Vüqar Bayramov: “Bu iki ölkə Azərbaycanın qeyri-neft məhsullarının daimi alıcısına çevrilə bilər”
Xəbər verdiyimiz kimi, iyulun 2-də Əfqanıstan prezidentinin təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyev, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə görüşü keçirilib. Görüşdə ölkələr arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, bir sıra vacib qərarlar alınıb.
Əfqanıstan prezidenti bildirib ki, ölkədəki Toraqundi limanı Azərbaycana birbaşa xətt çəkməyə imkan verib. Lapis Lazuli dəhlizindən danışan Əşrəf Qani bu kontekstdə enerji, tranzit, ticarət və investisiya məsələlərinin müzakirəsini təklif edib.
Azərbaycan Prezidenti qeyd edib ki, ölkədə nəqliyyat sektoruna qoyulmuş böyük investisiyalar sayəsində müasir nəqliyyat və logistika infrastrukturu yaradılıb: “2018-ci ildə 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilmişdir. Gələcəkdə bu limanın imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə qədər artırıla bilər. Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Azərbaycanda fəaliyyət göstərən müasir gəmiqayırma zavodunda 2013-cü ildən bu günə qədər 10 gəmi tikilmiş, 140 gəminin və platformaların təmiri həyata keçirilmişdir. Hazırda zavodda 2 ropaks bərə gəmisi və 3 neft tankeri inşa edilməkdədir. 2021-ci ildə əlavə gəmilərin tikilməsi nəzərdə tutulmuşdur. Bu gəmilər Xəzər dənizi vasitəsilə yükdaşımaların artırılmasına xidmət edəcəkdir. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilmişdir. Hesab edirəm ki, bu, tarixi hadisədir. Təsadüfi deyil ki, bu yola ”Dəmir İpək yolu" deyilir. Bu layihə qitələri birləşdirir. Azərbaycan Asiya və Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinə böyük töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu ilə 2020-ci ilin ilk altı ayında daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur".
Prezident qeyd edib ki, Şərq-Qərb nəqliyyat dəhlizi artıq tam şəkildə fəaliyyət göstərir: “2019-cu ildə bu dəhlizlə 8,7 milyon ton yük daşınmışdır. Bu ilin ilk dörd ayı ərzində bu rəqəm artıq 3 milyon tona çatmışdır. Azərbaycan, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Dəhlizin Azərbaycan seqmentində bütün işlər başa çatdırılmışdır. Bu dəhliz vasitəsilə keçən il 2,1 milyon ton, bu ilin ilk dörd ayı ərzində isə 800 min ton yük daşınmışdır. Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan Əfqanıstan və Türkmənistanla əməkdaşlıqda müsbət nəticələr əldə etmişdir. 2020-ci ilin birinci yarısında Ələt Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistan və əks istiqamətdə 1,5 milyon tondan çox yük aşırılmışdır. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz çoxdur. Aşırılan quru yükün həcmi 7,7 dəfə artaraq 370 min tondan çox olmuşdur. Türkmənistan tərəfi limanda tikilməsi nəzərdə tutulan gübrə terminalının idarə olunması üzrə yaradılacaq konsorsiumda iştiraka dəvət edilmişdir”.

İlham Əliyevin sözlərinə görə, Lapis Lazuli marşrutunun 2018-ci ildə Bakı-Tiflis-Qars dəmir yolu ilə birləşdirilməsindən sonra artıq Əfqanıstandan yüklər Türkmənistandan Azərbaycana, daha sonra Qərb istiqamətində daşınmağa başlanıb: “Bu ilin yanvar-may ayları ərzində Azərbaycan vasitəsilə Əfqanıstan istiqamətində və əks istiqamətdə 55,5 min ton yük daşınmışdır. Azərbaycan yük təyyarələri ilə həmin dövrdə ölkəmizə və digər ölkələrə məxsus 12 min tona yaxın yükü Əfqanıstana çatdırmışdır. Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib. Ölkəmiz Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilmişdir. Biz Şərq-Qərb nəqliyyat dəhlizinin imkanlarının daha da artırılması üçün səylərimizi davam etdirməliyik. Yükdaşımaların optimallaşdırılması üçün tariflərin unifikasiyasının həyata keçirilməsi vacibdir. Bugünkü görüşümüzün nəticələrinin və gələcək addımların müzakirəsi üçün ölkələrimizin nəqliyyat strukturlarının işçi görüşünün keçirilməsini təklif edirəm. Avropa İttifaqının Şərq-Qərb nəqliyyat dəhlizinə marağı artmaqdadır. 2019-cu ilin iyul ayında Azərbaycana səfər etmiş Avropa İttifaqı Şurasının prezidenti cənab Donald Tusk Ələt Beynəlxalq Dəniz Ticarət Limanına getmiş və limanın imkanları ilə yerində tanış olmuşdur. Artıq bir neçə Avropa ölkəsi bu dəhlizə qoşulmuşdur. Digər tərəfdaş dövlətlər də dəhliz vasitəsilə yükdaşımalara böyük maraq göstərirlər”.

Əfqanıstan prezidenti üç ölkənin nəqliyyat qurumlarının rəhbərləri səviyyəsində və digər müvafiq nazirliklərin iştirakı ilə operativ qərargahın yaradılması təklifini dəstəklədiyini qeyd edib. O, birgə qrupun hər rübdə hər üç prezidentə hesabat verməsini təklif edib: “Çünki belə olan halda ölkə rəhbərliyi səviyyəsində həll edilməli məsələlər olduqda biz onları tez həll edə bilərik və irəli gedə bilərik ki, bürokratiya səbəbindən iş dayanmasın.
Təhlükəsiz sistem üzərindən informasiya mübadiləsi çox mühüm əhəmiyyət kəsb edir. Bizim investisiyamız var və mən sonra bu məsələyə təkrar qayıdacağam. Biz Əfqanıstanda 8 ərazidə quru limanlar yaradırıq. Bu baxımdan iki liman - Akina və Toraqundi limanları hazırdır. Biz həm Azərbaycanın özəl sektoru, həm də Türkmənistanın dövlət sektoru ilə birgə əməkdaşlıq etməyə hazırıq. İkinci məsələ ondan ibarətdir ki, biz çox mühüm ticarət və enerjini inkişaf etdirmişik. Məqsədimiz Azərbaycandan Əfqanıstana enerji dəhlizini yaratmaqdır. Potensialda onu Pakistan və Hindistana genişləndirməkdir - Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz boru kəməri tamamlanana qədər orada gördüyümüz işlərə müvafiq olaraq. Bizim üçün maraqlı olan məsələ odur ki, enerji alışının növləri rəqabət xarakterli deyil, əksinə, bir-birini tamamlayır. Biz Azərbaycandan neft əldə edirik, dizel yanacağını və təbii qazı Türkmənistandan alırıq. Prezident Əliyev, Sizin göstərişinizə əsasən SOCAR bizimlə müqavilə bağlamışdır ki, tapşırığınızla Azərbaycandan Türkmənistana gedən axının proqnozlaşdırılması təmin olunsun".
Ə.Qani Əfqanıstanın fibroptik dəhlizlərə də malik olmaq istədiyini vurğulayıb: “Azərbaycanın bu fibroptik dəhlizlərə bağlantısı Çin də daxil olmaqla Cənubi Asiya, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında qarşılıqlı əlaqələrin simasını dəyişəcək. Biz əməkdaşlıq edirik, odur ki, bu, görülməli mühüm uyğunlaşdırmadır. Əgər biz özümüzün enerjiyə tələbatımızı və sizin enerji təklifinizi bir araya gətirsək, hesab edirəm ki, biz, proqnozlaşdırıla bilən biznes həcmini yaratmış olarıq. Bu da bizə təkcə həcm yox, eyni zamanda, bizim üçün mühüm olan miqyas baxımından tariflər və səmərəlilik məsələlərini həll etməyə imkan verir”.
Prezident İlham Əliyev birgə hökumət işçi qrupunun yaradılmasını dəstəkləyib: “Çünki bu gün bizim müzakirə etdiklərimiz yalnız nəqliyyat sahəsi ilə bağlı deyil. Biz investisiya, ticarətlə bağlı müzakirələr apardıq, telekommunikasiya barədə məsələləri müzakirə etdik. Bütün bu məsələlər çox mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, biz aidiyyəti hökumət üzvlərinə göstərişlər verə bilərik ki, hər tərəfdən bir işçi qrup yaradılsın və bizim müzakirə etdiyimiz bütün məsələləri - enerji təhlükəsizliyi, neft, neft məhsulları və qaz təchizatı məsələlərini, tariflərin unifikasiyasını, gömrük qaydalarını, investisiya imkanları ilə bağlı yeni ideyalarımızı əhatə etsin. Beləliklə, biz hazırıq. Türkmənbaşı ilə Siyəzən arasında fiberoptik kabel xətti ilə bağlı məsələlər - bu, sonradan Avropaya qədər və Əfqanıstan vasitəsilə sizin qonşularınıza qədər genişləndirilə bilər. Düşünürəm ki, biz təkliflərə nəzər sala və onları təsdiqləyə bilərik, bütün lazımi göstərişləri verərik və bu prosesi irəliyə apararıq”.
Göründüyü kimi, 3 ölkə rəhbəri arasında keçirilən görüşdə Azərbaycanın regional tranzit mərkəzi kimi rolunun daha da güclənməsinə imkan verəcək məsələlər müzakirə olunub.

Vüqar Bayramov
İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanla dəniz sərhədinə malik qonşu ölkə kimi Türkmənistanla iqtisadi-siyasi əlaqələrin dərinləşməsi mühüm əhəmiyyət kəsb edir: “Birincisi ona görə ki, Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində yerləşən bir neçə zəngin neft-qaz yatağı ilə bağlı fikir ayrılıqları mövcuddur. Münasibətlərin dərinləşməsi bu fikir ayrılıqlarının aradan qaldırılması və həmin yataqların birgə işlənməsi imkanlarını artırır. Digər mühüm məsələ Türkmənistanın və Azərbaycanın ikisi də ro-ro terminalına malikdir. Bu, ölkələr arasında yükdaşımaların artırılmasına imkan verir. Nəzərə alsaq ki, Asiyadan Avropaya yükdaşımaların iki istiqaməti olan İran və Rusiya ABŞ sanksiyalarına məruz qalır, o zaman yükdaşımaların Türkmənistan və Azərbaycan üzərindən həyata keçirilməsi imkanlarının daha da genişləndiyi aydın olur. Bu marşrut həm də vaxt baxımından yük sahiblərinə sərf edən bir marşrutdur. Bundan əlavə, Azərbaycan ərazisindən Türkmənistana fiberoptik kabel çəkilir. Bu kabel vasitəsilə İnternetin Türkmənistana, oradan isə Əfqanıstan və Asiyanın digər ölkələrinə ötürülməsinə imkan yaranacaq”.
Millət vəkilinin fikrincə, Əfqanıstan ABŞ və Qərbin diqqətində olan ölkədir: “Bu ölkə regionda vacib ölkələrdən biridir. İndiyədək Azərbaycan Əfqanıstana yükdaşımalarda mühüm rol oynayıb. Əlaqələrin genişləndirilməsi bu həcmlərin artmasına şərait yaradacaq. Nəhayət, həm Türkmənistan, həm də Əfqanıstan Azərbaycan məhsulları üçün əlverişli bazardır. Hələlik bu bazarın həcmi elə də böyük deyil, amma yaxın gələcək üçün Azərbaycanın qeyri-neft məhsullarının daimi alıcısına çevrilməsi çox realdır. Bütövlükdə 3 ölkə arasında əməkdaşlığın gücləndirilməsi ölkələr üçün iqtisadi baxımdan rentabellidir”.
