|
ABŞ seçkiləri: noyabrdan sonra dünyada nələr dəyişəcək – rəylər

Tramp, yoxsa Bayden? İndi amerikalıları da, dünyanın liderlərini də bu sual düşündürür. Noyabrda onlardan biri Ağ Evin sahibi olacaq.

Hazırkı prezident Donald Tramp respublikaçıların növbəti seçkidə yenə namizədi olacaq. Ötən seçkidə demokratların namizədi Hillari Klintona qalib gələcəyinə çox adam inanmırdı, hətta Trampa dəlisov siyasətçi, qeyri-ciddi fiqur kimi baxanlar var idi.

Amma o, hamını təəccübləndirdi və Klintona qalib gəldi. Bu dəfə isə situasiya fərqlidir. Onun Co Baydenə qalib gələcəyini qəti söyləmək olmaz.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, çünki biznesmen Tramp ölkədə iqtisadi vəziyyəti pandemiyaya qədər yaxşılaşdıra bilsə də, hazırda proses əleyhinə çevrilib.

Politoloqun sözlərinə görə, hazırda ABŞ-da iqtisadi vəziyyət ürəkaçan deyil, üstəlik, infeksiyaya yoluxma üzrə dünyada liderdirlər.

“Epidemiyaya qədər rahatlıqla deyə bilərdim ki, noyabrda keçiriləcək seçkilərdə Trampın qələbə çalmaq şansları yüksəkdir.

Lakin virus başlayandan sonra onun üzləşdiyi çətinliklər, verdiyi açıqlamalar onun reytinqinə mənfi təsir etməkdədir. Trampın ilk günlərdə açıqlamaları ictimaiyyət tərəfindən ciddi qəbul olunmadı.

Şahinoğlu: “Bir neçə dövlət də Colan yüksəkliklərini İsrailin ...

Elxan Şahinoğlu: “Epidemiyaya qədər rahatlıqla deyə bilərdim ki, seçkilərdə Trampın şansları yüksəkdir”

O, gah dedi ki, koronavirus boş şeydir, sonra açıqlama verdi ki, dərman içirəm... və bütün bunlar Trampa müsbət xal qazandırmadı", - deyə siyasi analitik vurğuladı.

Ekspertin sözlərinə görə, ABŞ-da virusdan ölənlər 120 mini aşıb, iqtisadiyyat ciddi problemlərlə üzləşib: “İqtisadiyyatın ağır vəziyyətə sürüklənməsi Trampın günahı deyil. O, xeyli iş yerləri açmışdı.

Cəmi iki ayda həm yeni iş yerləri bağlandı, həm işsizlər ordusu yarandı. Hətta bu vəziyyəti 1929-cu il böyük Amerika böhranı ilə müqayisə edirlər".

E.Şahinoğlunun sözlərinə görə, baş verənlər tək Trampdan asılı olmasa da, hakimiyyətdə odur və reytinqinə təsir edir: “Üstəlik, Floydun qətli vəziyyəti gərginləşdirdi və Trampın reytinqini aşağı saldı.

Demokratların namizədi olan Bayden sorğularda üstün mövqeyə çıxıb. Əgər epidemiya davam etsə Trampın noyabrda qalib gəlməsi asan olmayacaq".

Politoloq hesab edir ki, virusa yoluxma azalsa, Tramp yeni iş yerləri yaratmağa başlasa, Baydenlə başabaş mübarizə aparacaq: “Eyni zamanda Trampın Baydenlə bağlı əlində arqumentləri var.

Hər nə qədər Bayden onu səriştəsizlikdə ittiham etsə də, Baydenin səhvləri az deyil. Onun Ukrayna prokurorunu işdən çıxarması başqa dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirilib.

Bundan başqa, oğlunun şirkətini Ukraynaya yerləşdirib və orada korrupsiya ilə məşğul olub. Tramp bu faktlardan seçkidə istifadə edəcək".

Bəs dünya siyasi düzənində nələrin dəyişməsi mümkündür?

Ramiyə Məmmədova: “Ərdoğana müxalif olan partiyaların sayı ...

Ramiyə Məmmədova: “Postpandemiya dövründə ABŞ-ın əsas mübarizəsi yenə Çin və İranla olacaq”

Bu suala cavab verən siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, Tramp yenidən prezident seçildiyi halda ABŞ başqa ölkələrdə “rəngli inqilab”lar həyata keçirməyəcəyinə sadiq qala bilər.

Onun sözlərinə görə, demokratların namizədi qalib gələrsə, ABŞ-ın xarici siyasətində Obama dövrünə qayıdış istisna deyil: “Onsuz da Baydenin adı başqa ölkənin işinə qarışmaqda hallanıb.

Demokratlar hakimiyyətə gələndə açıq müdaxilələr edirlər. Tramp isə bildirmişdi ki, heç bir ölkənin daxili siyasətinə qarışmaq fikri yoxdur.

Amma noyabrdan sonra yeni dünya görə bilərik. Nəzərə almaq lazımdır ki, həyat pandemiyadan əvvəlki deyil.

Ona görə postpandemiya dövründə ABŞ-ın əsas mübarizəsi yenə Çin və İranla olacaq. Rusiya yəqin ki, Trampın seçilməsini arzulayar. Baydenlə yola getmək asan olmayacaq".

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Nyu York (New York), Kentukki (Kentucky) və Virciniya (Virginia) əyalətlərində Demokrat Partiyanın ilkin seçkilərində ölkənin əvvəlki vitse-prezidenti Co Bayden (Joe Biden) öndə gedir.

“Associated Press”in açıqladığı nəticələrə görə, Kentukkidə zəfərini elan edən Co Bayden Nyu York və Virciniyadan da qalib çıxıb.

Demokratlar 17 avqust tarixində Viskonsin (Wisconsin) ştatının Miyoki (Milwaukee) şəhərində rəsmi olaraq prezident namizədlərini açıqlayacaq.

Respublikaçı Partiyadan hazırkı prezident Donald Trampı namizəd göstərəcək konqres isə 24-27 avqust arası toplanacaq.

ABŞ-da 3 noyabr 2020-ci ildə keçiriləcək seçkini qazanan namizəd 20 yanvar 2021-ci ildən Ağ Evdə prezident vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, sorğularda Donald Trampın Co Baydendən 14 bal geridə qaldığı məlum olur. Belə ki, “New York Times” və “Siena College” tərəfindən təşkil edilən anket nəticələrinə görə, Demokrat Partiyadan yeganə namizəd Baydenə dəstək 50, Donald Trampa isə 36 faizdir.

Co Baydenə daha çox qadınlar, qara dərililər və hispaniklər (İspaniya əsillilər), Trampa isə yeni tip korona virusu (COVİD-19) epidemiyası və irqçilik əleyhinə etirazları qarşısında etdiklərinə görə bəyənən seçicilər dəstək verir. 45 yaşdan aşağı olan seçicilərin 52 faizi Bayden, 30 faizi isə Trampın tərəfindədir.