|
Torpaqlarımız sürətlə şoranlaşır

Ekspertlər külli miqdarda vəsait tələb edən təkliflə çıxış edirlər...

AMEA-nın Coğrafiya İnstitutu ölkədə torpaqların şoranlaşması ilə bağlı narahatlıq doğuran açıqlama yayıb.  Bildirilib ki, Azərbaycanın 10 milyondan ibarət əhalisinin 6 milyonu şoranlaşmaya və səhralaşmaya qismən məruz qalmış ərazilərdə məskunlaşıb. AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutundan “Trend"ə verilən məlumata görə, bunu institutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov açıqlama verərək, dünyada böyük qlobal bir problemə çevrilmiş, Yer kürəsi sahəsinin dörddə birini əhatə edən və 110 ölkədə müşahidə edilən səhralaşma prosesinin Azərbaycan alimlərini düşündürən və öndə duran məsələlərdən olduğunu bildirib.

Ölkəmizin ərazisinin 60 faizi səhralaşmaya meylli subtropik ərazilərdən ibarətdir ki, Kür-Araz ovalığında yerləşən Mil düzü səhralaşma prosesinin ən intensiv getdiyi sahələrdəndir. M.Həsənov deyib ki, Mil düzündə yaranan qum təpələrinin gələcəkdə daha da artması torpaqlarımızın daha tez sıradan çıxması ilə nəticələnə bilər.

Problemlə bağlı “Yeni Müsavat”a açıqlama verən kənd təsərrüfatı üzrə ekspert  Nicat Nəsirli vurğuladı ki, bu gün kənd təsərrüfatında istehsalın qurulması üçün əsas problemlərdən biri də torpaqların erroziyaya uğramasıdır: “Əsasən də ölkəni aqrar məhsullarla təmin edən 40-a yaxın rayon var ki, sırf əkinçilik istiqamətində formalaşıb.  Bu rayonlarda da biz erroziyanın fəsadlarını görürük. Bu da müxtəlif formalarda ortaya çıxır. Külək erroziyası, çay erroziyası var. Araz çayı boyunca yerləşən rayonlarımız ki var, Sabirabaddan Füzuliyə qədər, bunlar aktiv əkinçilik rayonlarıdır. Bu rayonlarda çay erroziyası baş verir. Qışda çay öz mənsəbindən daşır, yayda isə çəkilir. Bu ərazilərdə isə erroziya əmələ gəlir. Səbəblər arasında su resurslarından səmərəli istifadə olunmaması faktoru da var”.

Nicat Nəsirli: “Kəndli toxumu torpağa atanda, dövlət gəlib ...

Nicat Nəsirli

Ekspertin sözlərinə görə, bizim əksər rayonlarımızda selləmə, suvarma metodundan istifadə edirlər ki, bu da torpaqda problem yaradır: “Bir hektara düşən su norması nəzərə alınmadan selləmə suyu ilə sahələr suvarılır. Fermer 100 hektarı suvarırsa, nə qədər su əraziyə daxil olur, suyun hamısı torpaq tərəfindən udulmur, qrunt suları ilə reaksiyaya girərək həmin ərazidə erroziya faktoru formalaşdırır. Əksər rayonlarda biz fermerlərimizdən bu şikayəti eşidirik ki, torpaqlar sıradan çıxır. Artıq fermer torpaqda əkin apararkən seçim edir, məhsuldarlığı nəzərə alır. Bizim qarşımızda duran əsas məsələ torpaqda erroziya proseslərinin qarşısını almaq, növbəti mərhələdə torpağı münbitləşdirmə tədbirləri həyata keçirməkdir. Bu torpaqların çox böyük hissəsi insanların pay torpaqlarına düşür. Həmin şəxslərin artıq başqa seçimi yoxdur. Ona görə də burada kompleks tədbirlər həyata keçirilməlidir. Həm melorativ tədbirlər olmalıdır, həm ekoloji tədbirlər, həm də fermerin özündən asılı olan məsələlər də var ki, onlar  əkin sahəsində həyata keçirilməlidir. Burada obyektiv səbəblərlə yanaşı subyektiv səbəblər də az deyil”.

N.Nəsirli vurğuladı ki, şoranlaşmış torpaqların yuyulması isə kompleks tədbirlər tələb edir: “Əsasən də melorativ işlər görülməlidir, drenaj kanalları qazılmalıdır, onlar şor suyu özünə çəkməlidir və həmin su axıdılır, ərazidən çıxarılır. Çox ağır, investisiya tutumlu və yalnız dövlətin gücünün çatacağı bir işdir. Bir çox bölgələrdə bu iş aparılıb və uğurlu nəticələr var. Mən özüm bu prosesi canlı şəkildə görmüşəm. Melorativ tədbirlər aparılan ərazilərdə artıq məhsuldarlıq göstəriciləri digər ərazilərdən daha yüksəkdir. Torpaq münbitləşib, nəfəs alıb. Bu isə fermerin gücündə olan məsələ deyil. Bir tərəfdən fermerin bununla bağlı təsəvvürü yoxdur, digər tərəfdən isə çox investisiya tutumlu məsələdir. Ağır tonnajlı texnika işləməlidir, kilometrlərlə drenaj kanalları qazılmalıdır. Bütün bunlar fermerin gücü xaricində olan məsələlərdir”.

Telman Zeynalov: “ETSN cərimələmə işlərini gücləndirsə, yaxşı olar”

Telman Zeynalov

Ekoloq Telman Zeynalov da “Yeni Müsavat”a danışarkən qeyd etdi ki, şoranlaşmış torpaqların məhsuldarlığını artırmaq üçün onları xüsusi metodla yumaq lazımdır: “Drenaj şəbəkələri yaradıb su ilə yuyulmalıdır. Kənd təsərrüfatı torpaqlarını şoranlaşmadan xilas etmək üçün drenaj şəbəkələri yaradıb, su axıdılmalı, onlar isə sızıb torpaqda olan şoranlığı təmizlənməlidir. Ancaq  məsələ burasındadır ki, buna milyardlarla pul lazımdır. Bütün Aran bölgəsi Xəzərin altında yerləşir. Bütün zona şoran ərazidir. Mən sovet dövründə Meliorasiya İnstitutunda işləyəndə laboratoriyamız var idi. Bu laboratoriyalar rayonlarda da var idi. Bu laboratoriyalar şoran torpaqlarla məşğul olurdu, drenaj şəbəkələr yaradırdılar, şoran torpaqları yuyurdular. Mütəmadi olaraq nəzarət altında saxlayırdılar. Müstəqillik əldə olunandan sonra həmin laboratoriyalar bağlandı”.

Telman Zeynalov onu da qeyd edib ki, ölkədə su probleminin olduğu deyilirsə də, o bu fikirlərlə razı deyil: “Lazım olan həcmdə suyumuz var. Kimsə suyumuz yoxdur deyirsə, yalan danışır. Su bizim ayağımızın altındadır. Əgər üç tərəfimiz dağdırsa, dördüncü tərəf dənizdir. Dağlara yağan qar əriyir, yeraltı yollarla gəlib dənizə tökülür. Bu isə o deməkdir ki, yerin altı sudur. Ona görə də, cənab Prezidentin göstərişi ilə Bərdə, Tərtər regionunun torpaqlarını suvarmaq üçün çoxsaylı artezian quyuları qazdılar. Bu yolla su problemini həll etmək olar”.