|
Dünyada neft emalı sənayesi böhrandan çıxa bilmir

Avropa və ABŞ-dakı zavodlar bağlanma təhlükəsi ilə üzləşir

Dünya neft bazarında qiymətlər yeni həftəyə ciddi artımla başlayıb. Belə ki, Londonun ICE birjasında Brent neftinin qiyməti 43 dollara, Nyu-Yorkun NYMEX birjasında WTI neftinin qiyməti isə 41 dollara yaxınlaşır. Ötən həftə ərzində hər iki markanın qiymətində 4 faiz bahalaşma qeydə alınıb.

Ekspertlər bunu dünya iqtisadiyyatında pandemiyanın yaratdığı böhrandan sonrakı bərpa prosesinin sürətlənməsinə dair məlumatlarla izah edirlər. Xüsusilə ABŞ-da ehtiyatların azalması, işsizlik səviyyəsinin düşməsi, məşğulluğun artmasına dair xəbərlər neft bazarına pozitiv təsir göstərib.

Bununla yanaşı, ABŞ-ın ayrı-ayrı ştatlarında koronavirusa yoluxma hallarının yenidən çoxalması neftə olan tələbatın artması imkanlarına mənfi təsir göstərir. Bundan əlavə, ABŞ-da Müstəqillik günü ilə bağlı bayram günlərində insanların səfər göstəricilərinin də investorlar üçün mühüm əhəmiyyət daşıdığı bildirilir. Bu səfərlərdə canlanma qeydə alınmasa, neft qiymətlərində azalmanın olacağı gözlənilir.

Qeyd edək ki, iyulun sonunda OPEK+ çərçivəsində hasilatın mövcud azaldılması (gündəlik hasilat 9,7 milyon barel azaldılıb) kvotasının saxlanma müddəti başa çatır. Əgər ölkələr arasında müddətin yenidən uzadılmasına dair razılaşma əldə olunmasa, avqustdan etibarən gündəlik hasilat 2 milyon barel artırılacaq. OPEK+ ölkələri nazirlərinin monitorinq komitəsinin növbəti iclası iyulun 15-də keçirilməlidir. Görüş ərəfəsində mətbuata sızan xəbərlərin də dünya bazarına təsir göstərəcəyi gözlənilir.

Maraqlıdır ki, dünyanın ən böyük neft ixracatçılarından biri olan Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” Asiyada avqust ayında çatdırılacaq partiyalar üçün bütün növ neftin qiymətini qaldırıb. “Bloomberg” agnetliyinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, “Arab Light” markalı neftin bir barreli üçün artım 1,2 ABŞ dolları, digər neft növləri üçün isə 1 dollar/barel təşkil edir.

Saudi Aramco": Bakı Mərkəzi Asiyada fəaliyyətin idarəsi üçün ...

Qeyd edək ki, Səudiyyə Ərəbistanı təchizat qrafikini hər ayın əvvəlində istehlakçıların müraciətlərinə əsasən tərtib edir.

Bu arada dünya neft emalı sənayesi ciddi problemlərlə üzləşib. Avropanın ən böyük neft emalçılarından biri olan “Total SA” qrupunun rəhbəri Patrik Puyanne bildirib ki, neft emalında qazanc marjası katastrofik həddədir.

Hazırkı mərhələdə neft emalı sənayesində baş verənlər digər enerji sektorlarına da dalğavari təsirini göstərəcək. Çoxmilyardlıq dövriyyəyə malik iri zavodlarda minlərlə insan çalışır və indi üfüqdə bu müəssisələrin müflisləşməsi, fəaliyyətini dayandırması görünməkdədir.

“Goldman Sachs Inc.”in emal sənayesi üzrə analitiki Nikhil Bhandari hesab edir ki, neft emalə sənayesi “konsolidasiya dövrü”nə qədəm qoyur.

Ötən il dünya neft emalı sənayesinin “Exxon Mobil Corp.”  və “Royal Dutch Shell Plc.”  kimi nəhəngləri birlikdə 2 trilyon dollarlıq neft emal ediblər. Onlardan başqa, Çinin “Sinopec”, Hindistanın “İndian Oil Corp.” , həmçinin özəl “Marathon Petroleum Corp”, “Valero Energy Corp.” kimi emal şirkətləri bütün dünyada tanınır.

NEFT BAZARINI NƏ GÖZLƏYİR?

Nə qədər qəribə də olsa,bu gün dünya neft bazarının digər sektorlarını xilas edən “dərman” emal sənayesini məhv edir. Belə ki, hasilatın azaldılması emalın da azalmasına, bu isə zavodların gəlirinin düşməsinə gətirib çıxarır.

Yay adətən neft emalı üçün əlverişli dövr hesab olunur. Səfərlərin çoxalması benzinə olan tələbatı artırır. Lakin hazırda bunun əksi olan proses gedir və emal zavodları nə qədər az neft emal edirlərsə, əldə olunan benzin bir o qədər baha başa gəlir. Dünyada insanların hərəkətinin məhdudlaşması, xüsusilə Çində yenidən məhdudiyyətlərin tətbiqi, ABŞ-da benzinə tələbatın yüksək olduğu Texas, Florida, Kaliforniya kimi ştatlarda koronavirusun sürətlə yayılması emal məhsullarına olan tələbatı aşağı salır. Buna görə də emalçıların ən böyük qorxusu virusun yayılmasında ikinci dalğanın yaranması və yenidən fəaliyyətlərin dayandırılmasındandır.

Digər tərəfdən, dünyada başlanan bərpa prosesi da çox müxtəlif sektorlar üzrə fərqli səviyyədədir. Bu səbəbdən də müxtəlif  regionlarda müxtəlif məhsullara tələbatın artması emalçılar üçün əlavə başağrısı yaradır. Benzin və dizel yanacağına tələbat 90 faizə qədər bərpa olunduğu halda, reaktiv mühərrik yanacağına olan tələbat bəzi Avropa ölkələrində normal halda olanın 10-20 faizi həcmindədir. Buna görə də emal zavodları reaktiv yanacağın xeyli hissəsini dizellə qarışdırmaqla problemi həll etməyə çalışırlar. Lakin bunun üçün zəruri həcmdə dizel əldə etmək də problem yaradır.

US oil company appeals to end crude oil export ban

Beləliklə, neft emalı zavodları aylardır böyük gəlirlərdən məhrum olurlar. Onların emal üçün xammal almağa vəsaitləri çatışmamağa başlayıb.

Qeyd edək ki, Avropa və ABŞ-da uzun illərdir fəaliyyət göstərən emal zavodları Çində, Hindistanda və digər ölkələrdə yaradılan yeni zavodlardan texnologiya baxımından ciddi şəkildə geri qalmağa başlayıblar. Bu gerilik onların istehsal etdiyi məhsulun qiymətində bahalığa və yeni texnologiyalı zavodların məhsuluna uduzmasına gətirib çıxarır. Bu baxımdan, yaxın 5 ildə Avropa və ABŞ emal müəssisələrinin ciddi problemlərlə üzləşəcəyi gözlənilir.

Sahə üzrə məsləhətçi şirkət olan “Wood Mackenzie Ltd.”nin dünyada 550 emal zavodu üzrə apardığı qiymətləndirmələrə əsasən neft emalı sənayesinin ümumi gəliri 2018-ci ildəki 130 milyard dollardan bu il 40 milyard dollara düşə bilər. Bu, sektorda ciddi dəyişikliklərin katalizatoru ola bilər. Belə ki, yaxınmüddətli dövrdə işə salınacaq yeni emal güclərinin əksəriyyəti yanacağa tələbatın artdığı inkişaf etməkdə olan ölkələrdə yerləşir. Digər tərəfdən,Yaxın Şərqdə, Çində inşa olunan yeni zavodların əksəriyyətinə dövlətlər dəstək verir. Bütün bunlar Avropa və ABŞ-dakı emalçıların zərərinə işləyən faktorlardır.