Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. Sədr bildirdi ki, gündəlikdəki 7 məsələnin hamısı üçüncü oxunuşda müzakirəyə çıxarılır. Bundan sonra müzakirələrə başlandı.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirdi ki, dəyişikliklər vətəndaşların dövlət orqanlarına müraciətlərini minimuma endirilməsinə xidmət edir. Komitə sədri deputatları qanun layihələrini dəstəkləməyə çağırdı.
Sədr Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş), “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş), “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş) və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihələri səsverməyə çıxartdı. Səs çoxluğu ilə layihələr ayrı-ayrılıqda qəbul edildi.
