərkəzinin sədri Elxan Şahinoğlu bu barədə şərhində bildirdi ki, yanğına məruz qalan nüvə mərkəzi İran üçün vacib əhəmiyyət kəsb edir. Bu mərkəzdə nüvə elementləri zənginləşdirilir. Yanğın nəticəsində isə yüksək texnoloji avadanlıqlar sıradan çıxarılıb. Başqa sözlə, yanğın İranın nüvə çalışmalarını bir qədər ləngidib: “Partlayış obyektin üst mərtəbəsində baş verib. Mərkəzin yerin altında da mərtəbələri var. Ona görə ekspertlər düşünürlər ki, növbəti hücumdan qorunmaq üçün mərkəzdəki bütün avadanlıqlar alt mərtəbələrə yerləşdiriləcək.
Maraqlıdır ki, son hadisə 10 gün ərzində İranda baş verən dördüncü partlayışdır. İyunun 26-da Tehran yaxınlığındakı hərbi kompleksdə partlayış baş verib. Bu hadisədən 4 gün sonra Tehran yaxınlığındakı xəstəxanada partlayış baş verib. Hadisə zamanı 19 nəfər həlak olub. Nəhayət, bir neçə gün əvvəl İranln qərbindəki elektrik stansiyasında transformator partlaması nəticəsində güclü yanğın baş verib. Beləliklə, İrandakı nüvə və hərbi mərkəzlər hədəfə götürülüb".
Ekspertin sözlərinə görə, bu hadisələrin Azərbaycanla yaxından uzaqdan əlaqəsi yoxdur: “Buna baxmayaraq, Ermənistandakı saytlar guya İrandakı mərkəzlərə tuşlanan raketlərin Azərbaycandan havaya qalxdığını yazıblar. Aydındır ki, bu ”məlumatları" həmin saytlarda Ermənistan kəşfiyyatı yerləşdirib. Məqsədləri bu yolla İranla Azərbaycan arasında gərginlik yaratmaqdır".
Elə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada da erməni təxribatına diqqət yetirilib: “Bu cür məlumatın yayılması Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədini güdür. Tamamilə aydındır ki, iki ölkə arasında xoş münasibətlərə zərər vurmaq məqsədilə yayılmış məlumat şər və böhtandan başqa bir şey deyil. Bildiririk ki, Azərbaycan ərazisindən qonşu ölkə olan İran İslam Respublikasına qarşı indiyədək heç bir addım atılmayıb və bundan sonra da atılmayacaq”.
Politoloq deyir ki, əslində Ermənistanın yaydığı saxta məlumatlar həm də İsrailin əleyhinə yönəlib: “Halbuki, Ermənistan hakimiyyəti son aylarda İsraillə əlaqələrini genişləndirib, hətta bu dövlətdə səfirliyini açmaq istəyir. İndi isə rəsmi İrəvan demək istəyir ki, İsrail Azərbaycan ərazisindən istifadə edərək İrana raket ”zərbələri" endirib. Əgər İrandakı partlayışlarda İsrailin əli varsa, bu dövlət təkbaşına hərəkət edib. Digər tərəfdən, ekspertlər partlayışların obyektlərin içərisində baş verməsi ehtimalını yüksək qiymətləndiriblər. Raketlə vurulma ehtimalı azdır. İranda 2000-ci illərdə nüvə mərkəzlərində çalışan bir neçə alim müəmmalı şəkildə qətlə yetirildi. Bunu da kim edibsə təkbaşına edib. Azərbaycan belə oyunlarda iştirak etmir. Bizim bir hədəfimiz var, o da işğalçı Ermənistandır".
