Bakıda nəqliyyatın hərəkətinin intensivliyini təmin etmək üçün sərt karantin rejimində polis postları ləğv edilsə də, bu, heç də sürücülərdə arxayınlığa səbəb olmayıb.
Musavat.com xəbər verir ki, paytaxt yollarında seyrəklik müşahidə edilir. Bu da əksər sürücülərin karantin qaydalarına əməl etməsi, lüzumsuz yerə yola çıxmaması ilə əlaqədardır.
Eyni zamanda icazəsiz hərəkət edən şəxslərin müşahidə kameraları vasitəsi ilə müəyyən olunacağının elan edilməsi, sürücüləri məsuliyyətli davranmağa vadar edib.
Hazırda şəhərin heç bir ərazisində polis postları, yoxlanışlar yoxdur, nəqliyyat normal hərəkətini davam etdirir. Postların ləğvindən sonra sürücülərin vəziyyətdən sui-istifadə edəcəyi gözlənilirdi.
Lakin müşahidələr və Bakı yollarındakı mənzərə belə deməyə əsas verir ki, bir çox sürücülər postların ləğvindən heç də arxayınlaşmayıb.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, hər kəs sərtləşdirilmiş karantin rejiminə ciddi riayət eləsin: “Yəni, “SMS icazə” almadan çölə çıxmasın, yaxud kimsə icazə portalında qeydə alınıbsa, ondan təyinatı üzrə istifadə eləsin. Polis postlarının götürülməsindən sui-istifadə hallarına yol verilməməlidir. Bu, hər kəsin ziyanına işləyə bilər.
İnsanların təcrid olunması, təmasın azaldılması - bu, yalnız onların sağlamlığı ilə bağlıdır. Düşünürük ki, kimsə sağlamlığını təhlükə altında qoyub, sui-istifadə hallarına yol verməyəcək.
Buna yol verən şəxslər aşkarlandıqda isə qanunun tələbinə uyğun olaraq barələrində müvafiq tədbirlər görüləcək”.

