Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında Cinayət Prosessual Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.
Musavat.com xəbər verir ki, Məcəllənin müvafiq maddəsinə təklif olunan əlavədə bildirilir ki, xarici ölkədə yerləşən əmlakın müsadirə olunması barədə Azərbaycanda çıxarılmış hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindiyi tarixdən 5 gün müddətində icra olunmalıdır.
Əmlakın hüquqi yardım çərçivəsində xarici ölkədə müsadirə edilməsi, həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılmasının təmin olunması məqsədilə cinayət işi üzrə bütün materiallarla birlikdə Baş Prokurorluğa göndərilir.
Baş Prokurorluq xarici ölkədə yerləşən əmlakın müsadirə edilməsi və həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən, tələb olunan zəruri tədbirləri görməlidir.
Qanun 2020-ci il iyulun 15-dən qüvvəyə minəcək.
