|
Rayonlarda yas mərasimlərinin qarşısını necə almaq olar - təklif

Deputatlardan həyəcanlı çağırış: “Vəziyyət daha da acınacaqlı ola bilər”

Ölkədə koronavirusa yoluxan və virusdan dünyasını dəyişənlərin sayı hər keçən gün daha da artmağa başlayıb. Mütəxəssislər bildirir ki, bunun əsas səbəblərindən biri də xüsusən rayon və kəndlərdə qaydalara zidd gedilərək, yas mərasimlərinin keçirilməsi ilə bağlıdır.

Bugünlərdə TƏBİB sədri Ramin Bayramlı da bu faktla bağlı danışarkən qeyd etmişdi ki, yoluxmaların çoxu yas mərasimlərində baş verir.  Onun sözlərinə görə, yasda insanların, xüsusilə qadınların bir yerdə toplaşması yoluxanların sayının kütləvi şəkildə artmasına səbəb olur. Hazırda ölkədə mart ayından, yəni xüsusi karantin rejiminin qüvvəyə mindiyi ilk gündən bəri dəfn ayinləri istisna olmaqla, yas mərasimlərinin keçirilməsinə qadağa qüvvədə olsa da, buna riayət edən azdır.

Mayın 4-dən sonra ticarət mərkəzləri, şadlıq evləri kimi ...

Baş infeksionist Cəlal İsayev də məsələ bağlı danışarkən bildirib ki, rayon, kənd yerlərində yas mərasimlərində virusa yoluxma daha çoxdur. Bu da ondan irəli gəlir ki, paytaxtda yas mərasimlərinin keçirilməsinin qarşısı müəyyən qədər alınsa da, rayonlarda bunu təmin etmək çox çətindir. Çünki rayon yerlərində insanlar yas mərasimlərini adətlərə uyğun keçirməyə çalışırlar.

Bəs rayon və kəndlərdə keçirilən yas mərasimlərinin, xüsusən də qadınların iştirakı ilə təşkil olunan ağlaşma məclisləri niyə qadağan olunmur? Hökumət bununla bağlı hansı tədbirləri görməlidir?

Fazil Mustafa: “Çoxlu sayda tanınmış insanın və övladlarının ...

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb:

“Ölkədə koronavirusa yoluxanların sayının bu qədər artması təkcə yas mərasimləri ilə bağlı deyil, bütövlükdə bütün sahələrdə vətəndaşların məsələyə ciddi yanaşmamasından qaynaqlanır. Yas mərasimləri də bunun içindədir. İnsanlara anlatmaq olmur ki, bunun hansı fəsadları ola bilər. Yəni xəstəxanaya düşdükdən sonra hamı ah-nalə edir və həkimlərdən mədət umur.

Belə bir acınacaqlı durumdur və bunun qarşısını da almaq mümkün deyil. Bu məsələdə optimist deyiləm. Çünki hər bir evə gedib qayda-qanun yaratmaq mümkün deyil. İnsan şüurlu şəkildə bilməlidir ki, sosial məsafə saxlamalıdır.

İnsanlara xəbərdarlıq edilir ki, yas və ya toy mərasimlərini müəyyən dar çərçivədə həyata keçirmək lazımdır. Lakin heç kim heç nəyi dəyişmək istəmir. Bu cəmiyyətin faciəsi ondadır ki, 30 il düşüncəsində dəyişiklik etməyərək, bu gün də qarşısına çıxan ekstremal situasiyada öz öyrəndiyi həyat tərzindən, anladığı stereotiplərdən uzaqlaşmaq istəmir. Yəni  yeni fikrə də, yeni yaşam tərzinə də baxışı budur. Bu da bizim olduqca acınacaqlı vəziyyətimizdir. Qarabağ məsələsi də belədir, biz onun da həlli yolunu tapa bilməyəcəyik. Çünki  qarşımıza bir labirint qoyulub və biz bunu necə aşacağımız barədə düşünmək istəmirik. Bu düşüncə məsələsində xeyli axsaqlıqlarımız var.

Düşünürəm ki, Azərbaycanda koronavirusla bağlı daha acınacaqlı durum yarana bilər, yəni gedişat ona doğru gedir".

Deputat Razi Nurullayev: Polis kimdir və nəçidir?

Millət vəkili Razi Nurullayev isə qeyd etdi ki, bu məsələ ilə Nazirlər Kabineti yanında Operativ Qərargah və TƏBİB məşğul olur: “Ölkəmizdə pandemiyanın qarşısının alınması üçün az qala hər 10 nəfərdən 1-i ekspert kimi təklif verir. Amma bütün səlahiyyətlər Operativ Qərargahda və TƏBİB-dədir. Mənə elə gəlir ki, Azərbaycanda koronavirusun bu qədər çoxalmasının qarşısıalınmaz bir hala çevrilməsi və bu təhlükənin qarşısının alınmasının məsuliyyəti qeyd etdiyim qurumların boynundadır. Əgər zamanında bu problemin qarşısı alınsa idi və daha az yoluxma olsaydı, Azərbaycan irəlidə olan ölkəyə çevrilsəydi, həmin qurumlara ”sağ ol" deyiləcəkdi. 

Düşünürəm ki, hər iki qurumun pandemiya ilə bağlı maarifləndirilmə və məlumatlandırılma ilə məşğul olan tərkibində dəyişiklik edilməli, yeni insanlar cəlb olunmalıdır. Bu yeni insanlar ölkənin tanınmış mütəxəssisləri, həkimləri olmalıdır.

Həqiqətən bu gün ölkəmizdə virusla bağlı təhlükəli vəziyyət yaranıb və buna görə də təxirəsalınmaz tədbirlər görülməlidir.

O ki qaldı yas mərasimlərinə, bunun qarşısını nə deputatlar, nə də adi vətəndaşlar ala bilər. Yenə də bununla bağlı qeyd olunan qurumlar verir. Onlar bu problemlə bağlı qərarı həyəcan təbili çalmalı və məsələni köndələn və ya tərs qoyub, çağırışlar etməli idilər ki, bu, qətiyyətlə olmaz. Lakin müşahidə edirik ki, hər şeyi ancaq çağırışla, təbliğatla, ancaq statistik məlumatları deməklə səciyyələndirirlər. Digər əməli tədbirlər həyata keçirilməlidir. Səhiyyə sistemimiz bunun altından çıxa bilmir. Onlara başqa cür və yaxud kənarda köməklik göstərilməlidir və sairə".