|
Bakının ləngiyən müharibə qərarı:

Vaxt sülhdən qaçan işğalçıya işləmir - erməni generaldan xəbərdarlıq; azərbaycanlı politoloq: “Rusiya, Türkiyə və Azərbaycan arasında Qarabağ danışıqlarına başlamağın zamanı çatıb...”

ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyanatı bu formatda Qarabağ konfliktinin dinc və ədalətli həllinin qeyri-mümkünlüyünə şübhə yeri saxlamadı. Çünki nə qədər ki, işğala məruz qalan tərəflə işğalçı arasında bərabərlik işarəsi qoyulacaq, onlara eyni gözlə baxılacaq, hər iki tərəfdən eyni miqyaslı güzəştlər tələb ediləcək, başqa sözlə, problemin yoluna qoyulmasında beynəlxalq hüquq, BMT qətnamələri iqnor ediləcək və təcavüzkara heç bir məcburedici sanksiya tətbiq edilməyəcək, o zamanadək də “yük” yerindən tərpənməyəcək. İmitasiya xətrinə danışıqlar isə müharibənin bərpası ehtimalını daha da gücləndirəcək.

Bu da aydındır ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Rusiya amili həlledici olaraq qalır. Ən əvvəl də o səbəbə ki, Moskva qədər İrəvana ciddi təsir-təzyiq rıçaqı olan ikinci dövlət yoxdur. Əfsus ki, şimal qonşumuz bu rıçaqları işə salmağa tələsmir. Demək, çarə qalır Bakının Moskvanı bunda maraqlı eləməsinə.

*****

Sözsüz ki, bu xüsusda Rusiya ictimai rəyinə təsirin artırılması az önəm kəsb eləmir. Başqa sözlə, hələlik daha çox erməniyönlülüyü ilə fərqlənən Rusiya ictimai rəyini öz xeyrimizə dəyişməyi bacarmalıyıq. İlk növbədə də ona görə ki, Qarabağ uğrunda savaş təkcə səngərlərdə getmir, hətta daha çox diplomatik meydanlarda və təbliğat məkanlarında aparılır.

Təqdiredicidir ki, bu yöndə Azərbaycanın xeyrinə gəlişmələr də var. Məsələn, rusiyalı tarixçi alim və politoloq Oleq Kuznetsov Yandeks (Yandex) internet bazasında “Qarabağ: Rusiyadan baxış” informasiya kanalı açıb. Bu barədə alim Axar.az saytına özü bildirib.

“İlk dəfə olaraq rusiyalı elm xadimi Qarabağla bağlı qərəzsiz faktlar və müzakirələrlə dolu olacaq bir resurs yaradır. Kanalın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına dəstək olacağına inanıram”, - deyə o qeyd edib.

Kuznetsovun sözlərinə görə, o, bu ideya üzərində uzun müddət işləyib: “Düzünü desəm, bunu ideya adlandırmaq da doğru olmaz, çünki bu mənim içimdən gəlib. Uzun illərdir ki, müəyyən ”qara əllər" sayəsində Qarabağ həqiqətləri dünyaya başqa bucaq altında çatdırılır. Hətta Rusiyada bu münaqişə barəsində hərə bir söz danışır.

Kuznetsov Azərbaycan təcrübəsindən danışdı

Oleq Kuznetsov

Mən uzun illərdir Qafqazla bağlıyam və indi insanlar soruşurlar ki, reallıqda bu regionda nə baş verir. Bu kanal vasitəsilə insanlar faklarla möhkəmləndirilən, dəlillərlə dolu həqiqəti görə biləcəklər".

Buradaca qeyd edək ki, Oleq Kuznetsovun Qarabağ kanalını dəstəkləmək üçün müvafiq linkə daxil olub “Podpisatğsə” (“abunə olmaq”) düyməsini basa bilərsiniz.

Zaman-zaman ermənilərin hədələri ilə üzləşsə də, hətta məhkəməyə verilsə də, öz yolundan çəkilməyən Azərbaycan sevdalı bu rus ziyalısının haqq işimizə təmənnasız dəstək verməsi, əlbəttə ki, ən yüksək tərifə və qiymətə layiqdir. Yada salaq ki, ötən il o, Rusiya Dövlət Dumasında Xocalı soyqırımının tanınması üçün Rusiyada imza toplamaq kampaniyası təşkil eləmişdi.

Bütün bunları o, şəksiz ki, ən əvvəl Qarabağ gerçəyini, o sırada ermənilərin Qafqaza gəlmə xalq olduğunu çox gözəl bildiyi üçün edir. Eyni zamanda öz əsərlərində bu həqiqətləri mütəmadi şəkildə əks etdirir. Erməniləri qəzəbləndirən və təlaşa salan da budur ki, Oleq Kuznetsov Rusiya ictimai şurunda gerçəklikləri təbliğ eləməklə ermənilərin Qarabağ yalanlarını faş edir. O yalanların başında isə 1923-cü ildə Bolşeviklər Partiyasının Qafqaz Bürosunun qərarı ilə Dağlıq Qarabağın guya Azərbaycana verilməsi iddiası gəlir. Halbuki belə bir şey olmayıb. Qərarda açıq-aşkar yazılıb ki, “Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın”. Belə məsələlərdə də Kuznetsov kimi tarixçi-alimi aldatmaq əlbəttə ki, mümkünsüz və boşuna məşğuliyyətdir.

*****

Şübhə yox ki, Rusiya siyasi isteblişmenti də Qarabağ həqiqətlərinin kimin tərəfində olduğunu əla bilir. Di gəl, Kremlin bölgə ilə bağlı geosiyasi maraqları bu həqiqətlərin təntənəsinə imkan vermir. Bəs nə etməli? Analitiklərin bu yöndə maraqlı düşüncələri və təklifləri var.

“Bu gün Ərdoğan və Putin müəyyən məsələlərdə daha yaxşı dil tapırlar, nəinki Rusiya və Türkiyənin keçmiş tarixi liderləri. Məsələn, Lenin və Atatürk. Buna görə də Rusiya və Türkiyədə bu şəxslərin hakimiyyətdə olmasından istifadə edərək, biz münaqişənin həlli ilə bağlı digər çərçivələrdə də dialoqa başlamalıyıq”.

Zaur Məmmədov: “Cənubi Qafqaz “barıt çəlləyi”nə dönə bilər”

Zaur Məmmədov

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri “Bakı” politoloqlar klubunun sədri, ekspert Zaur Məmmədov deyib (Teleqraf.com). Çünki onun fikrincə, Rusiyada hakimiyyətlər dəyişərkən onların xarici siyasətlərində də böyük korrektələr edilir: “Tarix də göstərir ki, Rusiyada hakimiyyətdə qərbpərəst şəxslər olduqda, onlar daha ermənipərəst siyasətləri ilə seçilirlər. Amma avrasiyaçılar olduqda, onlar bir qədər türk və digər faktorları nəzərə alırlar”.

Politoloqa görə, Qarabağla bağlı Azərbaycan bir neçə istiqamətdə iş aparmalıdır. “İlk növbədə biz Türkiyə ilə hərbi-siyasi yaxınlaşmanı dərinləşdirilməliyik. Ərdoğanın hakimiyyətdə olmasından istifadə edib Rusiya, Türkiyə və Azərbaycan arasında Qarabağa dair danışıqlara başlamalıyıq. İkincisi, Rusiya və Azərbaycan arasında Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı müzakirələrə start vermək olar. Əlbəttə, Rusiyanın da Azərbaycandan istəkləri var. Bunlar strateji və dərin hədəflərini ehtiva edən istəklərdir. Üçüncüsü, Qərb dövlətlərində istər kütləvi informasiya vasitələri, istər beynəlxalq təşkilatlar, istərsə də parlamentarilərlə iş aparılmalıdır. Çünki sabah Azərbaycan öz ərazilərini hərbi yolla qaytarmaq istəyərsə, mütləq dünyanın da buna reaksiyasını nəzərə almalıdır. Bu halda erməni lobbisi və diasporundan maliyyələşən ekspertlərin, media qurumlarının və deputatların hansı həngaməni qoparacaqları bəllidir. Müasir dövrdə müharibələr təkcə səngərdə yox, eyni zamanda, informasiya məkanında, virtual dünyada aparılır. Unutmaq olmaz ki, müasir dövrdə müharibə etmək hüququ hər kəsdə olsa da, savaşa başlamaq monopoliyası hegemon ölkələrin əlindədir”, - deyə o qeyd edib.

Ekspert Kremlin heç bir vəchlə Cənubi Qafqazı başqa bir dövlətə güzəştə getmək istəmədiyini xatırladıb: “Rusiyanın milli təhlükəsizlik konsepsiyasında da açıq şəkildə Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeri göstərilir. Bu baxımdan, düşünürəm ki, bu, çox da asan olmayan, amma daha real olan məsələdir, nəinki kiminsə Ermənistanı kompromisə təhrik etməsi. Erməni xalqı bu gün də ”Böyük Ermənistan" ambisiyası ilə yaşayır. Ermənilər nə Dağlıq Qarabağ, nə də ətraf rayonlarla bağlı kompromisə getmək niyyətindədirlər, əsas hədəfləri də gələcəkdə qonşu dövlətləri işğal etməkdir".

Müharibə variantına gəlincə, politoloq hesab edir ki, o halda bizə bir sıra dövlətlərin neytral mövqedə qalması lazımdır. “Bu gün Azərbaycanın siyasi, iqtisadi və hərbi gücü imkan verir ki, Ermənistan ordusunu darmadağın etsin. Belə olacağı təqdirdə, bu, Ermənistan və ermənilərə aşkar bir təzyiq vasitəsi olacaq. Ermənistan başa düşəcək ki, onun arxasında olan bəzi ölkələr müəyyən məsələlərdə onun yanında yer almayacaqlar, o zaman da özlərini danışıqlarda indi apardıqları kimi apara bilməyəcəklər”.

*****

Bütün hallarda işğalçı Ermənistanda bilməmiş deyillər ki, danışıqların, böyük sülh anlaşmasının bir alternativi var ki, o da - müharibədir. Çünki Azərbaycan işğal rejimi ilə, atəşkəslə sonsuzadək barışmaq niyyətində deyil. Seçimi isə məhz təcavüzkar Ermənistan eləməli, nə qədər gec deyil, işğal olunmuş ərazilərdən mərhələ-mərhələ çəkilməlidir - təklif olunan ən optimal, mərhələli həll variantına uyğun olaraq.

“Biz Ermənistan ətrafındakı hərbi-siyasi vəziyyəti qiymətləndirərkən həmişə ondan çıxış eləməliyik ki, Azərbaycanla müharibə hələ bitməyib. Tərəflər arasında yalnız atəşkəs barədə razılaşma var, Azərbaycanla dinc, siyasi razılaşmamız yoxdur”.

“Yeni Musavat”ın məlumatına görə, bu sözləri Ermənistanın keçmiş müdafiə naziri, general-leytenant Vaqarşak Arutunyan yerli mediaya açıqlamasında söyləyib.

Şapoşnikov olmasaydı, Türkiyə Ermənistana müdaxilə edəcəkdi ...

Vaqarşak Arutunyan

Sözünə davam edən erməni general deyib: “Azərbaycan Silahlı Qüvvələri ”artsax"la (dırnaqlar bizimdir - red.) təmas xəttində və Ermənistanla sərhəddə dayanıb. Bu, o deməkdir ki, qərar vermə, səfərbərlik və müharibənin başlaması arasındakı vaxt intervalı olduqca azdır. Bunlar bilməli olduğumuz və heç vaxt unutmalı olmayacağımız reallıqlardır. Müharibə ehtimalı var. Hərçənd mən indi onu yüksək hesab etmirəm. Nə qədər qəribə olsa da, hətta Azərbaycan prezidenti İlham Əliyevin açıqlamaları da buna sübutdur. O, yaxınlarda bəyan elədi ki, müharibənin başlaması üçün uyğun şərtləri gözləyəcəklər. Bu, çox mühüm nəticədir, demək ki, bu gün belə şərait yoxdur".

Ancaq bu gün bu şərtlərin mövcud olmaması o demək deyil ki, sabah mövcud olmayacaq. Odur ki, zaman heç də böyük sülhdən qaçan ermənilərə işləmir. Əslində erməni generalın açıqlaması özündə həm də ermənilərə belə bir mesajı daşıyır...