ABŞ prezidenti Donald Tramp Florida ştatında tərəfdarlarından birinin irqçi xarakterli şüarlar səsləndirdiyi videonu “re-tvit” edib, yəni yenidən öz hesabında yayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, görünür, sonradan səhvini başa düşən dövlət başçısı həmin videomaterialı silib.
Bəhs olunan görüntülərdə bir nəfər Tramp əleyhdarlarına qarşı “ağ hakimiyyət” deyə qışqırırmış.
Lakin, necə deyərlər, “internetdə heç bir şey qeyb olmur”. Trampın re-tvit etdiyi video dərhal media və sosail şəbəkələrin dilinə düşüb. Hətta Respublikaçılar partiyasından olan afroamerikalı senator Tim Skott belə onu sərt şəkildə tənqid edib.
Sentaorun sözlərinə görə, ABŞ prezidenti ümumiyyətlə bu cür videonu əvvəldən yaymamalı idi.
Yaranan situasiyaya görə, Ağ Evin mətbuat katibi Cadd Dir açıqlama vermək məcburiyyətində qalıb. Onun sözlərinə görə, prezident Florida ştatının Te-Villics bölgəsinin təbiətinə heyrandır. Həmin hadisə də məhz sözügedən rayonda baş verib. Dövlət başçısı insanların orada nə səsləndirdiyinin öncə fərqinə varmayıb. Sadəcə, bir şəxsin onu belə şövqlə müdafiə etməsinə görə onun videosunu öz hesabına qoyub.
ABŞ mediasının fikrincə, hər bir halda prezidentin belə bir addımı ona seçki öncəsi rəğbət yaratmır.
