|
Fransa-Türkiyə gərginliyi təhlükəli həddə çatıb

Fransa ilə Türkiyə arasındakı gərginlik getdikcə artmaqdadır. Aralıq dənizində fransız gəmilərinin türk gəmilərini yoxlama cəhdindən sonra başlayan qarşıdurma iki NATO ölkəsini savaş meydanına sürükləyir. Hər iki tərəfdən verilən açıqlamalar bunu deməyə əsas verir.

Türkiyənin xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, heç kəs NATO üzvü olan Türkiyə gəmilərini beynəlxalq sularda yoxlaya bilməz, bu cür hallar baş verərsə cavab veriləcək.

Fransa prezidenti Emmanuel Makronun son açıqlamaları isə daha diqqətçəkəndir. O, Parisdə Tunis prezidenti Kais Sayed ilə təşkil edilən mətbuat konfransında Türkiyənin Liviyadakı rolunun qəbuledilməz olduğunu deyərək, bunu sülhə maneə adlandırıb. Eyni zamanda Makron Türkiyəni BMT-nin Liviyaya tətbiq etdiyi silah embarqosuna məhəl qoymamaqda günahlandırıb.

Fransanın dövlət başçısı Avropa İttifaqını Liviyaya bütün xarici müdaxilələrin dayandırılmasına çağırıb.

Bu gərginliyin nə vaxta, hara qədər davam edəcəyi yönündə çoxsaylı suallar yaranıb.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi ...

Əhəd Məmmədli: “Fransa Liviyada Türkiyəyə məğlubiyyətini həzm edə bilmir”

Politoloq Əhəd Məmmədli bildirdi ki, bu qarşıdurma Türkiyə ilə Fransa arasındakı problemlərin dərinliyindən xəbər verir: “Qardaş ölkənin illərdir ki, Avropa Birliyinə qapısını bağlayan ölkələrdən biri də Fransadır. Bununla rəsmi Paris Avropada Türkiyənin hegemonluğunun qarşısını almaq istəyir. Unutmayaq ki, Fransa qondarma erməni soyqırımının tanıması ilə yanaşı bu qondarma soyqırımı təkzib edənə cinayət işinin açılması barədə sərsəm qanun da qəbul etmişdi. Avropada ən güclü erməni lobbisi Fransadadır. Bu dövlətdə PKK-çı terrorçular özlərini vətənlərində olduğu kimi hiss edirlər. Bütün bunlar Fransanın Türkiyəyə qarşı düşmənçiliyinin, qərəzinin göstəricisidir. Fransa vaxtilə Osmanlı Türkiyəsinə necə sığındığını yəqin unudub. Görün, bunlar nə qədər hədlərini aşıblar ki, beynəlxalq sularda suveren bir dövlətin gəmisini yoxlamaq istəyiblər. Adama deyərlər, Fransa, sən kimsən ki, neytral sularda Türkiyənin gəmilərini yoxlayırsan?! Ərdoğan da Makrona eyni cavabı verdi ki, sən kimsən?! Düz də dedi. Dünyada 3-4 dövlət var ki, özlərini dünyanın sahibi hiss edirlər. Elə bilirlər ki, harada istəsələr, kimə istəsələr müdaxilə edə bilərlər. Daha anlamırlar ki, artıq dünya beşdən böyükdür və bu böyüklərdən biri də Türkiyədir. Bir NATO ölkəsinin digər NATO ölkəsinin gəmilərini yoxlamaq istəməsi qəbuledilməzdir. Müttəfiq müttəfiqin gəmisini yoxlaya bilməz, yoxlamamalıdır. Türkiyə Fransadan şikayət etmək əvəzinə Fransa Türkiyədən şikayət edir. Adamın yadına bu yerdə ”Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı" misalı düşür. Türk hərbi gəmiləri tərəfindən Fransa gəmisinin hədəfə alınması düzgün, yerində verilən qərar idi. Bir də həddini bilməyən fransızlar və digərləri bilməlidirlər ki, türk gəmisini yoxlamağa cürət edib qalxsan, məhv olma hədəfinə tuş gələcəksən".

Politoloqun fikrincə, bu insident dərinə getmədən qapadılacaq: “Fransa Türkiyəni Liviyada bu cür provokasiyalarla dayandırmaq istəyir. Amma əbəs yerə çalışır. Fransa Liviyada Türkiyəyə məğlubiyyətini həzm edə bilmir. Rəsmi Ankaraya qarşı bu cür provokasiyalar Fransa, Rusiya və ya digər ölkələr tərəfindən təkrarlana bilər. Qardaş ölkə hər cür gedişata hazır olmalıdır ki, layiqli cavabını verə bilsin”.

Ərdoğan Putinə görə öz fikrindən imtina etməz" - Elxan Şahinoğlu ...

Elxan Şahinoğlu: “Türkiyənin qətiyyətli mövqeyi Fransanı narahat edir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyənin bölgədə rolunun artmasının bəzi dövlətləri narahat etdiyini söylədi: “İraq, Suriya və Liviyada hərbi əməliyyatlar həyata keçirilir. İraq və Suriyada Türkiyə terrorçulara qarşı savaşır. Liviyanın mərkəzi hökumətinə də dəstək verir. Bütün bunlar da Türkiyənin bölgədə artan rolundan xəbər verir. Bəzi dövlətləri bu narazı salır, narahat edir. Görünür, bunlardan biri də Fransadır. Çünki Fransa Liviyada qiyamçı Haftara dəstək verir. Haftar isə son döyüşlərdə məğlub oldu. Bu da Fransanı ciddi narahat edir. Ondan sonra fransız gəmiləri çalışdılar ki, türk gəmilərinə mane olsunlar. Amma bu alınmadı. Türkiyənin qətiyyətli mövqeyi Fransanı narahat edir. Təsadüfi deyil ki, Fransa prezidenti Emmanuel Makron tunisli həmkarı ilə görüşdə öz düşüncəsi ilə Türkiyəni tənqid etmək, hədələmək istəyib. Guya qardaş ölkə dağıdıcı rola malikdir. Halbuki Fransanın özü qiyamçı Haftara dəstək verməklə, faktiki, Liviyada vətəndaş müharibəsinə dəstək vermiş olur. Türkiyə isə hamının, beynəlxalq aləmin tanıdığı Liviyanın mərkəzi hökuməti ilə əməkdaşlıq edir. Fransa və Türkiyə NATO dövlətləridir. Rəsmi Parisin belə iddialarla çıxış etməsi NATO üçün də yaxşı heç nə vəd etmir. Bu cür çağırışlara, tənqidlərə baxmayaraq, Türkiyə öz siyasətini aparacaq. Qardaş dövlət bölgənin ən aparıcı güclərindən birinə çevrilib. Fransa bu prosesləri əngəlləyə bilmir və bilməyəcək”.